Gənc azərbaycanlı pianoçunun növbəti böyük uğuru

Ayan Məmmədli: “Bundan sonra mənim üzərimə düşən ən böyük vəzifə öz doğma respublikamı Avropada alacağım təhsildə böyük uğurlar əldə etməklə layiqincə təmsil etmək olacaq

Bu il Bakı şəhər T. Quliyev adına 12 saylı məktəbin “Fortopiano” ixtisası üzrə XI sinfinin məzunu olan respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın Vyana şəhərində Musiqi Konservatoriyasına imtahan verərək, tələbə adını qazanmaqla, böyük uğura imza atıb. Qeyd edək ki, Ayan Avstriyadan əvvəl Türkiyədə 5 universitetə qəbul olub. Sevindirici haldır ki, uzun illərdir musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin bu uğuru qazanmasında onun dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta AvstriyadaQran Pri” mükafatına layiq görülməsi zamanı əldə etdiyi təcrübələrin böyük rolu olub. Təsadüfi deyildir ki, Ayan Məmmədlinin istər Avropanın, istərsə də respublikamızın böyük səhnələrində göstərdiyi ifalar hər zaman geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanıb. Ayan orta məktəbdə təhsil aldığı zaman öz çalışqanlığı ilə hər il Bakı Atatürk Liseyində məktəb birincisi, T. Quliyev adına onbir illik musiqi məktəbində isə fortopiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatı və məktəbin Vyana Konservatoriyasının tələbəsi adını qazanan ilk məzunudur.

Ayan Məmmədli öz sevincini özəl olaraqPalitraya bölüşüb: “Çox sevinirəm ki, uzun illərdən bəri arzuladığım ən böyük istəyimə çatmışam. Mən klassik musiqi sənətini öyrənməklə məşğulam və hamıya yaxşı məlumdur ki, klassik musiqi sənətinin beşiyi Avropadır. Avstriyanın Vyana şəhəri isə Avropanın mədəniyyət mərkəzi hesab olunur. Bu şəhərin musiqi mərkəzləri ilə tanış olduqdan sonra bir daha əmin oldum ki, mən, həqiqətən burada dünya şöhrətli musiqiçilərdən daha da mükəmməl dərs ala biləcəm. Yeri gəlmişkən, mənim hazırki uğularımı əldə etməyimdə zəhməti keçən hər kəsə, xüsusən öz doğma müəllimlərimə - Gülnarə xanım Səfərovaya, Nazilə xanım Yaqubovaya, Vəfa xanım Abbasovaya, Xalq artistləri - Maestro Fəxrəddin Kərimova, Yalçın Adıgözəlzadəyə, Mustafa Mehmandarova öz dərin təşəkkürümü bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin biz gənc musiqiçilərin formalaşmasında dəstəyi və qayğısı danılmazdır. Hesab edirəm ki, bundan sonra mənim üzərimə düşən ən böyük vəzifə öz doğma respublikamı Avropada alacağım təhsildə böyük uğurlar əldə etməklə layiqincə təmsil etmək olacaq”.

İnanırıq ki, Ayan Məmmədli bundan sonra da hər zaman, hər yerdə birincilik adını qoruyub, saxlayacaq! Yolun daim açıq olsun, Ayan!

 

Fuad Hüseynzadə

Palitra.-2019.-2 oktyabr.-S.13.