Daşkənddə “Azərbaycanca
– özbəkcə, özbəkcə – azərbaycanca”
lüğətin təqdimatı olub
Daşkənddəki
Əlişir Nəvai adına Universitetdə Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə nəşr olunmuş “Azərbaycanca –
özbəkcə, özbəkcə – azərbaycanca”
lüğətinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan
universitetin prorektoru, professor Abdulxay Sadırov
layihənin uğurla həyata
keçirilməsinə görə AMM-nə öz
təşəkkürünü bildirib, ilk dəfə olaraq tərtib
edilən lüğətin əhəmiyyətindən
danışıb. O, xalqlarımızın eyni kökə və dilə malik
olmasına baxmayaraq müxtəlif dövrlər
ərzində dilimizə yabançı təsirlərin
olması nəticəsində xeyli yeni sözlərin daxil edildiyini və başqa
dillərin təsiri nəticəsində fərqlər
yarandığını bildirib. Alim vurğulayıb ki, məhz
mövcud çətinliklərin,
boşluqların aradan
qaldırılması məqsədilə bu
sözlük tərtib edilib.
AMM-in direktoru
Samir Abbasov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin qorunması, saflığı və
inkişafı ilə bağlı müvafiq
fərman və sərəncamlarını xatırladaraq
bunları dilimizə diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
O, Mədəniyyət Mərkəzinin fəaliyyətində ana dilimizin geniş
təbliğ olunduğunu, bu
məqsədlə AMM-in nəzdində tərcüməçilik
məktəbinin formalaşdığını diqqətə
çatdırıb. Direktor Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi ilə 2014-cü ildə “Azərbaycan-özbək,
özbək Azərbaycan” danışıq
kitabçasının və 2019-cu ildə lüğətin
tərtib edildiyini söyləyib.
Özbəkistan Elmlər
Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin
Mahmudov hər iki
ölkənin dilçilik sahəsində
mütəxəssislərinin ciddi səyi
ilə ərsəyə gətirilən lüğətdə
23 mindən çox söz
və ifadənin qarşılıqlı tərcümələrinin
öz əksini
tapdığını və ilk dəfə
hazırlanan bu lüğətin tərtibini
türk dünyası ölkələri
arasında tarixi hadisə kimi
dəyərləndirib.
“Özbəkistan-Azərbaycan” Dostluq
Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, lüğətin nəşrindən sonra xalqlarımız dillərimizin bir-birinə
necə yaxın olduğunu əyani
gördülər. Nəşrin hər iki
ölkənin alimləri, tədqiqatçıları üçün yeni imkanlar açacağını qeyd edib. Alim
yeni lüğətin hər iki dildə çoxlu tərcümə
layihələrinin və tədqiqat əsərlərinin
yaranmasına səbəb olacağını söyləyib.
Alim və tərcüməçi, nəşrin Özbəkistan
tərəfdən həmmüəlliflərindən olan Babaxan Şərif
lüğətin dilçilik sahəsində
yeni imkanlar
açdığını bildirərək onun
vasitəsi ilə türk
dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistan
arasında yeni və möhkəm körpü qurulduğunu deyib. Natiq lüğətin
imkanları, söz və ifadələrin
qarşılıqlı tərcüməsi, hər iki dildə verilmiş əlifbada
hərflərin transkripsiyası haqqında danışıb.
Digər natiqlər - professor Səadət Muhammadova,
dosent Gülbahor Aşurova və başqaları qədim, zəngin,
ortaq tarixi köklərə
malik Azərbaycan və özbək mədəniyyətlərinin
bəşər sivilizasiyasına böyük
töhfələr verdiyini, Şərq elmini, ədəbiyyatını, incəsənətini,
ümumilikdə dünya
mədəniyyətini zənginləşdirdiyini bildiriblər.
Tədbirdə universitetin tələbələrinin
iki xalqın tarixi dostluğuna, habelə ana
dilinə dair hazırladıqları ədəbi-bədii
kompozisiya təqdim edilib.
Qeyd edək ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutlarının Elmi Şuralarının qərarları ilə nəşr olunub.
Palitra 2019.- 8 oktyabr.-
S.12.