Moskvada Nəsiminin 650 illik yubileyi
münasibətilə rus dilində çap edilmiş
kitabın təqdimatı olub
Moskvada,
Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində
çap edilmiş “İ stal Putyom İstinı ya sam"
(“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı
olub.
AZƏRTAC
xəbər verir ki, kitab Azərbaycan Dövlət Tərcümə
Mərkəzi tərəfindən Moskva Yazıçılar
Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan
çıxıb. Dahi şairin 200-ə yaxın qəzəl,
rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin
yer aldığı kitabın tərtibçisi və “Ön
söz”ünün müəllifi Püstə Axundovadır.
Təqdimat
mərasimində Tərcümə Mərkəzinin əməkdaşı
Etimad Başkeçid çıxış edərək Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə
böyük şair və mütəfəkkir Nəsiminin 650
illik yubileyinin dövlət səviyyəsində qeyd
olunduğunu bildirib. Şairin irsinin ölkəmizdə sistemli
tədqiqi və təbliğinin ümummilli lider Heydər
Əliyevinin adı ilə bağlı olduğunu vurğulayan
E.Başkeçid xatırladıb ki, Ulu Öndərin təşəbbüsü
ilə Nəsiminin 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin
və əlàmətdàr hadisələrin yubileyləri
siyahısına daxil edilib. O, Tərcümə Mərkəzinin
İdarə Heyətinin sədri, Xalq yazıçısı
Afaq Məsudun görkəmli şairin əsərlərindən
ibarət kitabın Moskvada təqdim edilməsi münasibətilə
təbriklərini çatdırıb. Petrovsk Elm və İncəsənət
Akademiyasının (PEİA) vitse-prezidenti Valeri
İvanov-Taqanski Prezident İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar
hadisə adlandırıb. Dövlət Tərcümə Mərkəzi
ilə sıx əməkdaşlığından söhbət
açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə
Xalq yazıçısı Afaq Məsudun iştirakı ilə
Moskvada “Müasir Azərbaycan ədəbiyyatı
antologiyası” ikicildliyinin də təqdimatı keçirilib.
“Mən həmin antologiyaya daxil olan kitablara “Ön söz”
yazmışam. Azərbaycan mədəniyyəti və ədəbiyyatı
mənə tanış və doğmadır. Azərbaycanda mənim
“Zəfər və ilğım” kitabım tərcümə
edilib, “Ədəbiyyat qəzeti”ndə çoxsaylı hekayələrim
dərc olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bu
günlərdə Soçiyə səfəri, Rusiya lideri ilə
mehriban dostluq münasibətləri xalqlarımız
arasında əlaqələrin parlaq perspektivlərindən xəbər
verir”, - deyə V.İvanov-Taqanski vurğulayıb. PEiA-nın
həqiqi üzvü, filologiya elmləri namizədi Aleksandr
Rudnev Nəsiminin həyat və
yaradıcılığından danışıb,
böyük şairin irsinin Şərq xalqlarının mədəni
sərvəti adlandırıb. Azərbaycan
Yazıçılar Birliyi Moskva bölməsinin katibi,
şair və tərcüməçi Afaq Şıxlı
böyük Azərbaycan şairinin fəlsəfi
baxışlarından söhbət açıb, Nəsiminin
“Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan
Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər
Bağırov kitabın tərtibatçısı Püstə
Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli,
şair Sultan Mərzili və başqaları mütəfəkkir
şairin dərin poetik fikirləri, fəlsəfi
görüşləri, dövrün elmi-fəlsəfi
düşüncəsinin aydın ifadəçisinə
çevrilmiş müstəsna əhəmiyyətli ədəbi
irsindən danışıblar. Moskva Dövlət Pedaqoji
Universiteti filologiya fakültəsinin tələbələri Nəsiminin
fəlsəfi dünyasından söz açıb, şairin əsərlərini
oxuyublar.
İnstitutun
tələbəsi Anna Danilova AZƏRTAC-ın müxbiri ilə
söhbətində bildirib ki, Nəsimi poeziyası insan qəlbində
sözə, sənətə ehtiram, özünün
özünə hörmət, insanlara sonsuz sevgi hissləri
oyadır: “ Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq
poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim
üçün Nəsimi poeziya peyğəmbəridir. Mən
onu dahi rus şairi Puşkinlə müqayisə edə bilərəm.
Düşünürəm ki, “Nəsimi ili” sülh və əminamanlıq
ili olmalı, dahi şairin bəşəriyyətə
ünvanlandığı fikirləri əks etdirməlidir”. Tədbirdə
“Katyuşa” teatr məktəbinin üzvü Ruslan Əkbərov
Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa
edib. Məktəbin rəqs qrupunun
ifasında Azərbaycan rəqsləri təqdim olunub.
Palitra 2019.- 9 oktyabr.- S.13.