“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”

Ötən günQarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib. Tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev söyləyib ki, Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyanatı biz - Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi (Trend).

Onun sözlərinə görə, ölkə başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi: "Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik".

T.Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda - MDB-nin zirvə toplantısında vuruldu:

"Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yuxudan ayılsınlar, işğalçı rejimdən qurtularaq, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

AğdamdaQarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib

Yeri gəlmişkən, “Azərxalça”nın Ağdam filialında daQarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib. Tədbirdə Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı son vaxtlar Ermənistan rəhbərliyinin səsləndirdiyi sərsəm və cəfəng fikirlərə ciddi cavab idi: “Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Erməni vandallarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir”.

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov Qarabağ xalçaçılığının tarixindən, Qarabağ xalçalarının yaşadılması və təbliği üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd olunub ki, Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı torpaqlarımızın 20 faizi işğal edilib, qədim abidələrimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər qarət edilib. Talan edilmiş milli sərvətlərimiz sırasında olan xalçalarımız saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.

Vidadi Muradov deyib ki, "Azərxalça"nın ilk filialının məhz QarabağdaFüzuli rayonunun Horadiz şəhərində yaradılması heç də təsadüfi hal deyil. Bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Füzuli filialından sonra Səhmdar Cəmiyyətin Qarabağda daha 3 xalça emalatxanası – Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyətə başlayıb. "Azərxalça"nın FüzuliAğdam filiallarının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ağdamdakı emalatxananın açılışında Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. Bu filiallarda çalışan 250-yə yaxın toxucu qədim Qarabağ xalçalarına yeni həyat verir.

Vurğulanıb ki, Prezident İlham Əliyev beynəlxalq tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını səsləndirməklə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Bu, Azərbayacanın qüdrətli dövlət olmasının, ölkə başçısının qətiyyətinin beynəlxalq platformada növbəti təsdiqi idi.

Vidadi Muradov bildirib ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Qarabağın tarixini, maddi-mənəvi mədəniyyətini, etnoqrafiyasını, həmçinin Qarabağ xalçaçılığını da əhatə edir.

“Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”

Bu arada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuxarı Gövhər ağa” məscidinin təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən Fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, F. Şəfiyev deyib ki, bu, rəsmi Yerevanın işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməlidir.

“Məscidin tarixi tam aydındır – “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib (Rusiya sənədlərində azərbaycanlılar “Azərbaycan tatarları” kimi göstərilib).

Bərpa işlərində İranın “Part Saman Cahan” şirkətinin iştirakı təəssüf doğuran faktdır. Onu da əlavə edək ki, Şuşa məscidinin bərpası layihəsinin iştirakçılarından biri olan ICOMOS Armenia (International Council on Monuments and Sites) təşkilatının prezidenti Qaqik Gürcyan bu yaxınlarda Gövhər ağa məscidinin təmirinin yeganə belə layihə olmadığını bildirib, Ermənistan və Qarabağ ərazisindəki bir sıra digər müsəlman tikililərinin bərpası istiqamətində erməni və İran mütəxəssislərinin yeni planlarının olduğunu vurğulayıb. Ermənistanın IDeA (Initiatives for Development of Armenia) təşkilatının yaydığı son xəbərdə isə, bərpa işinə bu sahədə böyük təcrübəsi olan 12 iranlı mütəxəssisin dəvət olunduğu bildirilib. Onu da qeyd etmək lazımdır ki, vaxtilə İrəvandakı azərbaycanlılara məxsus Göy məscid 1990-cı illərdə məhz Fars məscidi adı ilə təmir və bərpa edilib.

Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin qorunması adı ilə Ermənistan və qondarma “DQR” ilə əməkdaşlığa müxtəlif xarici qurumlar qoşulub və bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Müvafiq beynəlxalq normalara zidd olan belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən pislənməli və müvafiq dövlətlər tərəfindən xarici mütəxəssis və şirkətlərin bu işdə iştirakının qabağı alınmalıdır”, - deyə mərkəz sədri əlavə edib.

Fuad Hüseynzadə

Palitra  2019.- 15 oktyabr.- S.11.