Ceyhun Bayramov: “Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır”

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişafmövzusunda konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, habelə beynəlxalq təşkilatların, işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri açan Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafında prioritet istiqamətlərdən biri modernləşdirmə və qabaqcıl beynəlxalq təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Qloballaşma şəraitində Dünya Dəyər Zəncirində iştirak, dünya iqtisadiyyatına inteqrasiya yolu ilə ölkəmizdə insan kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi milli təhsil sistemi qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla, bütün seqmentlər üzrə ixtisaslı kadrlar hazırlanmasında, məşğulluğun təmin edilməsində, istehsal məhsulunun keyfiyyət səviyyəsinin artırılmasında, idxaldan asılılığın azaldılmasında müstəsna əhəmiyyətə malikdir.

Nazir bildirib ki, son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət yetirir. O qeyd edib ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Yol xəritəsində işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.

Nazir qeyd edib ki, peşə təhsili sisteminin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, inkişafın əsas səbəblərindən biri işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu gün qarşımızda duran əsas çağırışlardan biri də peşə təhsilinə marağın və peşə təhsilinin nüfuzunun artırılmasıdır. Bu təhsilə uğursuz karyera seçimi kimi baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili mərkəzlərinə peşəkarların hazırlanması məkanı kimi baxılmalıdır.

“7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulmasına start verilib

Nazir bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Cari tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb.

O qeyd edib ki, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib: “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib. Nazirlik Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi sahəsində 2020-ci ilə qədər qarşıya qoyulan hədəflərə çatmaq üçün səylə çalışır. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur. Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək. Bu yeni təşəbbüsün həyata keçirilməsində məqsədimiz əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurmaqdır. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən qabaqcıl ölkələrin təcrübələri öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Beynəlxalq tərəfdaşlarımızla birgə böyük uğurla həyata keçirdiyimiz layihələrdən biri də Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin yaradılmasıdır. Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılıb. Mərkəzdə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin yaradılması böyük əhəmiyyət daşıyır. Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin fəaliyyəti önəmlidir.

Regionda bənzəri olmayan, müasir infrastruktura malik bu Mərkəzdə 8 ixtisas (mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, İT, avtomobil, avtomatlaşdırma) üzrə texniki peşə təhsili səviyyəsinə 230 tələbə qəbul edilməklə kadr hazırlığına başlanılıb. Gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili sayəsində tələbələrin sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinin (Bakı, Sumqayıt, Saatlı, Bərdə, Mingəçevir, Cəlilabad və Lənkəran) tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib.

Beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıqla yanaşı, özəl sektorun peşə təhsilinə cəlb edilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra işəgötürən müəssisə və təşkilatlarla anlaşma memorandumları imzalanıb.

Təhsil naziri peşə təhsilinin inkişafında, məzunların əmək bazarına hazırlanması və məşğulluğunun təmin edilməsində, dövlət strukturları və özəl sektor arasında səmərəli əməkdaşlığın yaradılmasında birgə səylərin öz bəhrəsini verəcəyini vurğulayıb.

Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb. O, koreyalı mütəxəssislər tərəfindən yerli müəllimlərə təlimlər keçirilməsinin əhəmiyyətindən bəhs edib. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu qeyd edən səfir Kim Tong Op Peşə Təhsili üzrə Dövlət AgentliyiKoreya Respublikası arasında mövcud əməkdaşlığın daha da məhsuldar olmasını arzu etdiyini bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclərin səfərbər edilməsinin zəruriliyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və əməkdaşlığın daha səmərəli nəticələr əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov “Peşə təhsilinin sənayenin inkişafında rolumövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda peşə təhsilinin tarixibugünkü vəziyyəti haqqında məlumat verib. Ölkədə peşə təhsilinin inkişafı istiqamətlərində həyata keçirilən islahatlardan bəhs edib.

Layihə mütəxəssisi Myonqon Şin isə “Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimat edib. O, Koreya təhsil sisteminin üstünlüklərindən və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan peşə təhsil mərkəzinin fəaliyyət istiqamətlərindən danışıb.

Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.

Nigar

Palitra.-2019.-16 oktyabr.-S.6.