İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur

Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında mətbuat konfransı keçirib. Cari ildə görülən işlər haqqında məlumat verən nazir qeyd edib ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb.

150 mindən çox müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb

2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabrın 15-dək təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Nazir bildirib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd etməliyik. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.

Eyni zamanda, dövlət proqramına uyğun olaraq cari ildə 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən çox yeni məktəb binası tikilibya əsaslı təmir olunub. Nazir qeyd edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qoymamalıyıq. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən çox müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-dən qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib.

Nazir məlumat verib ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib, dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib.

Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb. Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində aparılır: "Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq . Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Elə dərsliklər var ki, onlar daha az, elə dərsliklər var ki, çox istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".

Onun sözlərinə görə, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb. Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək.

Ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq ikihissəli şəkildə tərtib edilib. Bu dərsliklərin I hissəsi birinci yarımil, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər irihəcmli dərsliklərin də ikihissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir.

İstedadlı uşaqlarla sahəsində görülən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiadabilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla, ümumilikdə 146 medal qazanıblar.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinif yaradılıb. Gəncə şəhərində və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyatinformatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb. Siniflərin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu siniflər həm də beynəlxalq olimpiadalara hazırlıq mərkəzi funksiyasını daşıyır.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov deyib ki, layihə 100-dən çox məktəbi və 90 mindən artıq şagirdi əhatə edir.

Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq

Qeyd olunub ki, cari tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start verilib. STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.

Nazir diqqətə çatdırıb ki, bu gün qarşımızda duran əsas çağırışlardan biri də peşə təhsilinə marağın və peşə təhsilinin nüfuzunun artırılmasıdır. Bu təhsil pilləsinə uğursuz karyera seçimi kimi baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili mərkəzlərinə peşəkarların hazırlanması məkanı kimi baxılmalıdır. Bu istiqamətdə həm təhsil müəssisələri, həm də sahibkarlar birgə çalışmalı, gənclərimizin və valideynlərin maarifləndirilməsi, cəmiyyətdə peşə təhsilinin ictimai statusunun yüksəldilməsi üçün səylərini əsirgəməməlidirlər. Bununla bağlı təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Cari tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb.

Hazırlıq qrupunda təhsil alanlar hərbi xidmətə gedəcəkmi?

Nazir bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər. C.Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların hərbi möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriatmagistraturaya qəbul olan tələbələr hərbi möhlət hüququ qazanırlar". Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu, təhsil müəssisələri tərəfindən müəyyən edilir".

Direktorlara xəbərdarlıq edilib

Nazir şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir qeyd edib ki, Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi sisteminin tətbiqinə başlanmasından sonrakı birinci həftədə sistemlə bağlı bir çox müraciətlərin olduğunu gördük: Elektron sistem mövcud olmasaydı, şagirdlərin yerdəyişməsi ilə bağlı narazılıqların həcmini müəyyən etmək olmazdı. Şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılıq yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda aşkara çıxır. Bəzən bu problemlərlə üzləşənlər müraciət etmirlər və buna görə də real vəziyyətlə bağlı məlumatımız olmur. Elektronlaşdırılmadan sonra biz insanların problemlərini bilib, həll yollarını müzakirə edə bildik. Statistika bizə göstərdi ki, həll olunmayanyaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin sayının 2 faizini təşkil edib ki, bu da direktorların səhlənkarlığı ucbatından baş verib. Direktor bu işi nəzarətə götürmədən onu texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ona görə də ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı. Elektron sistem bizə imkan verir ki, məsələnin mahiyyətini qısa müddətdə görə bilək. Sistemdə bir sıra təkmilləşdirmələr etdik. Sistem elektron olduğundan burada insan müdaxiləsindən söhbət gedə bilməz".

 

Nigar Abdullayeva

Palitra  2019.- 18 oktyabr.- S.5.