18 oktyabr
Dövlət Müstəqilliyi Günü
ilə bağlı tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində18 oktyabr müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub. Sərgidə 30-ya yaxın rəsm əsəri nümayiş olunub. Fakültənin akt zalında davam edən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirilib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Vurğulanıb ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı çıxışında bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
“Azərbaycanın müstəqillik illərində gənclərin rolu” adlı çıxışında İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Səma Xəlilli qeyd edib ki,ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayıb.
Tədbir tələbələrin ifasında bədii qiraət və musiqi nömrələri ilə davam edib. Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim oluduqdan sonra “Ümummilli lider və Azərbaycanın dövlət müstəqilliyi” adlı videoçarx nümayiş olunub.
Səadət
Əliyeva
NDU-nun Televiziya, mətbuat
və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri
Palitra 2019.- 18 oktyabr.-
S.10.