"Nəsimi dünya
ədəbiyyatına öz möhürünü vurub"
Parisdə
UNESKO-nun baş qərargahında Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin anadan
olmasının 650 illiyi təntənə ilə qeyd edilib.
UNESKO yanında daimi nümayəndəliyimizin
rəhbəri, səfir Anar Kərimov,
UNESKO baş direktorunun
mədəniyyət üzrə müavini
Ernesto Ottone, Azərbaycan
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva,
almaniyalı alim, tanınmış nəsimişünas
Mixael Hess Nəsimi
dühasından söz açıblar.
İmadəddin Nəsiminin Şərq və Qərb
xalqlarının mədəni sərvətləri xəzinəsində
özünəməxsus layiqli yerindən
danışılıb. Bildirilib ki, İmadəddin Nəsimi dünya
ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü
vurub.
Səfir Anar
Kərimov Prezident İlham
Əliyevin Sərəncamı ilə 2019-cu ilin
dahi Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Nəsimi ili” elan edildiyini
və bununla əlaqədar ölkə
daxilində və xaricdə elmi, ədəbi
və mədəniyyət tədbirlərinin keçirildiyini
diqqətə çatdırıb.
Bildirib ki,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə mütəfəkkir şair
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə
650 min ağac əkiləcək.
O, Nəsiminin Azərbaycan ədəbi mühitinin
zənginləşməsində rolunu qeyd edərək, ideya və
görüşlərinin dünya ədəbiyyatına
təsirindən söz açıb. Mədəni
müxtəlifliyə, humanist ideyaların
təşviqinə töhfələrindən
danışıb.
UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli
təsir göstərməsindən söz
açıb. Qeyd edilib
ki, anım tədbirləri UNESKO-nun qarşılıqlı anlaşma, dözümlülük
və sülh mədəniyyətinin təbliği
missiyasına öz töhfəsini verəcək.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nəsimi
yaradıcılığından bəhs edib.
Ölkəmizdə və onun
hüdudlarından kənarda Nəsiminin həyat və
yaradıcılığına dair elmi-tədqiqat
işlərinin aparılmasından, Nəsimi – şeir,
incəsənət və mənəviyyat Festivalından
danışaraq 2017-ci ildə UNESKO-nun baş qərargahında Nəsiminin ölümünün 600 illiyi
münasibəti ilə anım tədbirinin keçirilməsini
xatırladıb.
Almaniyalı alim,
tanınmış nəsimişünas Mixael
Hess Nəsimi
yaradıcılığının müxtəlif cəhətlərini
diqqətə çatdıraraq, onun Qərb
oxucusu üçün
əhəmiyyətindən danışıb. Bildirib
ki, Nəsimi yaradıcılığı
ədəbi xəzinədir. Mixael Hess dərin fəlsəfi fikirləri
Nəsiminin oxucuya sadə dillə
çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün
ziyalıları, mütəfəkkirləri tərəfindən
deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda
olduğunu söyləyib. Böyük şairin bir çox dərin mətləbləri
metaforalarla qələmə
aldığını qeyd edib.
Sonra Azərbaycan incəsənət
nümayəndələrinin Nəsimi
yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş
olunub. Xalq artisti, xanəndə Teyyub
Aslanov və Əməkdar artist
Sevda Ələkbərzadənin Nəsiminin
şeir və qəzəllərini muğam və müasir musiqi janrında ifaları, eləcə də
Dövlət Pantomim Teatrı
aktyorlarının performansı alqışlarla
qarşılanıb.
Palitra 2019.- 18 oktyabr.- S.13.