Uşaqlarla keçirilən az vaxt
onların əleyhinə işləyir
Loqoped-defektoloq Afaq Məmmədova:
“Azyaşlı uşaqların ixtiyarına verilən telefonlar nitq ləngiməsinə
və ya baş-beyin
problemlərinin qabarmasına səbəb olur”
Loqopedlə valideynlərin görüşü
təşkil edilib
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının Sosial Məsələlər üzrə Komissiyasının dəstəyi, ABC Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə başladılan "Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib. ABC Tədris və İnkişaf Mərkəzinin 8-ci mikrorayondakı filialında baş tutan tədbirdə ictimai fəallar və ayrı-ayrı təşkilatları təmsil edənlər, eləcə də valideynlər aktiv iştirak ediblər. Təşkilatdan verilən məlumata görə, tədbirin budəfəki qonağı mərkəzin Defektoloq- loqopedi Afaq Məmmədova olub. Nitqin ləngiməsinə həsr olunan və valideynlərlə görüş xarakterli olan bu tədbir maraqlı müzakirələr şəraitində keçib. Mövzunun günümüzün əsas uşaq problemlərindən birinə çevrilmiş nitq ləngiməsi ilə bağlı olduğu bu tədbirdə çıxış edən Defektoloq- loqoped Afaq Məmmədova valideynləri maarifləndirib. O bəzi uşaqlarda yaranmış nitq ləngiməsi probleminin əsasən haradan qaynaqlanmasından danışaraq valideynləri bu kimi gələcəkdə ciddi fəsadlara çevrilən məsələlərə ciddi yanaşmasını da tövsiyə edib. O qeyd edib ki, dövrümüzün mənfi vərdişlərindən birinə çevrilmiş planşet və ya telefonlara aludəçilik də bu işdə mənfi rol oynayır. Natiq qeyd edib ki, əsasən də ailələrdə cizgi filminə baxmaq və ya oyunlar oynamaq üçün azyaşlı uşaqların ixtiyarına verilən telefonlar sonda nitq ləngiməsinə və ya nitqdə, beyin, yaddaşda bəzi problemlərin qabarmasına səbəb olur. O həmçinin valideynlərə verdiyi tövsiyələrdə problemin erkən aşkarlanmasının önəmini də izah edib ki, burada da fəsadların aradan qaldırılması üçün Defektoloq- loqopedlərə də müraciət edilməsinin vacibliyi önə çəkilib. O xüsusən də uşaqların vaxtlarının texnoloji vasitələrlə daha çox keçirməmələrini məsləhət bilib ki, burada da valideynlərə ən ox tövsiyə olunana məsələ cizgi filmlərinə baxmaqdansa ata və ya anaların onlarla daha çox vaxt keçirib canlı şəkildə oyun oynamalarını xüsusi vurğulayıb. Afaq Məmmədova həmçinin qeyd edib ki, uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir, əgər bir uşaq adi bir sözü, “alma”nı deyə bilmirsə onunla məşğul olub təmkinlə izahlı formada izah etmək ətraflı şəkildə ona sözün mahiyyətini izah etmək lazımdır. Natiq digər maraqlı məqamlara da toxunaraq valideynləri bu kimi həssas məsələlərdə daha çox diqqətli olmağa çağırıb.
Görüşdə valideynlərlə yanaşı aktiv iştirak edən həkim İsa Cahangirov, Ahıllar və Tənhalara Dəstək İctimai Birliyinin rəhbəri Ruhiyyə Məmmədova, Sevinc Vəlizadə və digərləri bu diskussiyalara qatılaraq valideynlərin maariflənmələrinə öz töhfələrini veriblər. Qeyd edək ki, tədbirdə təşkilatın 7-ci mikrorayonda olan filialında tədris alan fəal uşaqların uğurlu nailiyyətlərinə görə mükafatlandırılıblar.
Tural
Palitra 2019.- 18 oktyabr.- S.15.