“Onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin
zənginləşdirilməsini həyata keçirir”
Elnur Eltürk: “Azərbaycanca
“Vikipediya” 50-ci yerdə qərarlaşıb ki, bunun özü
böyük hadisədir”
Müsahibimiz AMEA Mərkəzi Elmi
Kitabxanasının direktor müavini,
diaspor üzrə
araşdırmaçı Elnur Eltürkdür.
- Azərbaycan
seqmentində bugünədək hansı işlər görülüb?
-İlk öncə qeyd edim ki, “Vikipediya” günümüzdə ən çox istinad olunan və izlənən informasiya resurslarından biri hesab edilir. Hər gün milyonlarla insan hansısa informasiya və bilgini əldə etmək üçün resursa müraciət edir. İlkin məlumatı əldə edir.
Azərbaycanca ”Vikipediya”
2004-cü ilin yanvar
ayından fəaliyyət başlayıb. Bu
günə qədər 150-mindən çox
məqalə yaradılıb. Hazırda “Vikipediya”da 300-dən çox dil bölməsi fəaliyyət göstərir.
Azərbaycanca “Vikipediya” 50-ci yerdə qərarlaşıb
ki, bunun özü böyük
hadisədir. Bu, həm Azərbaycanca “Vikipediya”da görülən
işlərin keyfiyyətindən, həm də kəmiyyətindən
xəbər verir. Son
illər Azərbaycanca “Vikipediya”da irəliləyiş müşahidə olunur. “Vikipediya” könüllü prinsip əsasında
fəaliyyət göstərdiyi üçün
əsas yük “viki” könüllülərin
üzərinə düşür. Azərbaycanca
“Vikipediya”nın idarəçiləri, fəal istifadəçiləri
bu resursun zənginləşdirilməsi
istiqamətində böyük işlər
görürlər. Deyərdim ki, Azərbaycanca
“Vikipediya” bu gün öz inkişaf dövrünü
yaşayır.
- Azərbaycan
oxucuları üçün nə qədər
məlumat paylaşılıb?
- Yuxarıda da qeyd etdiyim kimi
150 mindən çox məqalə mövcuddur. Ümumi redaktələrin
sayı isə 5 milyona çatmaq
üzrədir. Hər gün onlarla məqalə yaradılır və redaktə
olunur.
- Bəs hansı
kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib?
-Ümumiyyətlə, Azərbaycan dilində olan məqalələrin keyfiyyətinə xüsusi önəm verilir.
Redaktəyə ehtiyacı olan məqalələr
redaktə olunur. Bu
axtarış sistemində məqalələrin əhatəli
olmasından xəbər verir.
- Ümumiyyətlə
vikipediyanın fəaliyyətinə dəstək verən, nəzarət
edən qurumlar varmı?
-“Vikipediya”azad
ensiklopedik resurs olduğu üçün
hansısa dövlət qurumunun nəzarət
etməsi mümkün deyil.
Həm də “Vikipediya”nın prinsiplərinə, fəlsəfəsinə
ziddir. Dövlət qurumlarının
müdaxiləsi və ya nəzarəti Vikimedia fondu ilə problemlər
yarada bilər. Türkiyədə siyasi məsələlərə görə “Vikipediya” bloklanıb. Bir
neçə il əvvəl Çin dövlətində bloklanma
var idi.
- Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi
Kitabxanasının “Vikipediya” ilə fəaliyyətlərini
mətbuat və sosial şəbəkələrdən
izləyirik. Uğurlu işlərə imza atırsınız. Oxucularımıza gələcəkdə
hansı işlərin görüləcəyi ilə
bağlı məlumat verərdiniz.
- Bəli, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzi fəaliyyəti göstərir. Mərkəzdə təlimçilərimiz tərəfindən “Vikipediya”da məqalə yaratmaq və ümumi qaydalarla bağlı təlimlər keçirilir. Təlimlərimiz öz müsbət nəticələrini verir. Təlim kurslarımızı uğurla bitərən könüllülərə sertifikatlar təqdim edirik. Bu gün onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirirlər. Öz töhfələrini verirlər. Xatırladım ki, “Viki” komanda Azərbaycanca “Vikipediya”nın zənginləşdirilməsi ilə yanaşı, xaricidilli “Vikipediya”larda da fəaliyyətlər göstərirlər.
Bir məsələni diqqət çatdırım ki, təlimlərin keçirilməsi və mediada viki-könüllülüyün təbliği ilə yanaşı, MEK-in təşəbbüsü ilə bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Artıq Aviasiya Akademiyasında, İlahiyyat İnstitutunda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, YAP Gəncə şəhər təşkilatında, Gürcüstanın Marneuli şəhərində viki-hərəkatın başlanmasını və geniş dəstək almasını qeyd edə bilərik. Nümunə kimi, "İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün “Vikipediya” təlimləri keçirilir. Marneulidə “Vikipediya” Klubunun yaradılması qərara alınıb. Təşkilatın əsas məqsədi “Vikipediya”nın gürcü bölməsindəki məlumatların daha da zənginləşdirilməsi və gənclərin bu sahəyə olan maraqlarının artırılması, həmçinin gürcücə “Vikipediya”da Gürcüstanın və Azərbaycanın tanınmış şəxsiyyətləri, ölkələrimiz arasında dostluq əlaqələrində xüsusi xidmətləri olan şəxsiyyətlər, tarixi abidələr və mədəniyyətlərlə bağlı məqalələrin yaradılmasıdır. Qarşıda digər ali məktəblərdə də “Vikipediya” Metodik Mərkəzlərin yaradılması nəzərdə tutulur.
Tural
Palitra.-2019.-22 oktyabr.-S.15.