“16 şirkətlə
müqavilə bağlamışıq, bizim
məzunlarımızı heç bir problem olmadan
işə götürürlər”
Yəhya Səfərov:
“Belə davam edərsə, 2-3 ilə
peşə təhsili üzrə Avropa səviyyəsində
peşə təhsili yaranacaq”
“Müqavilə əsasında bizim
məzunlar gedib Almaniyada
işlə təmin olunurlar. Ötən il bizdən 105 məzun olub,
onun 46 faizi həmin
işlə təmin olunublar, 34 faizi hərbi xidmətə gedib,
20 faizi xaricdə çalışır”
Ölkədə insan
kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin
təmin edilməsi milli təhsil sistemi qarşısında duran
əsas vəzifələrdən biridir. Bu baxımdan peşə təhsili
iqtisadiyyatın real sektoruna
və əmək bazarına ən yaxın təhsil pilləsi
olmaqla, bütün
seqmentlər üzrə ixtisaslı kadrlar
hazırlanmasında, məşğulluğun təmin edilməsində
müstəsna əhəmiyyətə malikdir.
Son illər ölkədə məşğulluğun
təmin edilməsi və keyfiyyətli əmək
bazarının formalaşdırılması istiqamətində
həyata keçirilən tədbirlərdən biri də peşə təhsilinin
inkişafıdır. Bu sahədə əsas
amillərdən biri də peşə təhsilinə
marağın və onun nüfuzunun
artırılmasıdır. Hazırda ölkədə bir sıra peşə məktəbləri fəaliyyət
göstərir. Müsahibimiz Aviasiya və Avtomobil Nəqliyyatı
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
direktoru Yəhya Səfərovdur:
- Peşə təhsilinin inkişafı istiqamətində
hansı tədbirlər həyata keçirirsiniz?
- Ölkədə son illər, xüsusilə də 2014-2015-ci ildən başlayaraq peşə təhsilinə çox böyük önəm verilməyə başlanıb. Peşə təhsilinin inkişafı mühüm müzakirə obyektinə çevrildi. Hətta dövlət səviyyəsində peşə təhsilinin inkişafı üzrə qanun qəbul edildi. Bundan başqa “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlandı. Burada inkişafın bütün istiqamətləri öz əksini tapıb. Həmçinin əsas məqamlardan biri kimi peşə təhsili alanların hamısını hazırlayırıq ki, işlə təmin olunsunlar, dövlətin üzərində yük azalsın. Beləliklə, Yol Xəritəsində bu, xüsusi vurğulanır və tələbələri elə hazırlamaq lazımdır ki, özlərini işlə təmin edə bilsinlər. Bunun üçün də sahibkarlarla qarşılıqlı müqavilələr, sazişlər, memorandumlar imzalamağa başladıq. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yarandı. Eləcə də islahatlarla bağlı 2016-cı ilin oktyabrında Nazirlər Kabinetinin qərarı ilə eyni ixtisaslı peşə təhsili müəssisələri ixtisaslar üzrə rasionallaşdı. Bakı şəhərində 11 peşə təhsili üzrə dövlət mərkəzi yaradıldı. Onun da içərisində bizim Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı. 2018-ci ildən yeni sərəncamla Dövlət Peşə Təhsili Mərkəzinə Binə Peşə Liseyi də əlavə olundu. Bizim Mərkəz yarandıqdan sonra həm islahatlarla, həm də tədrisdə keyfiyyətin artırılması, həm də maddi-texniki bazanın yaradılmasına diqqəti artırdıq. TN-in planlarına uyğun olaraq, ayrı-ayrı xarici dövlətlərlə, o cümlədən Avropa ölkələri ilə layihələr hazırlanmışdı. Biz də həmin layihələrə qoşulduq. Maddi-texniki bazanı gücləndirmək üçün, 3 milyondan artıq qiymətdə olan yeni, hansı ki, avtomobil nəqliyyatında istifadə edilən avadanlıqlar gətirildi. Hazırda Binə Peşə Liseyi olan yerdə hazırlandı, indi orada fəaliyyətdədir.
- Hazırda
peşə təhsilinə marağın artmasında əsas
məqamlardan biri də onların işlə
təmin olunmasıdır. Bu istiqamətdə
hansı tədbirlər həyata keçirirsiniz?
-Maddi-texniki bazanın güclənməsi ilə yanaşı hər bir tələbə nəzəri təlimlə, istehsalatla bərabər, həm də təcrübə qazanmalı idi. Ona görə də bizim Mərkəz 16 şirkətlə müqavilə bağladı. Maddi-texniki bazanın gücləndirilməsi üçün avadanlıqlardan başqa, müəllimlərimizin hamısını təlimə göndərdik, kurikulum qəbul olundu. Ən ümdəsi odur ki, tələbələr real açıq şəkildə təcrübə keçməlidir. Həm 6 nömrəli Peşə Məktəbi, həm də Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tərkibdədir. Binə Peşə Liseyində 300-dən artıq tələbə var, 260 nəfər isə burdadır və ümumilikdə 600-ə yaxın tələbə var. Peşə məktəbində olanların hamısı təcrübə keçdilər və bu zaman mütləq real iş gedən yerdə təcrübə keçməlidirlər. Ona görə də bir çox şirkətlərlə, o cümlədən, Bakıya “Avro6” avtobuslarını gətirən Faiq Xaliqoğlu MMC-nin rəhbəri ilə sazişimiz oldu. Tələbələr də çox böyük həvəslə bu işlərdə iştirak etdilər. Adıçəkilən şirkətin təmir obyektləri var ki, bizim müqaviləmizə əsasən tələbələrimiz orada təcrübə keçirlər. Eyni zamanda müqaviləmizdə göstərilir ki, seçilmiş tələbələr də məzun olduqdan sonra orada işə götürülür. Bizim ən ümdə məqsədimiz odur ki, hazırladığımız tələbələr işlə təmin olunsunlar. Sevindirici haldır ki, ötən il tələbələrimizdən bir qrupu işə götürülüb və bu il bağladığımız memoranduma əsasən onlar da bizim tədris proqramının hazırlanmasında iştirak etsin, onlara uyğun şəkildə tədris aparılsın. Həm bizim, həm onların mütəxəssisləri həmin proqramların hazırlanmasında iştirak etmişik. Bununla yanaşı, mən Azərbaycan və Avropa Ticarət Palatasının tərkibində olan 7 şirkətin hər birinin rəhbəri ilə görüşdüm. Oktyabrın 23-də isə hər bir şirkətin nümayəndəsi ilə görüş olacaq və məqsəd odur ki, onlar da həmin bu proqramda iştirak etsin. Ümumiyyətlə, biz onların standartlarına uyğun dərslər keçirik. Bunun da nəticəsi odur ki, onların burada olan şirkətlərində bizim tələbələrimizə yer verilir, heç bir söz olmadan işə götürülür. Hətta Peşə Təhsili Agentliyi ilə monitorinq qrupları yaradılıb və onların da nümayəndələri gəlib dərslərin necə keçirilməsinə nəzarət edirlər. Eləcə də təlimlərdə iştirak edirlər, onların standartına uyğun olaraq kurikkulumlar hazırlanıb. Ona görə də həm bizim diplomlarımızı tanıyır, həm də heç bir problem olmadan işə götürürlər. Bakıda Almaniyanın “Mersedes” firmasının avtomobilləri ki, burada satışdadır, onlar burada servis xidmətləri yaradıblar. Bizim tələbələr həmin servislərdə təcrübə keçirlər, həm də işə götürülürlər. Yaxud da müqavilə əsasında bizim məzunlar gedib Almaniyada işlə təmin olunurlar. Ötən il bizdən 105 məzun olub, onun 46 faizi həmin işlə təmin olunublar, 34 faizi hərbi xidmətə gedib, 20 faizi xaricdə çalışır. Aviasiya üzrə də bizdə bəzi ixtisaslarımız var ki, Zabrat Hava Llimanı, “Azal” Hava Yolları, SOCAR-ın Səngəçaldakı Hava Limanı ilə müqaviləmiz var ki, tələbələr orada təcrübə keçirlər və sonra da işə götürülürlər. Təbii ki, orada bacarığı ilə fərqlənənlər işə cəlb edilir. Oraya göndərilənlərin 20-25 faizi işlə təmin edilir. Bu, özü böyük bir nailiyyətdir və əvvəllər belə bir şey yox idi.
- Sovet
rejimi dağıldıqdan sonra
peşə təhsilinə maraq
azalmışdı. Bu gün
mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Bəli, peşə təhsilinə maraq çox azalmışdı. Bu gün artıq tamamilə dəyişib. Mən 22 ildir bu sahədə çalışıram. Bir vaxtlar çox əziyyət çəkirdik, uşaq tapılmırdı, gedirdik ailəsinə müraciət edirdik. İndi həm tələbələrin həvəsi, həm müəllimlərin həvəsi artıb, həm də idarəçilik çox asanlaşıb. İndi tələbələr də həvəslə gəlirlər və öyrənməyə başlayırlar. Bundan başqa müəllimlərin maaşı iki dəfədən çox qaldırıldı. Sentyabrda da 20 faiz artıb və artıq hamısı çox yüksək səviyyədə maaş alır. Hər tərəfdən şərait elə güclənib ki, insan daha çox çalışmaq istəyir. Baxıram ki, əvvəlki kimi deyil, səhər tezdən tələbələr də, müəllimlər də məktəbdə olurlar. Əvvəllər tələbələri çox çətinliklə məktəbə cəlb edə bilirdik. İndi “ASAN xidmət” qəbul aparır, sənədlərini biz göndərir və biz də onları hazırlayırıq dərsə başlayırlar. Artıq məcburi şəkildə, xahişlə cəlb etmirik.
Eləcə də bir vaxtlar biz gedib müraciət edirdik ki, uşaqlarımız gəlsin orada praktika keçsin, etiraz edirdilərsə, indi əksinə, onlar özləri bizə müraciət edirlər. Çünki bu gün artıq ixtisaslı kadr axtarırlar. Mən tələbələrə də deyirəm ki, yaxşı oxuyun və bu sizin üçün çox önəmlidir. Şirkətlərlə birbaşa əlaqəmiz var və onlar da təcrübə zamanı necə tələbə olduğunu görürlər, həm bizim maddi-texniki baza güclənir, həm müəllimlər daha da həvəslə öyrədirlər və orada tələbələrimizi bəyənirlər. Artıq bir neçə şirkətlə də danışıqlar gedir və ümumiyyətlə, indi memorandumlarda göstərilir ki, biz onlara neçə nəfər hazır kadr verəcəyik. Biz artıq tələbə, müəllim heyətimizlə etibarı qazanırıq. Onlar da məsələn, bildirir ki, bizə 10 nəfər tələbə hazırlayırsız, biz də onun üçün nə lazımdırsa verəcəyik. Bu zaman biz də 5 nəfər əlavə veririk ki, bunlar da sizdə ixtisas keçsinlər. Nəzəri hissəyə gəldikdə isə hazırda dərslə modullarla keçilir. Məsələn, bir avtomobilin motor hissəsinin yığılmasının modulunu keçirsən, orada kurikuluma əsasən nəzəri hissə ilə təcrübə bir yerdə keçirilir. Bir qrupda neçə tələbə varsa, hamısı o mövzuya yönəlir və müəllim artıq istiqamətverici olur, tələbələr özləri hazırlayırlar. Hətta tələbələrimiz çox maraqlı şeylər hazırlayırlar, bir vaxtlar onları kitabxanaya məcburi şəkildə yönləndirirdiksə, hazırda davamlı olaraq kitabxanadadırlar. Eləcə də mən icazə verirəm ki, telefondan istifadə etsinlər, çünki dərs zamanı onlar mövzu ilə bağlı internetdən yararlana bilsinlər. Birlikdə yekun bir fikir ortaya qoyurlar. Kurikulum mənim çox xoşuma gəlir. TN, Dövlət Agentliyi böyük qruplar təşkil ediblər və kitabların, proqramların hazırlanmasında böyük işlər gedir. Belə davam edərsə, 2-3 ilə peşə təhsili üzrə Avropa səviyyəsində peşə təhsili yaranacaq. Düzdür maddi-texniki baza ilə bağlı hələ də zəifliklər var, ancaq inkişaf gedir.
(Ardı var)
Nigar Abdullayeva
Palitra.-2019.-22 oktyabr.-S.6.