Nəsiminin qəzəlləri
on beş dildə nəşr olunub
“İmadəddin
Nəsimi dünya dillərində” kitabı
TÜRKSOY-un “Nəsimi ili”nə
dəyərli töhfəsidir
Prezident
İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında sərəncamlarına
uyğun olaraq ölkəmizlə yanaşı,
həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edilir. Türk xalqlarının bir-birinə yaxınlaşması
və onların ortaq mədəniyyətinin
təbliği missiyasını
üzərinə götürən
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY da 2019-cu ili türk dünyasında İmadəddin
Nəsimi ili elan edib.`
AZƏRTAC xəbər verir ki, TÜRKSOY şairin qəzəllərini
15 dildə tərcümədə
Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr
etdirib. “İmadəddin
Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar
yubileyə dəyərli
töhfədir.
Kitabın tərtibçisi və redaktoru Azərbaycanın
TÜRKSOY-dakı rəsmi
nümayəndəsi Elçin
Qafarlıdır. Kitabda Nəsiminin şeirləri
Azərbaycan, qazax, qırğız, özbək,
türk, türkmən,
alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin
tərcüməsinə həmin ölkələrdən təcrübəli
mütəxəssislər cəlb olunub.
Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimlinin kitaba
yazdığı “Ön söz”də deyilir: “Humanist
ənənələrə söykənən XIV yüzillikdə
əfsanəvi səməndər quşu kimi xarabalıqların və yanğın
küllərinin altından baş
qaldıran İslam filosof
və şairləri insanların sınmış ümidlərini
özlərinə qaytarmağa, onların
taleyin əlində köməksiz oyuncaq olmadıqlarını,
əksinə, öz talelərinin qüdrətli
hakimi olduqlarını təlqin etməyə
və inandırmağa başladılar. İslam
şərqinin hər üç hakim dilində- ərəb, fars
və türk dillərində bu cür humanist
ruhlu əsrlər qələmə alan ən böyük sənətkarlardan
bir də XIV yüzilliyin
sonu, XV yüzilliyin
əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi
və filosofu İmadəddin Nəsimi oldu”.
Akademik qeyd
edir ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları
ilə yoğurulub. Bu
məhəbbət təkcə onun əsərlərinin
məna və mahiyyətində, məzmununda deyil,
forma xüsusiyyətlərində, daha doğrusu
ritmikasında, oynaqlığında, ahəngində,
alliterasiyasında da özünü
göstərir. Nəsimi qəzəllərinin də bir çoxunda ritmika sanki oxucunun
ürəyini oynadır, ona həyat eşqi, sevinc
aşılayır. İnsana daxili mənəvi rahatlıq gətirir. Bunun kökündə isə, şübhəsiz
ki, şairin özünün böyük
insan sevgisi
dayanmaqdadır.
Kitabda yer alan
şeirlər bir daha
göstərir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq
yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin
azadlığını tərənnüm edib.
Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi
və bədii lövhələrlə daha
da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olub.
Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər
Azərbaycan dilinin məna
imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə
əks etdirir. Müxtəlif dillərdə
təqdim edilən şeirlər sənətkarın
yaradıcılığının bir
sıra xalqların bədii-ictimai fikrinin
inkişafına qüvvətli təsir göstərdiyini əyani
şəkildə sübut edir.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında rəhbərlik etdiyi təşkilat tərəfindən 2010-cu ildən etibarən hər ilin türk dünyasının tanınmış simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu sırada İmadəddin Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: “Şərqin hər üç ədəbi dilində əsərlər yazan bu qüdrətli şair qələmə aldığı bənzərsiz qəzəlləri ilə daha çox tanınmaqdadır. Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq almaq, şeirlərində ifadə etdiyi fəlsəfi düşüncəsi onu dünya ədəbiyyatının ən görkəmli, mütərəqqi adamları ilə yaxınlaşdırır və böyük mütəfəkkirin dünya görüşünün universal miqyasını göstərir. Onun nəsihətləri və təlimləri sadəcə türk dünyası üçün deyil, bütün insanlıq üçün yol göstəricisidir. Şeirlərdəki eşq, din və fəlsəfi ifadələr bu gün də ədəbiyyatçıların və tədqiqatçıların diqqət mərkəzindədir”.
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor
Kərim Tahirovun məsləhətçi olduğu kitabda Xalq
rəssamı Arif Hüseynovun Nəsimiyə və onun əsərlərinə
həsr etdiyi rəsmlərdən istifadə olunub.
Kitabda Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, “Üzünü məndən nihan etmək dilərsən, etməgil!”, “Dilbara, mən səndən ayrı təndə canı neylərəm?”, “Mərhaba, insani-kamil, canımın cananəsi”, “Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba!” və digər qəzəlləri müxtəlif dillərdə oxuculara təqdim olunur.
On beş
dildə iyirmidən çox qəzəlin
yer aldığı kitab
Nəsiminin böyük bir
ədəbi məktəb yaratdığını göstərir.
Kitabla
tanış olan oxucu orta əsr klassik Azərbaycan
lirikasının bənzərsiz nümunələrini
yaratmış İmadəddin Nəsiminin şeirlərinin
insanın qüdrəti haqqında himn kimi səsləndiyini, onun
şeirlərində kamil insan
olmağa
çağırışların ifadə olunduğunu
bir daha görəcək.
TÜRKSOY-un
Nəsimi irsinin təbliğinə çox böyük töhfə
olan bu kitab müxtəlif dillərdə danışan
insanları İmadəddin Nəsimi irsi ilə yaxından
tanış etmək və böyük söz ustadının
yaradıcılığı haqqında dolğun fikir
formalaşdırmaqda qiymətli mənbə rolu oynayacaq.
Palitra 2019.- 22 oktyabr.- S.13.