Müstəqil dövlət qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin və gücünün təcəssümüdür

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Heydər Əliyev

69 il mövcud olmuş SSRİ adlı nəhəng imperiya obyektiv daxili amillərin və dünyada baş verən proseslərin təsiri nəticəsində dağıldı. Sovet İttifaqı zorla yaradılan və inzibati-amirlik metodları ilə idarə edilən bir dövlət idi. Bu nəhəng çoxmillətli imperiyanın varlığını qoruyan amillərdən biri Sovet İttifaqı Kommunist Partiyasının və mərkəzləşdirilmiş planlı iqtisadiyyatın mövcudluğu idi. Kommunist Partiyasının təkbaşına idarəcilik sisteminin , başqa sözlə, hakim rolunun ləğv edilməsi ölkənin dağıdılmasını sürətləndirdi. Ölkənin avtoritarizmtotalitarizm prinsipinə əsaslanan idarəetmə sisteminin zəifləməsi nəticəsində sovet respublikaları arasında formalaşmış təsərrüfat əlaqələri qırıldı. SSRİ-nin varlığının əsas qarantı ordu və təhlükəsizlik qüvvələri idi. Sovet xalqlarına qarşı ordunun silah işlətməsi onu gözdən salaraq sovet dövlətinin iflasını sürətləndirdi. SSRİ-nin varlığının ən zəif yeri milli münasibətlər idi. M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilməsi ilə milli münasibətlərin pozulduğu ölkə anarxiyaya sürükləndi. Belə bir şəraitdə SSRİ-də milli münasibətlərin ən nazik yeri Cənubi Qafqaz idi. Ölkənin dağlmasında subyektiv amillər, xüsusən M.S.Qorbaçovun zəif və iradəsiz hərəkətləri, Boris Yeltsinlə aralarında gedən saray çəkişmələri müəyyən rol oynadı.

SSRİ-nin dağlmasına beynəlxalq amillər də təsir etdi. Baha başa gələn sovet hərbi proqramları ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini pisləşdirirdi. Sovet dövləti Qərb ilə rəqabətə davam gətirə bilmədi. Nəticədə soyuq müharibə Qərbin qələbəsi ilə başa çatdı. İki sistemin mübarizəsi sona yetdi. Dünyada tamamailə yeni bir şərait yarandı.

SSRİ-nin dağlmasının qarşısını almaq üçün M.S.Qorbaçovun razılığı ilə mühafizəkar kommunistlərin 1991-ci il 19-21 avqustunda dövlət çevrilişinə cəhd etmələrinə, hətta Fövqəladə Vəziyyət Komitəsi yaratmalarına baxmayaraq, bu hadisə SSRİ-nin dağlması prosesini sürətləndirdi. Sovet respublikaları SSRİ-nin tərkibindən çıxmaq üçün ilk addımlar atdılar. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti 1989-cu il 23 sentyabr tarixli Konstitusiya qanununu əsas götürərərk, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdudlarında elan etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR-in Ali Sovetinin sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Konstitusiya aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir. Siyasi hakimiyyət Azərbaycan xalqına məxsusdur.

1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası Ali Soveti dövlət müstəqilliyinin bərpa olunduğu barədə Birləşmiş Millətlər Təşkilatına müraciət edərək gənc Respublikanın müstəqilliyini nəzərdən keçirməyi xahiş etdi. Azərbaycan Respublikasının Ali Soveti müstəqil Azərbaycan Respublikasının tanınması ilə bağlı dünya birliyinə üzv olan ölkələrin parlament və hökümətlərinə də müraciət haqqında qərar qəbul etdi.

Müstəqil dövləti olmaq və belə bir dövlətdə yaşamaq səadətdir, həm də hər xalqa nəsib olmayan səadətdir. Dünyada 5 minədək tayfa, qəbilə, xalq, millət olsa da yalnız 200-ü özünə dövlət qura bilmişdir. Azərbaycan xalqı da bu sırada vardır və bununla fəxr edirqürur duyur.

Müstəqil dövləti qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin, maddi və mənəvi, iqtisadi və hərbi-siyasi gücünün təcəssümüdür. Xalqın kölə kimi deyil, azad yaşamağa verdiyi dəyərdir. Necə ki, xalq qəhrəmanı Babək oğluna söyləmişdi: “Bir gün azad yaşamaq, qırx il miskin qul kimi yaşamaqdan yaxşıdır”.

Yaxud da xalq şairi Xəlil Rza Ulutürk xalqımızın azadlıq, müstəqil dövlətçilk arzularını ifadə edərək yazırdı:

Azadlığı istəmirəm, bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi,

Günəş kimi,

Cahan kimi...

1918-ci ildə ucaldılmış, 1920-ci ildə XI Qızıl Ordunun işğalı ilə endirilmiş, müstəqil dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımız 1991-ci ildə yenidən bərpa olundu və yüksəldi. Azərbaycan xalqı apardığı mübarizə nəticəsində azadlıq və müstəqilliyinə qovuşdu.

Zakir Kərimov

ADPU-nun Azərbaycan tarixi

kafedrasının dosenti

palitra.-2019.-22 oktyabr.-S.13.