“Polşada
yeni müstəvidə və daha innovativ fəaliyyətə
başlayırıq”
Fərid Cəfərli:
“Ən son vasitələrdən, ən yeni texnoloji üsullardan istifadə edib
Polşada Azərbaycanımızın təbliğatını
aparacağıq”
Son zamanlar
Polşadakı gənclərimiz yeni güc mərkəzinə çevrilib.
Gənclərin bu aktivliyində Polşa Azərbaycanlıları Birliyi (PAB) əhəmiyyətli rol oynayır. PAB-ın yeni
seçilən sədri Fərid Cəfərlinin “Palitra”ya özəl
müsahibəsini təqdim edirik.
-Fərid müəllim, öncə sizi tanımaq istərdik…
-Mən, Fərid Yasin oğlu Cəfərli 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2005-ci ildə 138 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 2009-cu ildə təhsilimi müvəffəqiyyətlə başa vurmuşam. Ardınca, bir il müddətində Azərbaycan Milli Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşam. 2010-2011-ci illlərdə Çexiyanın Praqa şəhərində yerləşən Nyu-York Universitetində (University of New-York) kommersiya hüququ (Commercial Law) ixtisası üzrə magistratura təhsili almışam.
2011-ci ildən Polşada Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvüyəm. 2011-ci il 26 fevralda Polşanın Vrotslav və 2013-cü ildə Varşava şəhərlərində “Xocalıya ədalət” kampaniyasının təşkilatçılığında yaxından iştirak etmişəm.
2018-ci ildə Polşa Azərbaycanlı
Gənclər Şurasında sədr müavini,
həmçinin 2018-19-cu illərdə Polşa
Azərbaycanlıları Birliyinin regionlar üzrə koordinatoru
olmuşam. 2019-cu ildə Polşa
Azərbaycanlıları Birliyinə sədr seçilmişəm.
Hazırda Polşada özəl şirkətlərdən
birində hüquqşünas kimi çalışıram.
- PAB gənclərimizi
nə dərəcədə bir araya gətirə bilib?
- PAB olaraq, yeni
müstəvidə və daha innovativ fəaliyyətə
başlayırıq. Çünki
zamanın reallığı bunu tələb
edir. Dünya gəncləri
dayanıqlı inkişafı seçirsə, biz
bu tendensiyadan niyə geri qalmalıyıq? Ən son
təbliğat vasitələrindən, ən yeni
texnoloji üsullardan
istifadə edib Polşada
Azərbaycanımızın təbliğatını
aparacağıq. Düşünürük ki, ən gözəl təbligat
üsulu mədəniyyətlə
bağlı olduğu və Azərbaycan mədəniyyəti
dünyada rəngarəngliyi ilə secildyi üçün, bu sahəyə diqqətimiz yüksək olacaq. Üzeyir Hacıbəyov,
Vaqif Mustafazadə, Alim
Qasımov kimi sənətkarlarımızın
yaradıcılıq gecələrini keçirməyimizi
planlayırıq.
- Yerli
gənclər təşkilatları ilə əməkdaşlıq
edirsizmi?
- Bu günlərə gədər
praktikada olmayıb. Amma
bu gündən diasporumuz
müdafiədən hücüma keçdiyinə
görə, yerli gənclər təşkilatı
ilə əməkdaşlıq edilməsini vacib
hesab edirəm. Bununla
bağlı Polşa Gənclər
Şurası ilə danışıqlara
başlamışıq. Yaxın günlərdə Polşa Gənclər Şurasının rəhbərliyi
ilə görüşümüz nəzərdə
tutulub və bu
görüşdə həmin Şuraya, təşkilat
olaraq üzvlüyümüz
müzakirə olunacaq. Bundan
başqa, Polşadakı diasporumuzun
inkişafı yönündə əməkdaşlığımız
müzakirə olunacaq.
- Polşaya
yeni gələn gənclərimizə nə
kimi köməklik göstərirsiz?
-Bununla bağlı indiyə
gədər biz “Qaynar
xətt” yaratmışdıq və kifayət qədər də
azərbaycanlılara kömək etdik. Amma hazırda azərbaycanlıların Polşada çoxalmasını nəzərə
alsaq, burada fəaliyyət
göstərən başqa diaspor təşkilatları ilə birgə hüquqi yardım etməmizi düşünürük.
Burada nəyi nəzərdə tuturuq? Polşada yaşayan azərbaycanlıların,
əsasən, oturum kartını almaq üçün
prosesə hüquqi dəstək verməyi
və eyni zamanda, əgər
hər hansı dövlət orqanı ilə və ya polislə problem
yaşandığı halda, biz ona hüquqi
yardım göstərməyi düşünürük.
Hesab edirik ki, bu çox
vacib olan bir addımdır, çünki
bu kimi problemlərlə
soydaşlarımız tez-tez
qarşılaşırlar. Hüquqi
yardımı həyata keçirməmizin zəruri
olmasını düşünürük.
- Bu
gün polşalıları
maraqlandıracaq hansı layihələr həyata keçirirsiz?
-Müasir zamanda trendlərin sürətlə dəyişdiyini nəzərə alsaq və insanların maraq dairəsinin günü-gündən fərqli istiqamətlərdə yönəldiyini ön görsək, deyə bilərik ki, təşkilatımız qarşıya qoyduğu məqsədləri həyata keçirtmək üçün öncədən 1 illik proqramlar tərtib edir. və Bu proqramlar çərçivəsində Polşa ictimayyətini və xüsusən də gəncləri Azərbaycanın siyasi ictimai vəziyyəti, onun tarixi, mədəniyyəti və tarixi şəxsiyyətləri haqqında maarifləndirməyə çalışırıq. Təşkilatımız Azərbaycan üçün önəmli tarixi günlərin geyd olunmasını yüksək səviyyədə təşkil etməklə bərabər, Polşa ictimaiyyəti və mediasını bu barədə məlumatlandırır.
Əlavə olaraq,
bunu deyə bilərəm ki,
cəmiyyətin əsas lokomotivinin gənclər
olduğunu nəzərə alsaq, düşünürük
ki, Azərbaycanla Polşa
arasında turizm səfərləri,
tanıtım səfərlərinin keçirilməsi çox faydalı olardı və bu istiqamətdə lahiyələrimiz üzərində
çalışırıq.
- Qarşıda nə
kimi tədbirlər keçirməyi
planlayıbsız?
-İlkin olaraq, Polşada yaşayan həmvətənlərimizin ölkəmizlə rabitəsinin davamlığını , Polşada dünyaya gələn yeni nəsil azərbaycanlıların doğma dillərinə və tarixlərinə bağlılıqlarını təmin etmək məqsədilə Həftəsonu məktəblərini təşkil etməyi qarşımıza qoymuşuq. Bunun üçün də müvafiq binanın təşkilatımız tərəfindən icarəyə götürülməsi və burada Azərbaycan dili, Azərbaycan tarixi, eyni zamanda, milli mətbəximizin təbliği və öyrənilməsi ilə bağlı dərslərin və tədbirlərin keçirilməsinə çalışacağıq.
Sonda bütün soydaşlarımızi birliyə, bir olmağımıza səsləyirəm. Diaspor olaraq, heç vaxt parçalanmağa getməməliyik, çünki tarix boyu, babalarımızın dediyi kimi, “tək əldən səs çıxmaz” prinsipi bu gün də aktualdır və eyni zamanda, tapdalanmayan prinsipdir. Mənim fikrimcə, heç bir hal, Polşadakı Azərbaycan diasporu olaraq, parçalanmağımıza səbəb ola bilməz. Polşada 250 min erməninin olduğunu nəzərə alsaq, bizim nəinki parçalanmaq, hətta səhv etmək kimi bir şansımız yoxdur. Biz bir olmalıyıq ki, millət olaq. Bu gün dövlət başçısı, cənab İlham Əliyevin yanında olmalıyıq ki, işıqlı sabahlarda müstəqil Azərbaycan yaşasın.
Fuad Hüseynzadə
Palitra.-2019.-23 oktyabr.-S.7.