Ermənistan Dağlıq Qarabağ bölgəsinin erməni
icmasını aldadaraq öz
məkrli siyasəti üçün
istifadə edir
İşğal olunmuş ərazilərdən
qovulan yüz minlərlə azərbaycanlının qanı
bahasına və etnik təmizləmə siyasəti nəticəsində
əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək
vəd etmir
“Təcavüzkar Ermənistan tərəfindən
işğalın nəticələrini “möhkəmləndirmək”
üçün atılan istənilən
addım beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.
Azərbaycanın beynəlxalq tanınmış sərhədləri
bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən
qovulmuş yüz minlərlə
azərbaycanlı geri qayıtdıqdan sonra iki icmanın sülh şəraitində birgə
yaşayışını müzakirə etmək olar”
Ermənistan KIV-lərində yayılan məlumata
əsasən, Azərbaycanın işğal
edilmiş ərazilərindəki qondarma cinayətkar rejim
“müstəqillik günü” adı
altında növbəti təxribat xarakterli
“tədbirlər” keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən
məsxərə xarakterli növbəti
“müstəqillik günü tədbirləri”nin
qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı
olan cinayətkar rejim
münaqişənin sülh yolu ilə tənzimlənməsində
maraqlı deyil və danışıqlara
xələl gətirmək məqsədilə istənilən
imkanı “hədər vermir”. Bu fikirlər Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının ölkəmizin işğal
edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik
günü” ilə bağlı bəyanatında
yer alıb.
“Beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür”
İcma bəyan edir ki, Dağlıq Qarabağdan və işğal edilmiş digər ərazilərdən qovulmuş yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir. Beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür. Qondarma rejimin əsarəti altında çabalayan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasından alət kimi istifadə etməklə cinayətkar xuntanın və onun havadarı olan Ermənistanın hansı “müstəqillik” ideyalarını tərənnüm etməsi gülünc vəziyyət doğurur. Ermənistan öz işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə etməkdə davam edir. Erməni icması bu yalançı və saxta “matriks”dən azad olmalı və azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Bu, yeganə çıxış yoludur. Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi Azərbaycanın ədalətli mövqeyini də, təcavüzkar Ermənistanın atdığı addımları da yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə çıxarmalı və atılan hesablanmamış addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri qayıtdıqdan sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik” - deyə bəyanatda qeyd edilir.
“Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək”
Az’rbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildiriblər ki, Ermənistanın baş naziri və Prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlmiş cəhdlər edir və beləliklə də münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur. Nazirlikdən deyilib ki, Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatlar və atdığı addımlar bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan torpaqlarda “müstəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər. Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir. Onu da qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparacaqlar.
İşğalı davam etdirən Ermənistanda ağır vəziyyət hökm sürür
İşğalı davam etdirən Ermənistanın özündə isə ağır vəziyyət hökm sürür. Belə ki, İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər. Tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər. Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər. Erməni mətbuatı yazır ki, ölkədəki orta məktəblərdə də vəziyyət acınacaqlıdır. Yerevandakı 118 orta məktəbdən 6-sı şagird çatışmazlığından bağlanıb. Faktı Ermənistanın təhsil naziri Areik Artunyan da təsdiqləyib. Nazir 1-ci sinfə gedən şagirdlərin sayının əvvəlki illərlə müqayisədə 30-35 faiz azaldığını bildirib.
A.Miriyev
Palitra 2019.- 4 sentyabr.- S.11.