Zəhmətkeş
yaradıcılığın bəhrəsi
Bununla yanaşı müəllif Naxçıvan bölgəsində maarifpərvər ziyalıların qadın təhsili uğrunda yorulmadan apardıqları mübarizələrini işıqlandırmış, onların səyi nəticəsində Naxçıvanda açılmış rus-Azərbaycan qız məktəbini tədqiq etmişdir. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən V. Rzayev qadının ictimai-mədəni və pedaqoji mühitdəki roluna xüsusən toxunmuşdur. O, yazır: “Naxçıvan ikisinifli rus-Azərbaycan qız məktəbi şagird kontingentinə görə dövrünün əhəmiyyətli tədris müəssisələrindən biri olmuşdur”.
Monoqrafiyanın dördüncü və sonuncu fəsli “XX əsrin əvvəllərində Naxçıvanda ictimai-pedaqoji mühit” adlanır. Bu fəsildə “Görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və pedaqoji düşüncənin inkişafında rolu”, “Görkəmli maarifçi-pedaqoqların bölgədə ictimai-pedaqoji mühitin inkişafına təsiri” və “Muxtariyyətin ilk illərində təhsilin və pedaqoji fikrin vəziyyəti” başlıqlı üç yarımfəsilə bölünmüşdür.
Müəllif ilk öncə Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və eləcə də pedaqoji düşüncənin inkişafındakı rolunu araşdırmışdır. Bildiyimiz kimi, XIX əsr və XX əsrin əvvəllərindəki Naxçıvan mühitindəki ziyalı təbəqənin böyük xüsusi çəkisi olmuşdur. Onların böyük bir qisminin ali təhsilləri olmamasına baxmayaraq, öz bilik və təcrübələri ilə o, dövrdə daima fərqlənmişlər. Bu haqda tədqiqat müəllifi yazır: “Artıq XIX əsrin sonlarına yaxın Naxçıvanda maarifçi hərəkatın böyük bir dəstəsi yetişmişdi. Bu maarifçi ziyalılardan adı Naxçıvanda məktəb təhsili təcrübəsi ilə bilavasitə bağlı olan Mirzə Sadıx Quliyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev, Əbülqasım Sultanov, Mirzə Ələkbər Süleymanov, Sadıq Xəlilov, Rəhim Xəlilov, Ələsgər Şeyxhəsənov, Ələsgər Abbasov, Molla Məmmədqulu Qazıyev, Kərbalayı Cəfəralı Adıgözəlov, Mirzə Cəlil Şürbi, Məmmədəli Sidqi Səfərov, Kərim bəy İsmayılov, Mirzə Nəsurulla Əmirov, Məmməd Zamanbəyov, Rəhim Kazımbəyov, Şeyx Məhəmməd Rəsizadə, Əlirza Rəsizadə, Həsən Qazıyev və bir çox başqaları bölgənin təhsil tarixinin səhifələrini yazmışlar”.
Daha sonra isə müəllif görkəmli maarifçi-pedaqoqların Naxçıvan bölgəsində ictimai-pedaqoji mühitin inkişafına göstərdiyi təsiri araşdırmış və yeni faktlar üzə çıxarmışdır. Məlum olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda təhsilin, ictimai-pedaqoji fikrin inkişafından Azərbaycan ictimai-mədəni fikrinin, pedaqogikasının görkəmli nümayyəndələri Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyov və başqalarının bu və ya digər şəkildə əməyi və misilsiz xidmətləri olmuşdur. Müəllifin qeyd etdiyi kimi, bölgədə, qabaqcıl pedaqoji fikrin yayılmasında maarifçi-ziyalıların mühim rolu olmuşdur. Onlar pedaqoji düşüncənin, ədəbi-mədəni mühitin mütərəqqi əsaslarla inkişafına çox böyük təsir göstərmişdir.
Monoqrafiyanın sonuncu yarımfəsilində muxtariyyətin ilk illərində Naxçıvan bölgəsində təhsilin və pedaqoji fikrin vəziyyətinin də araşdırması çox təqdirə layiq haldır. Bildiyimiz kimi, 1918-1924-cü illərdə Azərbaycanın siyasi və mədəni həyatında həmişə mühüm rol oynayan qədim Naxçıvan diyarı özünün çox ziddiyyətli və mürəkkəb bir bir dövrünü yaşamışdır. Bu dövrdə müxtəlif adda və müxtəlif məzmuna malik tədris müəssisələri fəaliyyət göstərmişdir. Müəllif araşdırmalarında bu haqda yazırdı: “Bəhs olunan dövrdə məktəb təhsili üçün səciyyəvi xüsusiyyət kimi qabaqcıl pedaqoji ideyaların və mütərəqqi məzmuna malik milli tərbiyə ənənələrini özündə birləşdirən ana dili məktəblərinin meydana gəlməsi və inkişafı idi. Bu tədris ocaqları Azərbaycan dili, həmçinin ibtidai məktəbin digər fənləri üzrə dərslik və vəsaitlər hazırlamaq işində də əhəmiyyətli rol oynamışdır”.
Monoqrafiyanın nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş nəticələrdən bəhs olunmuş və müddəalar şəklində ümumiləşdirilmişdir.
Müəllif mövzunun öyrənilməsi, problemin dərindən tədqiq edilməsi zamanı məsələyə hərtərəfli və kompleks şəkildə yanaşmış, qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək elmi əhəmiyyət daşıyan tədqiqat əsəri yazmışdır.
Araşdırma zamanı istifadə olunmuş zəngin arxiv materialları və rus mənbələri monoqrafiyanın yüksək elmi səviyyədə yazılmasına səbəb olmuşdur.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin elmi-nəzəri və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası Azərbaycan təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfədir. Əsər hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaq, hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.
Taleh XƏLİLOV
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan
Respublikası Təhsil Şurasının üzvü
Palitra 2019.- 6 sentyabr.- S.13.