95 yaşlı
Naxçıvan Tarix Muzeyi
5 min illik tarixi özündə yaşadan Naxçıvan bu gün dünyanın diqqət mərkəzindədir. Görkəmli pedaqoq və elm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb. Naxçıvan dünya ədəbiyyatına Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi simalar bəxş edib. Naxçıvandan ta Konyayacan uzanan mənəviyyat körpüsünü inşa edən Nemətullah Naxçıvani, ulu yurdun əsrarəngiz təbiət mənzərələrini tablolara köçürən Bəhruz Kəngərli, kimya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli akademik Yusif Məmmədəliyev və adını sadalamadığımız onlarla şəxsiyyətlər bu ulu yurdun əvəzsiz inciləridir. Məhz şəxsiyyətlər sayəsində torpaq ülviləşir, zəngin maddi-mədəni dəyərlər xəzinəsinə sahib olur. Bu xəzinəni bir araya toplayan, hifz və nümayiş etdirənsə mədəniyyət ocaqları-muzeylərdir. Yaşı minilliklərlə ölçülən bu qədim diyarda 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənə¬lərini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Bu yazımız vasitəsilə, əziz oxucular, sizinlə birlikdə muxtar respublikada fəaliyyətə başlayan ilk rəsmi muzeyə-95 yaşlı Naxçıvan Dövlət Tarix muzeyinə qiyabi də olsa, qısa ekskursiya edəcəyik. Xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, muzeyin tanıtım kitabı hazırlanaraq nəşr ediləcək, internet portalı yaradılacaq. Bundan əlavə, Naxçıvan Dövlət Tarix muzeyi ilə muxtar respublikanın ali, orta ixtisas təhsili və ümumtəhsil müəssisələri arasında interaktiv dərslərin keçirilməsi, Naxçıvanda muzey işinin yaranması, tarixi və fəaliyyəti ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, dərs vəsaiti və metodik materialların hazırlanması nəzərdə tutulub.
1924-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvan MSSR Xalq Komissarları Soveti 30 oktyabr 1924-cü il tarixli Qərar qəbul edib. Bununla da, muxtar respublikada muzeyşünaslığın əsası qoyulub. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyevvə digərləri fəal iştirak ediblər.Cəmiyyətin arxeoloqlarla birgə muxtar respublika ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi maddi-mədəniyyət nümunələri muzeyin ekspozisiyasını zamanla zənginləşdirib. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilib və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilib. 1967-ci ilədək muxtar respublikada yeganə muzey kimi əhaliyə xidmət göstərən bu mədəniyyət müəssisəsi 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirir.
İlk dövrlərdə qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeydə hazırda on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır ki, bundan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir. Zəngin fonda malik olan Naxçıvan Dövlət Tarix Muzeyi 1983-cü ilin iyul ayından Azərbaycan SSR Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə tarix profilli muzeylər üçün baza müəssisəsi kimi fəaliyyət göstərməklə muxtar respublikada yeni yaranan muzeylərin fondunun təşkilində və ekspozisiyasının qurulmasında da yaxından iştirak edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti və quraşdırma işləri aparılıb. Ekspozisiya yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 oktyabr tarixli Qərarı ilə Dövlət Tarix Muzeyinə muxtar respublika statusu verilib.
Muzey ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir.
Muzeyə qısa ekskursiya
Muzeyi ziyarət edən hər bir tamaşaçıya Naxçıvanın ən qədim insan məskənlərindən biri olduğu haqda məlumat verilir. Naxçıvan ərazisində aşkar edilən Daş və Tunc dövrünün abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlığı ilə seçilən boyalı qablar mədəniyyəti, qədim şəhərsalma mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən biri olduğunu təsdiq edir.
Qazma, Kilit, Daşqala, Ərməmməd mağaraları, I Kültəpə, Sədərək, Ovçular təpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləribu ərazidə Neolit dövründən etibarən məskən salmış ibtidai insanların izlərini qoruyur. Bu yaşayış məskənləri barədə məlumatlar ekspozisiyada əksini tapır. Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də Duzdağ mədəniyyətidir. Duz mədənlərinin yaxınlığından aşkar olunan daş çəkiclər, həvəndəstələr, daş alətlər, eləcə də duz istehsalında və emalında istifadə olunan digər alətlər vitrində yer alıb.Duzdağ mədəni erkən şəhər mədəniyyətinin formalaşmasında mühüm rol oynamaqla yanaşı, həmdə ən mühüm sağlamlıq ocaqlarından birinə çevrilmişdir. Guşədə Fizioterapiya Mərkəzinə aid fotoşəkillər nümayiş olunur.
Naxçıvanın adı birbaşa Nuh Peyğəmbərlə bağlıdır. Nuh peyğəmbərin dövründə yer üzünü su basması nəticəsində insanlarla yanaşı heyvanlar da tələf olub. Onlardan bəziləri daşlaşaraq dövrümüzə qədər gəlib çatmışlar. Daşlaşmış ilbiz, dəniz kirpisi, tısbağa və üzərində balıq izləri olan daşların nümayişi tarixi fakt kimi çıxış edir.
“Ümumdünya tufanı” barədə Şumer rəvayətlərinin ilk yazılı variantına əsasən Naxçıvan dünyanın ən qədimsivilizasiya mərkəzlərindən biri hesab edilir. Nuh peyğəmbərin qəbrinin Naxçıvanda olması, onun gəmisinin burada quruya çıxdığını sübut edir. Bu haqda ekspozisiyada da dəyərli materiallar var.
Naxçıvanın təkrarsız mədəniyyətinə boyalı qablar mədəniyyəti də daxildir. Naxçıvanın qədim yaşayış məskənləri olan I-II Kültəpə, Oğlanqala, Şortəpə və digər yerlərdə saysız-hesabsız gil qab nümunələrinə rast gəlinib. Muzeydə Kür-Araz mədəniyyətinə aid olan gil parçaları, monoxrom və polixrom boyalı küplər nümayiş olunur.
E.ə III-I minilliklərə aid olan Əshabi-Kəhf nəinki Azərbaycanda, eyni zamanda Şərq ölkələrində və müsəlman xalqları arasında müqəddəs hesab olunur. Burada Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksindən çəkilmiş fotolar və ziyarətgah haqqında nəşr olunmuş kitablar nümayiş olunur.
Bildiyimiz kimi, 1920-ci ildə Rusiya və Ermənistanın arasında bağlanan razılaşmaya əsasən qədim Zəngəzur diyarı Ermənistana birləşdirilib. Bu ərazilərdə olan qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılıb. Muzeydə hifz olunan sənduqələr Zəngəzur mahalının Urud kənd qəbiristanlığından gətirilib. Üzərlərində ərəb əlifbası ilə məxsus olduqları şəxslərin adları, sujetli kompozisiyalar təsvir olunub.
Ardı var
Ruhiyyə Rəsulova
Naxçıvan
Televiziyasının baş redaktoru
Palitra 2019.- 10 sentyabr.- S.14.