Yeni dövrləşdirmə
konsepsiyası
İsa
Həbibbəylinin “Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf
mərhələləri” kitabı çap olunub
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin
“Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası
və inkişaf mərhələləri”
monoqrafiyası çap olunub. “Elm”
nəşriyyatında işıq üzü görən kitab Azərbaycan
ədəbiyyatı tarixinin elmi-nəzəri
cəhətdən dövrləşdirilməsinə
həsr edilmiş ilk monoqrafik tədqiqatdır.
Ədəbiyyatşünaslıq
elmində ilk dəfə akademik İsa Həbibbəyli
tərəfindən hazırlanmış sistemli dövrləşdirmə
konsepsiyası əsasında çoxəsrlik Azərbaycan
ədəbiyyatı tarixinin inkişaf mərhələləri
müəyyən edilmişdir. Elmi yeniliyi və
əhəmiyyəti nəzərə alınaraq,
tədqiqat işi çap olunmamışdan qabaq AMEA
Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər
Bölməsinin, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi şurasında
və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan) iclaslarında geniş müzakirə olunub.
Kitabda Azərbaycan
ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara,
ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilib
təhlil olunub. Bundan başqa, Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirməsi
zamanı Azərbaycan xalqının milli maraqlarından
və dövlətçilik meyarlarından
çıxış edilərək aşağıdakı
prinsiplərə əsaslanmaq faydalı hesab olunub:
1.
Azərbaycançılıq məfkurəsi; 2. Sivilizasiya faktoru;
3.Azərbaycanda ədəbi cərəyanlar. 4.
Ədəbi-tarixi prosesin reallıqları;
Kitabda Azərbaycan
ədəbiyyatı tarixinin on inkişaf mərhələsi
göstərilmiş və hər bir ədəbi
mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə
əsaslandırılıb.
1.
Qədim dövr Azərbaycan ədəbiyyatı.
Etnosdan-eposadək (ən qədim dövrlərdən VII
əsrə qədər)
2.
Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X
əsrlər)
3. İntibah dövrü Azərbaycan
ədəbiyyatı (XI-XII əsrlər)
4. Orta əsrlər Azərbaycan
ədəbiyyatı (XIII-XVI əsrlər)
5.
Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII
əsrlər)
6.
Azərbaycan ədəbiyyatında maarifçi realizm mərhələsi
(XIX əsr)
7.
Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası
(XIX əsrin doxsanıncı illərindən
Azərbaycanda sovet hakimiyyətinədək)
8.
Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı
illər)
9.
Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı
mərhələsi. Modernizm (1960-1980-ci illər)
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan
ədəbiyyatı (1991-ci ildən)
Həcm etibarilə 450
səhifədən ibarət olan monoqrafiyada Azərbaycan
ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna dair hər bir mərhələsinin
şərhi verilmiş, elmi cəhətdən
və ədəbiyyatdan gələn nümunələrlə
əsaslandırılıb.
Akademik İsa Həbibbəylinin
«Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri»
monoqrafiyasında milli ədəbiyyat tariximiz mərhələlər
üzrə dövrləşdirilərkən uzun illər
ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin
tətbiqindən imtina olunub.
Hələlik
Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində,
həmçinin, qonşu ölkələrdə
ədəbiyyat tarixinin dövrləşdirilməsi
üzrə elmi-nəzəri təsnifat aparılmayıb.
Ciddi elmi-nəzəri
əhəmiyyətə malik olan «Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası
və inkişaf mərhələləri»
monoqrafiyasının elmi redaktoru, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Ertəgin
Salamzadə, məsul redaktoru filologiya elmləri doktoru Əlizadə
Əsgərlidir.
Kitab tədqiqatçılar, ali məktəb
müəllimləri və tələbələri üçün faydalı
mənbə ola bilər.
Nigar