Azərbaycan xalqına və
dövlətinə xidmət göstərən neft strategiyası
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında hazırlanmış
“Əsrin müqaviləsi” respublikamızın salnaməsinə
yeni neft strategiyasının şanlı səhifəsi kimi
yazılıb. Bu müqavilə həm
karbohidrogen ehtiyatlarının
miqdarına, həm də qoyulan sərmayələrin
həcminə görə dünyada bağlanan ən iri
sazişlər siyahısına daxildir.
“Əsrin
müqaviləsi” ilə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranıb
Ölkənin iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. Ümummilli Liderin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. 1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə 30-dan çox saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub.
Yeni neft strategiyası xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə edilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı”nın imzalandığını deyən Prezident İlham Əliyev bildirib ki, bununla Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranıb: “Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır.
Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.
1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalandıqdan bir müddət sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlandı. Bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Bu da yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başladı. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. TANAP layihəsi və onun həyata keçirilməsi, eləcə də 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi.
“Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız orada “Əsrin müqaviləsi”nin dəstəyini görmək mümkündür"
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi” bu gün həqiqətən uğurlu bur strategiya kimi qəbul edilir. Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 1990-cı illərdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi, bir tərəfdən müharibə davam edirdi, digər tərəfdən isə iqtisadiyyat tamamilə dağılmış və ölkədə siyasi anarxiya hökm sürürdü. Məhz belə tarixdə Azərbaycanın müstəqilliyini, dövlətini qoruyub saxlamaq bütövlükdə ölkə qarşısında mühüm bir vəzifə idi. Millət vəkili qeyd edir ki, o zamanlar hər kəs olum və yaxud da olmamaq haqqında dilemma qarşısında qalmışdı: “Belə bir vəziyyətdə iqtisadiyyatın güclənməsi, əlavə olaraq vəsaitlərlə təmin edilməsi Azərbaycanın inkişafı üçün çox mühüm rol oynayırdı. Bu cəhətdən baxsaq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcək taleyini həll etdi. Bu müqaviləyə sadəcə bir neft müqaviləsi kimi baxmaq lazım deyil. Çünki o zaman o siyasi şəraitdə həmin geosiyası konteksdə biz baxsaq, Ümummilli Liderin nüfuzuna əsaslanan belə bir müqavilənin olması məhz Azərbaycan xalqının bütövlükdə növbəti inkişaf yolunun hansı istiqamətdə olduğunu göstərdi. Kifayət qədər dəqiqliklə və incəliklə imzalanmış müqavilənin təfərrüatları eyni zamanda həmin an bölgədə olan bütün güclərin bu müqaviləyə cəlb olunması ilə Azərbaycanın müstəqilliyində sanki bir kompromisin əldə olunması böyük siyasi ustalıq tələb edirdi. Təbii ki, Azərbaycan ondan öncə də Ulu Öndərin dövründə 1970-80-ci illərdə Azərbaycan neftinin kəşfiyyatı və potensialının yaradılması ilə bağlı xeyli işlər görülmüşdü. Amma o zaman Azərbaycanda texnika və texnologiyanın olmaması, dövlətin yeni müstəqillik əldə etməsi və heç bir iqtisadi rıçaqların olmaması Xəzər dənizində işlərə birbaşa xarici partnyorların cəlb olunmasına və investisiyaların gəlməsini şərtləndirirdi. Atılan bu addım sonradan Azərbaycanın bütövlükdə iqtisadiyyatına 250 milyard dollardan çox investor gətirməsinə səbəb oldu. Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız orada məhz “Əsrin müqaviləsi”nin dəstəyini və ondan irəli gələn o güclü siqnalları görmək mümkündür".
SOCAR- uğurlu investisiya siyasəti
Bu gün dünya enerji bazarında neft strategiyasının uğurla həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR )son illərdə apardığı investisiya siyasəti ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edir. 2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan “Petkim”in idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatıran SOCAR bu günədək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında yenidən qurulmasına milyonlarla dollar sərmayə ayırıb. SOCAR-ın Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində inşa etdiyi “Star” Neft Emalı Zavodu illik 10 milyon ton xam neft emalı ilə Türkiyənin illik təxminən 38 milyon ton neft məhsulu ehtiyacının 25 faizini tək başına qarşılayacaq olan “Star” NEZ, dizel, reaktiv yanacağı və nafta kimi strateji məhsulların idxalını azaldaraq büdcə kəsirinin ildə təxminən 1,5 milyard dolların azaldılmasına kömək edəcək. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda çıxışı zamanı bildirib ki, “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq: “Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayədir - “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir. 2008-ci ildən etibarən enerji sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR “Star” neft emalı zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə ölkəmizə qazandırıb. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək. Qeyd edək ki, “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək.
Beləliklə, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyub. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
Nigar Abdullayeva
Palitra 2019.- 10 sentyabr.- S.7.