ADPU-nun Pedaqoji Forumunun
növbəti dinləməsi keçirilib
Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumun növbəti-2019-2020-ci
tədris ilinin başlanmasına həsr edilmiş VIII dinləməsi keçirilib.
Görüşdə ABŞ-ın Kaliforniya
ştatının Birləşmiş Genom
İnstitutunun enerji
şöbəsində çalışan, tanınmış
azərbaycanlı alim Asəf Salamov “Birləşmiş Genom
İnstitutunda göbələk və
yosunların genomikası” mövzusunda məruzə
ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi,
fakültə dekanları, kafedra müdirləri,
şöbə müdirləri, professor-müəllimləri,
tanınmış və nüfuzlu təhsil
mütəxəssisləri, müvafiq sahədə
tədqiqat aparan alimlər, təhsil
ekspertləri, pedaqoji ictimaiyyətin
nümayəndələri və təhsil sahəsindən
yazan jurnalistlər iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları
salamlayıb və bildirib ki,
bu gün Universitetin həyatında əlamətdar bir gündür. Biz bu gün
ABŞ-ın Kaliforniya ştatının
Birləşmiş Genom İnstitutunun
enerji şöbəsində
çalışan, görkəmli azərbaycanlı alim Asəf Salamovla görüş keçiririk.
A. Salamov dünya miqyasda tanınan böyük
azərbaycanlı alimdir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tanınmış alim Asəf Salamovun həyat və elmi fəaliyyəti haqqında məlumat verərək bildirib ki, o, 1961-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib, təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Bir müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib. 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kampaniyasında işləyib. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunda enerji şöbəsində çalışır. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Alimin məqalələri dəfələrlə yüksək impakt-faktorlu, çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir. Dünyanın ən nüfuzlu elmi jurnallarından hesab olunan "Tompson Röyter" beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib. Bütün dünya üzrə 3215 nəfər alimin yer aldığı siyahıda Asəf Salamov da var. Nobel mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf Salamov 2 istiqamət - kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox sitat gətirilən alimlərdən biridir. Adıçəkilən siyahıda ABŞ-dan 1717 nəfər, Böyük Britaniyadan 340 nəfər, Almaniyadan 164 nəfər, Çindən 160 nəfər, Fransadan 100 nəfər, İsraildən 10 nəfər alimin adı yer alıb. Həmyerlimizin dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan “Tompson Röyter”in reytinq siyahısında yer alması elm və təhsilimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.
A.Salamov təqdimatın
keçirilməsinə görə ADPU-nun
rəhbərliyinə təşəkkür edib
və universitetin kollektivinə uğurlar arzulayıb. Sonra
çalışdığı institutun
fəaliyyəti haqqında ətraflı məlumat verərək
qeyd edib ki, institut əsasən fundamental elmlərlə məşğul olur, tədqiqat işlərinin bir
çoxunun praktik tətbiqi
əhəmiyyəti var.
Əsas hədəfi insan və heyvan
xromosomlarının öyrənilməsi olan
institut 2004-ci ildən bitgiləri,
2013-cü ildən görünməz kiçik
orqanizmləri öyrənməyə başlayıb. 2018-ci ildən
isə kiçik molekulların tədqiqinə
keçib. İnstitut
bütün dünyada
ətraf mühitin genomikası sahəsində
aparıcı mərkəzlərdən biridir.
İnstitut öz elmi tədqiqatlarında böyük
uğurlar qazanıb.
A.Salamovun geniş
və maraqlı təqdimatı iştirakçılar tərəfindən
böyük maraqla
qarşılanıb.
Elm və innovasiyalar
üzrə prorektor, professor
Asəf Zamanov çıxış edərək
təqdimatı yüksək qiymətləndirib və alimə
yeni uğurlar
arzulayıb.
Nigar.
Palitra 2019.- 10 sentyabr.- S.6.