Zəhmətlə qazanılan ucalıq

İstedadlı və zəhmətkeş insanlar barəsində söz açmaq, yazı yazmaq olduqca maraqlı və məsuliyyətli işdir. Maraqlıdır ona görə ki, haqqında bəhs etdiyin insan zəngin mənəvi keyfiyyətlərə malikdir və sən bu keyfiyyətləri vurğulamaqdan qürur duyursan. Məsuliyyətlidir ona görə ki, söz açdığın insan barəsində dəqiq və ətraflı məlumatlara malik olmalısan, həmçinin də cəmiyyətə ötürəcəyin informasiyalar yetərincə əhatəli olmalıdır. Xoşdur ki, haqqında ürəklə danışa biləcəyimiz, əməyini işıqlandırmaqdan yorulmayacağımız əsl müəllimlər var. Əsl müəllimlər, əsasən yaradıcı olurlar. Çətin və şərəfli peşəsində böyük sevgixüsusi diqqətlə yanaşan, yaradıcı, əsl zəhmətkeş müəllimlərimizdən biriBayram Heydər oğlu Məmmədovdur.

İstefada olan polkovnik-leytenant, politoloq, jurnalist, tərcüməçi, müəllim Bayram Məmmədov 21 mart 1956-cı ildə Zəngilan rayonunun Canbar kəndində dünyaya göz açıb. Atası zəhmətsevər insan, anası şair təbiətli el ağbirçəyi idi.

Bayram ilk təhsilini Zəngilan şəhər 1 saylı orta məktəbində alır. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Bayram Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olur. İnstitutu bitirdiyi il, yəni 1978-ci ildə Uzaq Şərqə hərbi xidmətə yollanır. Xidmətinin ilk günlərindən nizam-intizamı, bilik və bacarığı, intellektual səviyyəsi ilə seçilir. Tezliklə komandirlərinin rəğbətini qazanan Bayram kiçik serjant rütbəsi alaraq, bölmə komandiri təyin olunur.

Əbəs yerə deyil ki, əsgər yoldaşı Nikolay Kvelidze “Bölmə komandiri” adlı yazısında əsgər yoldaşı barəsində ürək sözlərini belə qələmə alıb: “Onun haqqında bütün hərbi hissədə çox hərarətli sözlər deyilir. Hamısı da ürəkdən gələn sözlərdir. Çünki Bayram öz əsgəri borcunu yüksək məsuliyyət hissilə, şərəflə, vicdanla yerinə yetirir”.

1980-cı ildə hərbi xidmətini fəxri fərman və təşəkkürnamələrlə bitirən Bayram ana torpağı Zəngilana qayıdır. 1980-1991-ci illərdə Zəngilan Rayon Komsomol Komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri, Azərbaycan KP Zəngilan rayon komitəsində siyasi maarif kabinetinin müdiri və Zəngilan rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsində işləyir. Respublikamız müstəqillik qazandıqdan sonra onun ilk atributlarından biri olan milli ordumuzun yaradılması ilə əlaqədar 10 noyabr 1991-ci ildə Müdafiə nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılır və Zəngilan rayonu ərazi özünümüdafiə taborunun komandiri təyin olunur.

O, Vətəninə, millətinə bağlılığını hər addımında sübut edir. Bayram müəllim həm də gözəl jurnalist, yüzlərlə elmi-publisistik məqalələrin, tərcümələrin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi mütəmadi ölkə mətbuatında çıxış edir.

Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra uzun illər Silahlı Qüvvələrin Hərbi Akademiyasında müəllim kimi fəalliyyət göstərərək öz hərbi təcrübəsini və elmi biliklərini dinləyicilərə aşılayır.

Hər işin öhdəsindən layiqincə gələn Bayram müəllim 24 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülür. Bu günelmi fəalliyyətini davam etdirən Bayram Məmmədov Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və tərəfdaşlıq mərkəzinin roman-german dilləri bölməsində baş müəllim vəzifəsində çalışır. O, bir neçə elmi məqalənin müəllifi olmaqla yanaşı, “İngilis dilində Hərbi qısaltmalar lüğət”in, “Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi lüğət”in, eyni zamanda “İngiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət”in müəllifidir. Onun yazdığı elmi məqalələr və hazırladığı bu lüğətlər Azərbaycan dilinin hərbi leksikologiyasının zənginləşdirilməsində əvəzsiz rol oynamışdır. O, həmçinin Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidentidir. Ailəlidir. 3 övladı 8 nəvəsi var.

Bugünlərdə Bayram Məmmədovla görüşüb bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq:

-Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olsam da ədəbiyyata, publisistikaya olan marağım, yazmaq həvəsim mənim mətbuatda çıxış etməyimə səbəb oldu. Peşəyə olan məhəbbətim əzmkarlığım mənə həyat amalımı reallaşdırmağa dəstək oldu. Çox qəribədir ki, həyatımın yolları hərbi xidmətdən, səngərdən keçdi. Hərbi mundiri geyinmək, Vətən uğrunda sinəsini sipər etmək mənə nəsib oldu. Xoşbəxt insanlardanam ona görə ki, bu gün Vətən müdafiəçilərinin təhsil almasında mənim, az da olsa, payım var”.

Bayram müəllim bildirir ki, bu gün hər hansı tədris ocağında işləyən müəllim müasirliklə ayaqlaşmalı inkişaf etməyi bacarmalıdır. Müəllimin inkişafı onun təcrübəsi öyrəndiyi bilikləri şagirdlərinə, tələbələrinə, dinləyicilərinə çatdırmasıdır. Öyrədənin inkişafı onun yetirmələrinin nəticələri ilə birbaşa əlaqəlidir. Təhsildə elektron innovasiyalardan istifadənin genişləndiyi bir dövrdə müəllim dərslərini dünya təhsil sistemi ilə uyğunlaşdırmalı, yeni təlim metodlarının tətbiqindən istifadə etməlidir.

Müəllimin inkişafının ən başlıca amillərindən biri onun şəxsi mütaliəsidir. Mənim inkişafımda mütaliə xüsusi yer tutur. Müəllimlik ali bir peşədir. Bu peşənin marağı fədakarlığı kimi, ağırlığı da var. Müəllim öz nüfuzunu yalnız şagirdləri, tələbələri dinləyiciləri arasında deyil, ictimai yerlərdə qorumalıdır. O, həyata baxışı, ədaləti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.

...Həyatda hadisələrə qiyməti onsuz da zaman verir. Əzəli əbədi dünyamızın ən qocaman hakimi. Bizlərin daşıya biləcəyi isə yüksək amaldır. Arzumuz odur ki, zəhmətlə, uğurlarla qazandığınız ucalıqda min yaşayın, Bayram müəllim!

Ceyhun Cəfərli

Palitra.-2019.-11 sentyabr.-S.15.