Karvan keçdi

 

Karvan keçdi dayanmadı,

Gözüm nura boyanmadı,

Yatan bəxtim oyanmadı,

Göz həsrətlə qovuşanda.

 

Ömür baxır pəncərədən,

Hər təpədən, hər dərədən,

Alqışlandım yerbəyerdən,

Sən qismətlə qovuşanda.

 

Karvan gedir qalan nədir?!

Göyə körpü salan nədir?!

Sevən ürək divanədir,

Məhəbbətlə qovuşanda.

 

Səxavətəm, ömrü qonaq,

Çox dolandım bu dağ, o dağ.

Ötən karvan qayıdacaq,

Səadətlə qovuşanda.

 

 

Son ayrılıq

Mən ağladım göz ağladı,

Dərd ümidə bel bağladı.

Dostum köçdü əzablardan,

Yas saxladım, yas saxladı.

 

Əzab verən dərdə hakim,

Yazan yazdı, pozan de kim?!

Yer fırlandı, dizim əsdi,

Nəbzimdən tutdu həkim.

 

Qapı döyən əlin yansın,

Gəl-gəl deyən dilin yansın,

Ellə gələn dərd selinin,

Qabağında kim dayansın.

 

Dəmir əsa, dəmir çarıq,

Biri şişman, biri arıq.

Əjdaha tək ağız açır,

Ağız yumur son ayrılıq

 

Tamarzıyam

Bu ömrün amanı yox,

Sisi, çəni, dumanı yox.

Qəhəd olsun başına,

Səndən heç umanı yox.

 

Xoflu xain qulaq çəkər,

İmkan düşsə səni təklər.

Xəzan sarsa çəmənzarı,

Sinə döyər sərt küləklər..

 

Ayaq-təpə düz ağardır,

Kişi hökmü üz ağardır,

Yaltaq ona yalmananda,

O yaltağa göz ağardır.

Köç havası var başımda,

Buza döndü qar başımda,

Görünməyən gözə dəydi,

Qaçdı ürək sirdaşım da.

 

Qorxu nədir, səbəb axtar,

Ərkan axtar, ədəb axtar.

Gəl bəhanə gəzmə, könül,

Ölməməkçün bir həb axtar.

 

Səxavətəm, qış yazıyam,

Çıxan tərin ayazıyam.

Yaşamaqdan dünya doysa,

Mən yenə tamarzıyam.

 

İnsan gəlir,

insan gedir

 

De, bu dünya dünyadı?

Yanan gəlir, yanan gedir.

Ümid ilə yaşayırıq,

İnam gəlir, güman gedir.

 

İnama bax, dözümə bax,

Yozumlarda yozuma bax,

Dözümlərdə dözümə bax,

Bir can gəlir, bir can gedir.

 

Möcüzəylə dolu həyat,

Ömrümüzün yolu həyat,

Hardan hara gedir, heyhat

Zaman gəlir, zaman gedir.

 

Arzularla doğuluruq,

Qayğılara yük oluruq,

Çiçək kimi tez soluruq,

Qış gələndə xəzan gedir.

Nəğmələr var qəmli, kövrək,

Ağlayanda necə gülək?

Qaranlığı yaran şimşək,

Bir an gəlir, bir an gedir.

 

Səxavətəm oldum ası,

Bu dünya bir qəm adası,

Mən dadmasam kim dadası,

İnsan gəlir, insan gedir.

 

 

Düşünən,

düşündürən...

Suallar, sorğular

qalıb hayanda,

Ağılım kamalım yerli

yerində.

Dünya hövsələdən

çıxdığı anda,

Zəlzələ törədir

həndəvərində.

 

Günəş asimanda alışır yanır,

Fəqət, atəşinə

qalanmır dünya.

Belə söyləyirlər,

dünya fırlanır”,

Basıb əyləcini

dayanmır dünya.

 

Türkanın ənciri, sarı giləsi,

Bakı bağlarının

tacıdır məncə.

Qaməti əyilməz

Xıdırza dağın,

Şəlalə dağılan saçıdır məncə.

Bu bir həqiqətdir

söyləyim sənə,

Quru olan yerdə

yaş da gərəkdir,

Bil, sevgi açarı, ürək xəzinə

Bunları düşünən

baş da gərəkdir.

 

Su səhəngi

suda sınar

Qəlb diksinər, göz boylanar.

Səni tutan bəbəklərim,

Həsrətinin təşnəsindən

Cızıldayıb odda yanar.

 

Göy gərilmiş kamandı,

Oxu yağan yağışlar.

Torpağın sinəsinə

Nizə-nizə sancılar,

Ucu peykan yağışlar

 

Uyuşduran həbdən içib,

Guya özünü məst edirsən.

Məni sevən yaxın dostum,

ölümlə həyatına,

Bilə-bilə qəsd edirsən.

 

Köçən köçdü yurd yerində,

Kölgə düşür qal sərində.

İlahi bir möcüzədir,

Yarıq-yarıq daşdan sızan,

 

Bulaq üzdə, su dərində.

Ömür-günlə qəm yaşıddır

Bu zil bəmlə yaşıddır.

Ani gəlib gedən sevinc

Demə dərdlə həmyaşıddır.

 

Səxavət Türkanlı

Palitra  2019.- 13 sentyabr .- S.15.