Rəqəmsal iqtisadiyyat quruculuğu: Azərbaycan
üçün açılan imkanlar
Rəqəmsal texnologiyaların inkişafı
bəşəriyyət qarşısında tərəqqi üçün yeni
üfüqlər açır. Hazırda dünya
“SƏNAYE 4.0” - Dördüncü Sənaye
İnqilabına qədəm qoyur. Bu, istehsalın
avtomatlaşdırılması, robotlaşma,
süni intellektdən geniş
istifadə, iqtisadiyyatın bütün
sahələrində rəqəmsal texnologiyaların tətbiqi
deməkdir. “SƏNAYE 4.0” rəqəmsallaşma, texnoloji infrastruktur quruculuğu ilə sıx bağlı olaraq ən fərqli sahələrdə
yeniliklərin tətbiqinə və inkişafa
gətirib çıxarır.
Hazırda dünya ölkələri yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər. Belə bir dövrdə rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə də iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması ən çox müzakirə olunan məsələlərdəndir.
Texnoloji tərəqqi dünya üzrə müxtəlif regionlarda fərqli səviyyədə olduğundan dövlətlər də rəqəmsallaşma
üzrə fərqli inkişaf səviyyəsinə
sahibdirlər və ümumilikdə bir
neçə qrupa bölünürlər.
Belə ki, ölkələr
rəqəmsallaşma üzrə liderlər, əsas qrup, geri qalanlar,
yeni başlayan liderlər
və rəqəmsallaşmada ötmə səviyyəsində
olan dövlətlər kimi
təsnif olunurlar. Əgər Cənubi Koreya, Danimarka, Böyük Britaniya,
İsveçrə və Çin kimi dövlətlər liderlər
kateqoriyasına, Almaniya, ABŞ, Yaponiya, Hindistan, Avropa İttifaqı ölkələri əsas
qrupa daxildirlərsə, digər dövlətlər
müvafiq olaraq geri qalanlar, yeni başlayan liderlər
və rəqəmsallaşmada ötmə səviyyəsində
olanlar kateqoriyasına aiddirlər.
Dünyada enerji
və nəqliyyat mərkəzi olaraq
tanınan, Avropa İttifaqı və bir sıra dövlətlərin enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycan da artıq “SƏNAYE 4.0”ə qədəm qoyur. Yeni dövr
Azərbaycanın da qarşısında
zamanın çağırışlarına cavab
vermək, iqtisadi inkişafda
yeni hədəflərə çatmaq kimi vəzifələr
formalaşdırır. Sürətli inkişaf
səviyyəsində olan dövlətlərdə
olduğu kimi, ölkəmiz
üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması,
rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi
prioritetlər sırasındadır. Hazırda
Azərbaycan Respublikası iqtisadiyyatın rəqəmsallaşması,
rəqəmsal iqtisadiyyatın qurulması və
dayanıqlı inkişaf üçün
bütün imkanlara sahibdir. Ölkəmizin yerləşdiyi unikal coğrafi mövqe, təbii resursları, həmçinin
qiymətli insan resursları, eləcə
də son illər ərzində cənab Prezident İlham Əliyev
tərəfindən qəbul olunmuş
Dövlət proqramları, Sərəncam və fərmanlar buna tam imkan
verir.
Hazırda ölkəmiz İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %). Dünya Bankının “Doing Business 2019” hesabatında isə Azərbaycan Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. İqtisadi və sosial sahələrdə aparılan geniş islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə öncül mövqeləri əldə etməsi ilə nəticələnir.
Yeni iqtisadiyyat
- Rəqəmsal iqtisadiyyat quruculuğu
dayanıqlı infrastruktur ilə sıx
bağlıdır
İqtisadiyyatın rəqəmsallaşması
və rəqəmsal iqtisadiyyat quruculuğu dayanıqlı və təhlükəsiz
infrastruktur quruculuğu
ilə sıx bağlıdır. Çünki
bir qayda olaraq dayanıqlı və təhlükəsiz
infrastruktur olmadan həm
iqtisadiyyatın rəqəmsallaşması, yəni iqtisadiyyatda, iqtisadi
münasibətlərdə İKT-dən istifadə, həm
də rəqəmsal iqtisadiyyata keçid və onun
qurulması, yəni rəqəmsal texnologiyalar
əsasında rəqəmsal məhsulların
yaradılması - istehsalı mümkün
ola bilməz. Məhz müasir
texnoloji infrastruktur rəqəmsallaşmanın
və rəqəmsal iqtisadiyyatın əsas komponentini
təşkil edir. Hazırda dünyada sürətlə inkişaf
edən Əşyaların interneti (IoT), 5G, robotlaşma, kibertəhlükəsizlik,
süni intellektin tətbiqi
sahələri də müvafiq magistral infrastrukturun
qurulmasını və yenilənməsini tələb edir. Dayanıqlı sabit infrastruktur olmadan həm
ölkələrarası, həm də ölkədaxili
bağlantı (connectivity) xidmətlərinin
qabaqcıl standartlara uyğun
təmin edilməsi mümkün deyil. Hazırda dünya
üzrə bağlantı xidmətləri sürətlə inkişaf edir. Həm mobil, həm də genişzolaqlı internet istifadəçilərinin sayı
artır. Operatorlar hər ötən il infrastruktura yeni sərmayə yatırımı
ehtiyacı ilə qarşılaşırlar. Böyük
Britaniyanın telekom, media
və texnologiya üzrə
ixtisaslaşmış konsaltinq şirkəti
olan “Analysys Mason”un məlumatına əsasən,
2014-cü ildən bəri operatorlar internet infrastrukturuna 300 milyard ABŞ dollarından çox
sərmayə yatırıblar.
Araşdırmalar internetə qoşulan
cihazların da sayında artımın
olacağını göstərir. Məsələn, Mobil Operatorların Assosiasiyası olan “GSMA” təşkilatının “The Mobile Economy
2019” hesabatına əsasən dünya
üzrə 2018-2025-ci illər dövründə
Əşyaların interneti (IoT) bağlantılarının səviyyəsi
üç dəfə artaraq
25 milyarda çatacaq.
Bu dövrdə Əşyaların internetindən
əldə olunan gəlir isə 4 dəfə
artaraq 1.1 trilyon
ABŞ dolları həcmində olacaq. Rəqəmsallaşma
və infrastrukturun inkişafı mobil internet istifadəçilərinin
də sayında artımın baş verməsi
ilə nəticələnəcək. Hesabata
əsasən, mobil internet
istifadəçilərinin sayı 2018-ci ildə olan 3.6 milyard nəfərdən
2025-ci ildə 5 milyarda çatacaq.
Qeyd edilməlidir ki, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğu Azərbaycanda da İKT sahəsində dayanıqlı infrastruktur quruculuğu məsələlərini gündəmə gətirir. Beynəlxalq bağlantı xidmətlərinin təkmilləşməsi, internet xidmətindən hər il daha çox sayda insanın istifadə etməsi üçün sabit texnoloji bazanın təkmilləşməsi və yeni texnoloji infrastruktur quruculuğu mühüm əhəmiyyət kəsb edir. Hazırda reallaşmasına start verilmiş və Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üzrə icra edilən “Azerbaijan Digital HUB” proqramının da əsasında bu ideya dayanır. Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən icra olunan “Azerbaijan Digital HUB” proqramı çərçivəsində əsas istiqamətlərdən ən birincisi elə dayanıqlı infrastrukturun qurulmasıdır. Bu istiqamətdə şirkətimiz tərəfindən həm ölkə daxilində, həm də ölkə xaricində texnoloji infrastrukturun qurulması üçün işlər aparılır. “Azərbaycan Dəmir Yolları” QSC ilə apardığımız layihə ölkə daxilində dəmir yollarının mühafizə zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsini və beləliklə də Şimal-Cənub, Şərq-Qərb istiqamətlərdə qonşu dövlətlərin telekom operatorları ilə şəbəkə bağlantılarının qurulmasını təmin edəcəkdir. “Digital HUB” proqramı çərçivəsində Avropa ilə Asiya arasında tarixi ipək yolunun üzərində yeni rəqəmsal ipək yolunun qurulması və bunun üçün Xəzər dənizinin dibi ilə Azərbaycan və Orta Asiya ölkələri arasında “Transxəzər magistralı”nın çəkilməsi isə ölkə xaricində magistral infrastrukturun qurulması layihəsinin tərkib hissəsidir. Bütün qeyd olunanların reallaşması həm Azərbaycan daxilində müasir dövrün tələblərinə cavab verən sabit texnoloji bazanın formalaşmasını, həm də Azərbaycanın artıq internet və kontentin Asiya regionu ölkələrinə ötürülməsində tranzit, sonrakı mərhələdə (Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi və Azərbayanda Regional Data Mərkəzin qurulması ilə) artıq mərkəzi ölkəyə çevrilməsini təmin edəcək.
“Azerbaijan Digital
HUB” proqramı rəqəmsal iqtisadiyyat üçün əlverişli platformadır
“Digital HUB” proqramı Azərbaycanın
gələcək inkişafı üçün
təkcə infrastruktur baxımından yeni imkanlar yaratmır. Xüsusi qeyd olunmalıdır ki, bu proqram son
nəticədə rəqəmsal ekosistemin
formalaşmasını nəzərdə tutur.
Çünki proqramın əsasını
təşkil edən komponentlər arasında dayanıqlı infrastrukturun quruculuğu,
bağlantı xidmətlərinin təkmilləşməsi ilə
yanaşı həm də ölkəmizdə iri
kontent operatorlarının
(“Facebook”, “Google”, “Netflix”, “Amazon”, “Alibaba”, “Tencent” və s.) təmsil olunması, Regional
Data Mərkəzin tikintisi,
yeni iş yerlərinin
formalaşması, kiçik və orta biznes subyektlərinin rəqəmsal
biznes yönümündə
inkişafı və gələcəkdə rəqəmsal
xidmətlərin “Made in
Azerbaijan” brendi
altında ətraf regionlara ixracı
da vardır. Bütün bunlar isə Azərbaycanda rəqəmsal
ekosistemin formalaşmasına, rəqəmsal
iqtisadiyyatın inkişafına, ölkəmizin beynəlxalq
reytinqlərdə daha öncül
pillələrə qalxmasına, innovasiya
reytinqində irəliləməsinə və müvafiq
olaraq ümumi daxili məhsulun artımına da
şərait yaradacaq.
Araşdırmalar göstərir ki, rəqəmsal iqtisadiyyatın
inkişafının ölkənin ÜDM-nin
artımına mühüm təsiri
vardır. Müxtəlif dövlətlərin iqtisadi
inkişaf göstəricilərinə nəzər
salsaq görərik ki,
rəqəmsal sektorun Cənubi Koreya iqtisadiyyatında payı 12%,
İsveçdə 8.6%, Finlandiyada 8,3%, ABŞ-da 7,4%, Böyük
Britaniyada isə 7,1%-dir. Dünya
İqtisadi Forumunun məlumatına
əsasən, növbəti onillikdə iqtisadiyyatda
yaranan yeni dəyərin
70%-i məhz rəqəmsal platformalara əsaslanacaq.
“Google”in
proqnozlarına əsasən, təkcə Cənub- Şərqi
Asiyada rəqəmsal iqtisadiyyatın həcmi
2025-ci ilə qədər üçqat artacaq və 240 milyard
ABŞ dolları təşkil edəcək.
Hazırda ABŞ, Böyük
Britaniya, Fransa, Norveç, Qətər, Çin,
Rusiya kimi dövlətlər
rəqəmsal iqtisadiyyat quruculuğuna
xüsusi diqqət yetirir
və bu istiqamətdə hətta
xüsusiləşmiş orqanlar yaradaraq, milli proqramlar qəbul edirlər. Bu da rəqəmsal transformasiya
proseslərinin daha çevik formada aparılmasını təmin
edir.
Hazırda ölkəmizdə də aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm
baza formalaşdırır. Regionun Enerji
və Nəqliyyat Mərkəzi statuslarına
sahib olan Azərbaycanın
artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən
istifadə etməklə
qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və regionun Rəqəmsal Mərkəzinə çevrilmək
imkanı vardır.
Fuad Allahverdiyev,
“AzerTelecom” MMC-nin baş
Palitra 2019.- 13 sentyabr .- S.13.