Elmi təfəkkür və ifadə tərzinin harmonik vəhdəti
əvvəli var
Əsas məziyyət kimi təşbehlərin ifadə sərrastlığı xüsusi olaraq vurğulanır, bu ifadə vasitələrininmüqayisə subyektlərinin geniş elmi-nəzəri şərhi xüsusi maraq doğurur. İ.Şıxlının romanlarında nail olduğu bədii dil uğurlarının mühüm detalları, xüsusilə atalar sözləri və məsəllərdən faydalanma məharətinə, onların məna siqlətinə xüsusi diqqət cəlb edilir. Beləliklə, nəsr dili və onun poetikasına dair çoxsahəli və çoxcəhətli göstəricilər əyaniləşdirilir, müasir nəsrin dil qayğıları haqqında dərin və professionalmühakimələr yürüdülür.
Kitabda akademik H.Araslı və akademik M.Cəfərin dilçiliyin müxtəlif problemlərinə dair fikirlərini əks etdirən səhifələr olduqca böyük maraq doğurur. Müəllifin təqdimatından aydın görünür ki, Azərbaycan dilinin, dil mədəniyyətinin linqvistik nöqteyi-nəzərindən öyrənilməsinə diqqət artdıqca, linqvistik poetika fəallaşdıqca,ədəbiyyatşünaslıq və ədəbi tənqid də bu sahədəki fəaliyyətindən imtina etməmiş, əksinə, adları çəkilən ədəbiyyatşünas alimlər və digərləri dilçiliyin nəzəri problemlərinə, dilin daxili mahiyyətinə daha yaxından nüfuz etmiş, sənətkarlığın prinsiplərinə daha fəal münasibət bildirib, onun hərtərəfli perspektivlərini müəyyənləşdirmək və bədii yaradıcılığın vacib üslubi problemlərini aydınlaşdırmaq, ədəbiyyatın dil ləyaqətinin ölçülərini və bu ölçü meyarlarından yararlanma üsullarını müasir filologiyanın nəzəriyyə və metodologiyası əsasında inkişaf zərurətini aşkarlamaqla ədəbiyyatşünaslıq da öz fəaliyyətindən qalmamışdır. Müəllif bu məsələni H.Araslı və dahi şairimiz Nizaminin timsalında müfəssəl şəkildə şərh etmişdir. H.Araslının “Şairin həyatı” əsərinin dilində dialektizmlər və onların üslubi, leksik-semantik xüsusiyyətləri mükəmməl bədii sistem və üslubi novatorluq mövqeyindən dəyərləndirilmiş, alimin elmi yaradıcılığındakı dil məsələlərinə, onun dilin nəzəri məsələləri ilə bağlı zəngin nəzəri arsenalına xüsusi diqqət cəlb edilmişdir.
M.Cəfərin dialektologiya sahəsindəki araşdırmaları geniş elmi-linqvistik və tipoloji zəmində qoyulur, burada nəzəri fikirlərin dəqiqliyi, elmi ümumiləşdirmələrin dərinliyi təqdir olunur. M.Cəfərin mülahizələrinə yüksək nəzəri baxış, müasir elmi-metodoloji münasibət aydın hiss olunur. “Hüseyn Cavidin dili və üslubu akademik Məmməd Cəfərin təqdimatında” adlı məqalə ilə M.Hüseynova belə bir təkzibolunmaz həqiqəti bir daha kodlaşdırır ki, bədii əsərin canı olan estetik mahiyyəti, nəzəri problematikasıədəbi tənqid və estetik fikrinin parlaq nümayəndəsi M. Cəfərin qələm süzgəcindən daha miqyaslı formada keçmişdir. M.Hüseynovanın məqaləsində M.Cəfərin yaradıcılığında bədii dilin mahiyyəti və daxili sirlərinin mühüm məsələlərinə dair, sözün tam və dürüst mənasında, dərin cavablar tapmaq olur. M.Cəfərin H.Cavid sənətinin dilinə münasibəti müəllif tərəfindən mühüm aspektlərin şərhi fonunda təhlil və təqdim olunur. M.Cəfərin filoloji tədqiqatları içərisində H.Cavidin poetik dil və üslub problemləri, xüsusilə şeirin leksikası, dil quruluşu anlayışları geniş estetik kateqoriya səviyyəsində götürülür. “Dil şeirin varlıq formasıdır, onsuz şeiriyyət yoxdur, dil poeziyada, onun bədii ləyaqətində həlledici rol oynadığı üçün söz ustadının lüğət zənginliyi, səmimiliyi, fikrin ifadəsindəki təbii səs – söz düzümü misilsiz əhəmiyyət kəsb edir” – tezisindən çıxış edən M.Hüseynova H.Cavidin şeir dilindən, bu dil haqqında M.Cəfərin irəli sürdüyü həqiqətlərdən yüksək peşəkarlıqla danışmış, canlı dil və sənət dili münasibətlərini çox dəqiq və dərin elmi əsasda qoymuşdur.
Kitabda Azərbaycan dilçiliyinin Ə.Dəmirçizadə, A.Qurbanov, Ə.Tanrıverdi kimi nümayəndələrinin – milli linvistikanın vacib yaradıcılıq problemlərinin həllində böyük fəallıq göstərən alimlərin yaradıcılıq qayələri, elmi şəxsiyyəti, onların yaradıcılıq uğurları haqqında müfəssəl məlumat və elmi şərh verilən məqalələr də vardır. Məqalənin kəmiyyət göstəricilərinə istinadən demək olar ki, M.Hüseynovanın elmi irsində, onun ədəbi-bədii və dilçiliklə bağlı yaradıcılığında dilimizin elmi-praktik problemləri ilə bağlı məsələlər ardıcıl və daimi xarakter daşıyır. Poetik dil problemlərinin obyektiv mövqedən ardıcıl şəkildə işıqlandırılması onun estetik görüşləri sistemində mühüm yer tutur. Dil və üslub məsələləri vacib sənətkarlıq amili və əlaməti olaraq M.Hüseynovanın problemlərlə zəngin və prinsipial məqalələrdə öz əksini tapır. Üslubi özünəməxsusluq əsl sənətkar orijinallığının göstəricisi kimi, formanın məzmuna münasib qurulma qanunauyğunluğu aspektində təqdim olunur. Ən mühüm cəhət ondan ibarətdir ki, M.Hüseynovanın əsərlərində ədəbiyyatın dil və üslub qayğıları söz sənətinə müasir baxış fonunda çözələnir. Dil sadəliyində dərinlik, üslub aydınlığında müasirlik məqamları M.Hüseynova tərəfindən poetik-analitik təfəkkür sücgəcindən keçirilərək bədii söz sənətinin gələcək inkişafına narahatlıq hissləri düşündürücü arqumentlərlə geniş oxucu kütləsinə çatdırılır.
Azərbaycan aşıq və el şairlərinin dili və üslubu, türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiya problemi, “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə vergi adlarının tarixi-etimoloji təhlili, antroponimik adların tərkibi və semantikası, entotoponimlərin tarixi-linqvistik analizi müasir nəzəri baxışların səviyyəsində qavranılıb mənalandırılır. Göstərilən problemlərin hər birinə ayrı-ayrı elmi münasibət müəllifin yaradıcılıq axtarışlarının diapazonunu təsdiq edir. Bununla da aydın görmək olur ki, M.Hüseynovanın elmi fəaliyyəti bütövlükdə yüksək, istedadlı tədqiqatçılıq mədəniyyətinin bariz göstəricisidir. Mübaliğəsiz demək mümkündür ki, filologiyamızın nəhəng şəxsiyyətlərinə, böyük klassiklərimizin yaradıcılıq simasına, bir sıra dilçilik problemlərinə həsr olunmuş bu kitab monoqrafik tədqiqatın bariz nümunəsidir. Dil, üslub, janr və poetikanın bir sıra ən vacib tərəflərinə nüfuz edən müəllif bu kitabı yazarkən özünün bu sahədəki zəngin təcrübəsini, dərin mühakimə və qənaətlərini məharətlə ümumiləşdirmiş və görkəmli söz ustalarının yaradıcılığı ətrafında elmi axtarışlarını, təcrübəsini yekunlaşdırmışdır. Bununla da bədii söz sənətinin yeni inkişaf perspektivlərini də müəyyənləşdirməyə müvəffəq olmuşdur. Yaradıcılığını bu aspektdə davam etdirmək arzusu ilə!...
Məhərrəm Hüseynov
filologiya elmləri doktoru,
professor
Palitra 2019.- 17 sentyabr.-
S.10.