Dialektologiyanın ən böyük təəssübkeşi

Akademik M.Ş.Şirəliyev- 110

əvvəli var

Dialektlərdəki sintaktik fərqlərdən də ilk dəfə M.Şirəliyev bəhs etmişdir. Alim ilk dəfə Bakı dialektində, sonra digər şivələrdə təyini söz birləşmələrində, uzlaşma və idarə əlaqələrində, cümlə üzvlərində, söz sıra- sında, sadə və mürəkkəb cümlələrdə sintaktik fərqləri aşkara çıxarmış və əmələgəlmə səbəblərini izah etmişdir.

M.Şirəliyev dialektləri ədəbi dillə əlaqəli şəkildə araşdırmış, ədəbi dillə dialektlərin qarşılıqlı təsirini aydınlaşdırmışdır. Həmçinin ədəbi dilin təşəkkülündə dialektlərin rolu, dialekt əsası məsələsini həll etmişdir. Azərbaycan ədəbi dili XIII-XIV əsrlərdə Şirvan dialektinə, XV-XVII əsrlərdə Təbriz dialektinə, XVIII əsrdə Qarabağ dialektinə, XIX-XX əsrlərdə isə bütün dil nümayəndələrinin daxil olduğu Bakı şəhəri əhalisinin danışığına istinad edilmişdir. Müasir ədəbi dilimizin koynesi barədə müxtəlif fikirlər olsa da, M.Şirəliyevə görə, Bakı və Şamaxı dialektləridir. Bununla bağlı alim 1956- cı ildə Bakıda dialektoloji məsələlərə həsr olunmuş müşavirədə məruzə etmiş, türkoloqlar onun fikirlərini müdafiə etmişlər. Ədəbi dillə bağlı fikirləri indidaha çox istinad olunan«К вопросу развития азербайджанского литературного языка в советский период” (1957) adlı məqaləsində geniş işıqlandırılmışdır.

Azərbaycan dili şivələrinin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi M.Şirəliyevin adı ilə bağlıdır. Keçən yüzilliyin 50-60- cı illərində alim bu təəşəb- büsü qaldırmış, bu istiqamətdə aparılan tədqiqatlara rəhbərlik etmişdir. Türkologiyada bu sahədə təcrübə olmadığından onun məsləhəti ilə mütəxəssislər monoqrafik tədqiqatların nəticələrindən istifadə edərək dialektlərimizin səciyyəvi izoqloslarını müəyyənləşdirirlər. 1957- ci ildən dialektoloji atlasın tərtibinə başlanılmış, 1975- ci ildə başa çatdırılmışdır. Həmin dövrdə alim həm də türk dillərinin dialektlərinin ümumi atlasının hazırlanmasına da rəhbərlik etmişdir. Dilçilik coğrafiyası sahəsindəki nailiyyətlərlə bağlı M.Şirəliyev 1966- cı ildə Ankarada XI Türk Dili Qurultayda məruzə etmişdir. Çox təəssüblər olsun ki, alimin dünyasını dəyişməsi ilə bu yarımçıq qaldı.

Alimin fəaliyyəti Azərbaycan dili dialektlərinin tədqiqi ilə məhdudlaşmırdı, dilçiliyin ədəbi dil, dil tarixi, qrammatika, orfoqrafiya, orfoepiya, əlifba, terminologiya, üslubiyyat, nitq mədəniyyəti, türkologiyas. sahələrinin problemləri ilə də məşğul olmuş, respublika və beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir.Bakı (1956, 1960, 1965, 1966 və s.), Sofiya (1954), Aşqabad (1952), Ankara (1957,1966),Varşava ( 1963), Alma- Ata (1956, 1962), Kazan (1958, 1964), Kişinyov(1959, 1967), Moskva (1955, 1960, 1964), Frunze (1963) və s. şəhərlərdə beynəlxalq konfranslarda akrual problemlərlə bağlı məruzələri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.Sovet dönəmində onun elmi fəaliyyəti və təşkilatçılığı sayəsində Bakı şəhəri dialektoloji mərkəzə çevrilmişdir. Respublikamızda və digər türk dilli ölkələrdə türk dilləri dialektologiyası məsələlərinə həsr olunmuş beynəlxalq konfranslar keçirilmiş, dialektlərin tədqiqi səviyyəsi müzakirə olunmuş, yeni tədqiqatlar əlaqələdirilmiş, dialektoloji atlasın tərtib vəziyyəti, gələcək perspektivlər və s. mühüm məsələlər müakirə olunmuşdur.

Akadeemik M.Şirəliyev sağlığında elmi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru və 50- dən artıq filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Azərbaycan dili şivələrinin əksəriyyəti- Quba, İsmayıllı, Mərəzə, Ordubad, Qazax, Ağdam, Füzuli, Tovuz, Şəki, Cəbrayıl, Zəngibasar, Zəngilan, Gədəbəy, Kərkük, Qax, Karvansaray, Çənbərək, Qarakilsə, Cəlilabad, Ağcabədi (əfşar) və s. şivələr onun rəhbərliyi ilə tədqiq olunmuşdur.Bundan əlavə, onun rəhbərliyi ilə 1 nəfər balkar, 1 nəfər qaqauz, 1 nəfər qaraqalpaq, 1nəfər bolqar fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 9 özbək, 2 başqırd, 2 tatar, 1 qaraçay, 1 qazax, 1 yakut alimin filologiya elmləri doktoru dissertasiyası müdafiəsində opponent kimi iştirak etmişdir.Alimin yetirmələri indionun ənənələrini davam etdirir, dialektləri müxtəlif istiqamətdə tədqiq edir, lüğətin və atlasın yeni nəşrini hazırlayırlar.

Məhərrəm Məmmədli

filologiya elmləri doktoru, professor

Palitra  2019.- 18 sentyabr.- S.13.