Sədərək rayonunda payız-qış mövsümünə
hazırlıq işləri mütəşəkkil
aparılır
Ölkədə uğurla
həyata keçirilən davamlı sosial-iqtisadi
inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də regionların inkişafı ilə
bağlıdır. Prezident İlham Əliyev sosial-iqtisadi
sahə ilə bağlı müşavirədə
çıxışı zamanı bildirib
ki, ölkəmiz inamla
inkişaf edir, böyük infrastruktur
layihələri icra olunur.
Həm elektrik enerjisi
ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində
bir çox işlər
görülüb və gözəl nəticələr
var. Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastrukturla
bağlı da bir çox layihələr icra
edilib. Bu gün inkişafın
müşahidə edildiyi regionlardan
biri də Sədərək rayonudur ki, bu
da sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha sürətləndirilməsi və
gücləndirilməsi sahəsində həyata keçirilən
ardıcıl tədbirlərin nəticəsidir.
Bu günlərdə Sədərək rayonunda 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edib. İcra başçısı xatırladıb ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək bildirib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində muxtar respublikada hərtərəfli inkişafa nail olunub. Sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilib, əhalinin rifahı yaxşılaşdırılıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilib. Yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da sakinlərin rahat yaşayışının təmin olunması sahəsində görülən işlərin tərkib hissəsi kimi, mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada həyata keçirilən bu tədbirlər artıq neçə illərdir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan verir. Lakin buna baxmayaraq, hər il qış aylarında qarşıya çıxan problemlərin aradan qaldırılması üçün hazırlıq işlərinin görülməsi, lazımi material ehtiyatının yaradılması diqqətdə saxlanılır. Bu il də payız-qış mövsümünə hazırlıq məsələlərinə diqqət artırılmalı, aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.
İcra başçısı bildirib ki, Sədərək rayonunda mövcud olan 54 idarə, müəssisə və təşkilatların 49-u müasir qazanxana sistemindən, qalan 5 təşkilat isə qaz sobasından istifadə edir. Bu idarə, müəssisə və təşkilatlarda quraşdırılmış qazanxana sistemi müasir tələblərə tam cavab verir. Sədərək rayonunda yaşayış evlərinin və inzibati binaların sayğaclaşdırılması tamamilə başa çatdırılıb. Görülmüş işlər elektrik enerjisindən qənaətlə istifadə olunmasına şərait yaradıb, nasaz hala düşmüş transformator yarımstansiyaları, hava xətləri təmir olunub və mane olan ağaclardan təmizlənib. Payız-qış mövsümünü nöqsansız keçirmək üçün rayon Elektrik idarəsi ərazidə 5820 metr uzunluğunda aliminium məftil çəkib, 40 evin giriş xətlərini yeniləyib, 83 ədəd sıradan çıxmış sayğacı yeni elektron tipli sayğacla əvəz edib. Rayon elektrik şəbəkəsi tərəfindən payız-qış mövsümünü problemsiz keçirmək üçün müəyyən işlər görülüb, tələb olunan material və avadanlıqların ehtiyatı yaradılıb.
O da vurğulanıb ki, payız-qış mövsümünün lazımi şəkildə keçirilməsi rayon qaz istismar sahəsində işlərin hansı səviyyədə qurulmasından da asılıdır. Rayon qaz istismar sahəsi 2365 abonentə xidmət edir. Eyni zamanda 49 idarə və müəssisə və 26 özəl müəssisə binası qazdan, yaxud qazla işləyən fərdi qazanxanalardan istifadə edir. Hazırda anbarda ehtiyat üçün 24 ədəd izolyator, 100 ədəd 10 kv-luq və 50 ədəd 0,4 kv-luq qarmaq, 400 metr kabel, 27 ədəd 1 fazalı və 3 ədəd 3 fazalı sayğac var. 2019-cu ilin müvafiq dövründə daxil olan müraciətlərə əsasən 64 yeni mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Payız-qış mövsümündə əhalini fasiləsiz mavi yanacaqla təmin etmək üçün daşıyıcı və paylayıcı xətlərdə təmir işləri aparılmış, korroziyaya uğramış borular yenisi ilə əvəz olunub, bu işlərə görə 7886 p/m borudan istifadə edilib. Xətlərdə olan sızmalar tamamilə aradan qaldırılıb, 5 ədəd sayğac texniki səbəbdən nasaz olduğu üçün yenisi ilə əvəz edilib, 36 ədəd qaz tənzimləyici şkaflara texniki xidmət göstərilib. Bildirilib ki, payız-qış mövsümündə qazanxanaların fasiləsiz işləməsinə diqqət artırılmalı, qazanxanalar üçün avadanlıqlar ehtiyatı yaradılmalı, qış dövründə qazanxanalarda dayanmaların təkrarlanmaması məqsədi ilə mütəmadi olaraq texniki nəzarət həyata keçirilməlidir.
Müşavirədə vurğulanıb ki, qarşıda duran əsas vəzifələrdən biri də payız-qış mövsümündə təhsil, səhiyyə və mədəniyyət üzrə müəssisələrin normal işinin təmin olunmasından ibarətdir. Rayonda 4 ümumtəhsil məktəb binası, Mərkəzi Xəstəxana, Mədəniyyət Sarayı və eləcə də Qaraağac kəndində feldşer-mama məntəqəsi və Heydərabad qəsəbəsində yerləşən həkim ambulatoriyası müasir tipli istilik sistemi ilə təmin olunub.
Rayon mədəniyyət şöbəsinin rəhbərliyinə tapşırılıb ki, Tarix Diyarşünaslıq Muzeyində, eləcə də mərkəzləşdirilmiş kitabxana sisteminin oxucu zallarında, oxucuların rahat kitab oxuması üçün həmin müəssisələrin payız-qış mövsümünə hazırlığını tam təmin etsinlər. Göstərilən dövlət qayğısının müqabilində qış mövsümündə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işi fasiləsiz təmin olunmalıdır. Rayonun qəsəbə və kəndlərində əhaliyə keyfiyyətli səhiyyə xidməti göstərilməsi məqsədilə səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatı daha da gücləndirilməli, bu sahədə əhaliyə nümunəvi xidmət göstərilməlidir.
Qış mövsümündə yolların saxlanması üçün 1 ədəd Qreyder, 1 ədəd Kon ekskovator, 1 ədəd Kamaz, 1 ədəd ZİL markalı texnikalar hazır vəziyyətə gətirilib, 50 kub qum ehtiyatı yaradılıb. 2019-cu ilin müvafiq dövründə İcra nümayəndəlikləri və bələdiyyələrin birgə səyi nəticəsində kənd yaşayış məntəqələrinə çınqıl daşınaraq, kənddaxili yollar hamarlanıb. Sədərək kəndinin daxili yollarında 2000 m3, Qaraağac kəndinin daxili yollarında isə 1000 m3 çınqıllama işləri aparılıb.
Bildirilib ki, qış mövsümündə əhalinin içməli su ilə təminatına da xüsusi fikir verilməlidir. Sıradan çıxmış artezian quyularının yenidən istismara verilməsi nəzarətdə saxlanılmalıdır. 2019-cu ilin müvafiq dövründə 4.6 km məsafədə lildən təmizləmə işləri aparılıb, 82 artezian quyusu təmir olunub. Bu da əhalinin içməli suya olan tələbatını ödəyib. Əhalinin içməli suya tələbatını ödəmək üçün,qışa hazırlıq vəziyyəti ilə bağlı, nöqsanların aradan qaldırılması tapşırılıb.
Sədərək Rayon Rabitə İdarəsi 1345 abonentə xidmət etməklə, 3 ATS-dən ibarətdir və 2432 nömrə tutumu var. Onlardan 1345-i istifadə olunur. Müvafiq dövr ərzində 1014 m fiber optik kabel, 5 abonentə isə yeni telefon xətti çəkilib. Hazırda internet istifadəçilərinin sayı 406 nəfərdir. Sədərək Rayon Rabitə İdarəsi payız-qış mövsümünü nöqsansız başa vurmaq üçün ATS-lərə xidmət edən elektrik avadanlıqarını, akkumulyatorları, nizamlayıcıları texniki baxışdan keçirib, inzibati binanın qazanxanası yoxlanıb. Payız- qış mövsümünə müxtəlif tutumlu 320 m kabel və 3 dəmir dirək ehtiyatı yaradılıb.
Qış mövsümü ərzində əhalinin keyfiyyətli ərzaqla təminatını yaxşılaşdırmaq məqsədilə muxtar respublikada, o cümlədən rayonda istehsal olunmuş kənd təsərrüfatı məhsullarını soyuducu anbara tədarükü diqqət mərkəzində saxlanılır.
Rayonun aid idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidirlər. Elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud nöqsanlar aradan qaldırılmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik xətlərinin istismar üçün yararlılığı yoxlanılmalı, qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanmasına diqqət artırılmalıdır.
İcra başçısı sonda vurğulayıb ki, payız-qış mövsümünü yüksək səviyyədə keçirmək üçün kifayət qədər potensial imkanlar var və bu imkanlardan səmərəli istifadə edilməlidir. Rayonda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılacaq, bu sahədə aparılan işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirənin tələblərinə uyğun qurulacaq.
Nigar Abdullayeva
Palitra 2019.- 20 sentyabr.- S.13.