Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los- Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.

Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los- Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakinini Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıb. Plakatlarda Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los-Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin N.Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los- Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində, həmçinin “NewzBlaze” qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, antisemitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los-Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

Ukrayna Ermənistanla onun öz dilində danışır...

Bu arada Ukrayna dövləti xarici ölkələrlə münasibətlərini yenidən çözməyə başlayıb. Xüsusilə, ərazi bütövlüyünün dəstəklənməsi məsələsində ikili oyun oynayan ölkələrə münasibətdə rəsmi Kiyev daha sərt reaksiya verməyə başlayıb. Poroşenko hakimiyyəti dövründə bu siyasətdə yumşaqlıq göstərilsə də, Zelenski komandası daha açıq və qəti mövqe nümayiş etdirir. Hətta bu günlərdə Prezident Vladimir Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü daha qarantlı etmək üçün yeni beynəlxalq müqavilələrə ehtiyac olduğunu bildirib.

Postsovet məkanına nəzər salsaq, Ukraynanın diplomatik münasibətlərdə ən çox gərginlik yaşadığı ölkə Ermənistandır. Bu gərginlik son dörd ilin ən pik səviyyəsindədir. Onu da xatırladaq ki, 2015-ci ildən ölkənin özəl və dövlət hərbi müəssisələri Ermənistanla hərbi əməkdaşlığı dayandırıb. Ötən illər ərzində Ukrayna tərəfi diplomatik münasibətlərin normallaşması üçün Ermənistana bir neçə dəfə şans versə də, rəsmi Yerevan bu jestlərdən nəticə çıxarmayıb. Bir neçə ay öncə Yerevanda Krım günlərinin keçirilməsi, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Ukraynaya dəstək verilməməsi rəsmi Kiyevi Ermənistanla onun öz dilində danışmağa vadar edib. Əldə etdiyimiz məlumata görə, bu günlərdə Ukrayna Ermənsitandakı səfirini geri çağırıb və hazırda səfirliyə müvəqqəti işlər vəkili rəhbərlik edir. Bu gərginliyin nəticəsi olaraq Ukrayna Ermənistana yeni səfir göndərmək niyyətində deyil.

İki ölkə arasında diplomatik gərginliyin artmasının digər əsas səbəblərindən biri də Azərbaycanla bağlıdır. Azərbaycan və Ukrayna arasındakı mövcud strateji əməkdaşlıq, onların beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməsi, bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi Ermənistanı əməllicə qıcıqlandırmağa başlayıb. Bu günlərdə Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımadığı və qanunsuz hesab etdiyi barədə rəsmi bəyanat yaydı. Bu bəyanat sonradan Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi veb-saytında yerləşdirildi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi də Krımda keçirilən “seçkiləri” tanımadığını bəyan etdi.

Sözsüz ki, Ermənistan Azərbaycan ilə Ukraynanın daim yüksələn xətlə inkişaf edən əməkdaşlığına, qarşılıqlı səmimiyyətə əsaslanan dostluq münasibətinə biganə qala bilməz. Ona görə də Ermənistanın Ukraynadakı səfiri anti-Azərbaycan təbliğatı aparmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Ancaq çifayda, çünki Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını daha da gücləndirməkdə maraqlıdır. Bu, siyasi müstəvidə olduğu kimi, iqtisadi münasibətlərdə də özünü açıq-aydın büruzə verir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi son 5 ilin rekord göstəricisini yeniləyib. Bu il isə ticarət dövriyyəsinin 1 milyard dollara yaxın olacağı proqnozlaşdırılır.

Avstraliyalı deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edilib

Yeri gəlmişkən, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Con Aleksandrdan insan hüquqlarına və demokratik dəyərlərə hörmətlə yanaşmağı, bu ölkədə yaşayan azərbaycanlılara qarşı ədalətli mövqe nümayiş etdirməyi tələb edib. Bu barədə AAA rəhbərliyinin sentyabrın 22-də C.Aleksandra ünvanladığı məktubda deyilir.

Məktub müəllifləri avstraliyalı deputatı ədalətli mövqe tutmağa, uşaqların qatillərinin davamçısı olmamağa çağırırlar. Qeyd edilir ki, son vaxtlar Yeni Cənubi Uels ştatının bəzi siyasətçiləri yerli ictimaiyyəti və parlamenti aldadaraq, bu ərazidə yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmanı və siyasi gərginliyi qızışdırmağa çalışırlar. Vurğulanır ki, bu məsələdə xüsusi fəallıq nümayiş etdirən deputat C.Aleksandrın mövqeyi birtərəfli və ədalətsizdir.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə geniş yer ayrılan məktubda yüz illər boyu ermənilərin tarixi Azərbaycan torpaqlarını qəsb etmək üçün işğalçı siyasət apardığı avstraliyalı deputatın diqqətinə çatdırılır. Ermənilər tərəfindən tarixboyu Azərbaycan ərazilərində, o cümlədən Bakı şəhərində dinc əhaliyə qarşı törədilən qanlı cinayətlər barədə ətraflı məlumat verilir. Nəticədə yüz minlərlə azərbaycanlının qətlə yetirildiyi qeyd edilir.

Keçmiş SSRİ-nin dağılması ərəfəsində ermənilərin Azərbaycan torpaqlarının işğalı məqsədilə törətdikləri qanlı cinayətlərə də məktubda geniş yer verilir. Bildirilir ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı məqsədilə azərbaycanlıların yaşadıqları ərazilərdə törədilən cinayətlər, o cümlədən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında daim qalacaq.

Vurğulanır ki, Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan öz ata-baba yurdlarından didərgin düşərək bu gün də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Hazırda Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır.

Avstraliyadakı azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətini vurğulayan AAA rəhbərliyi yerli siyasətçilərin birtərəfli mövqeyininsiyasi hərəkətlərinin bunu pozmağa yönəldiyini diqqətə çatdırır. Qeyd edir ki, bu cür hərəkətlərin xüsusən məktəblərdə törədilməsi buradakı erməni şagirdlərlə azərbaycanlı və türk məktəblilər arasında xoşagəlməz hallara yol açır.

Avstraliyalı deputatların ədalətsiz mövqeyinin və qızışdırıcı hərəkətlərinin çox ciddi nəticələrə aparıb çıxaracağı barədə xəbərdarlıq edən diaspor təşkilatı onlardan yerli seçici kateqoriyasına daxil olan azərbaycanlıların da haqq səsini dinləməsini və Azərbaycan icmasına hörmətlə yanaşmasını tələb edir.

Fuad Hüseynzadə

Palitra.-2019.-24 sentyabr.-S.11.