Tarixin işığında: Əylis
1828-ci il
Türkmənçay müqaviləsindən sonra
47 erməni ailəsi Əylisə köçürülüb.
Əylisdə möhkəmlənmələri üçün
onlara bir çox imtiyazlar verilib. 6 il vergilərdən
azad edilən ermənilərə ticarət
işləri ilə məşğul olmaları üçün imkanlar
yaradılıb. İpək kimi strateji məhsulların satışı onlara verilib. Vəzifələrə
təyin edilməklə çar
üsul-idarəsinin buradakı rəhbərlərinə
çevriliblər.
əldiklərində Əylisin kənarlarında məskunlaşan ermənilər tədricən mərkəzdə də özlərinə yer edə biliblər. Erməni müəllifləri isə Əylisin Çar Tiqran tərəfindən salındığı və bu yerlərin qədim erməni torpağı olduğunu iddia edirlər. Hətta bir az da irəli gedib qeyd edirlər ki, Sovet hakimiyyəti qurulduqdan sonra erməni torpağı olan Əylis Naxçıvan bölgəsinin digər əraziləri kimi Azərbaycanın tərkibinə keçdi. Bizsə iddialara yox, tarixə istinad edir, əsl gerçəyin-tarixin bu torpağın dərin qatlarına vurduğu izlərə söykənərək tarixi həqiqətləri nəzər-diqqətinizə çatdırırıq. Əylis Naxçıvanın digər kəndləri ilə müqayisədə daha çox inkişaf etmiş, ticarət və mədəniyyət mərkəzi idi. İstənilən halda yaşayış üçün əlverişli sayılırdı. Bu mənada Əylis sevdası erməniləri bu ərazinin tarixini saxtalaşdırmağa və özününküləşdirməyə sövq edir.
Tarix dolu Əylis
Məscidlər o yerdə inşa olunub ki, həmin ərazidə müsəlmanlar yaşayıb və çoxluq təşkil edib. Əylisdəki tikinti mədəniyyəti-istər körpülər olsun, istər hamam və yaxud yaşayış evləri Naxçıvan ərazisindəki, xüsusilə də Ordubad şəhərindəki abidələrlə, tikililərlə eyniyyət təşkil edir. Çox da uzağa getməyək. Götürək elə qapıları. Taqqılbab və zəncilbablı qapılar hazırda Ordubad bölgəsi üçün xarakterikdir. Əylisdə bir sıra evlərə giriş üçün məhz taqqılbab və zəncilbabdan hələ də istifadə olunur. Xüsusilə də toponimlər. Ərazidəki dağ adları, məhəllələrin, eləcə də çoxsaylı kəhrizlərin adı hamısı türkmənşəlidir. Əylis Ordubadın bir çox kəndləri ilə həmsərhəddir. Şərq sərhədi boyunca Ordubad şəhəri, Nüsnüs, Əndəmic, qərb sərhədi boyunca Xanağa, Vənənd, Vələver, Dırnıs kimi 12-yə yaxın kəndlə əhatələnib. Əylisin şimalında, Əylis çayının sağ sahilində Nuhgədih adlı qədim yaşayış məskəni olub. Bu qədim yaşayış məskəni adından da göründüyü kimi Nuh peyğəmbərin adı ilə əlaqəlidir. Həmin yaşayış məskəni 1918-20-ci illərdə ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliyin qurbanı olub.
Digər tərəfdən torpağın
bağrına sancılmış məzarüstü kitabələrə
diqqəti çəkək. Doğum və
ölüm ili bəlli
olmayan çoxsaylı qəbirlərlə
yanaşı, 1800-cü illərdən başlamış tarixi dəqiq göstərilən və o vaxtın əlifbası ilə həkk olunan məzarüstü kitabələr
onlarladır. Bu kitabələri tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli tədqiq
edib. Məlum olub ki, kənd qəbiristanlığında indiyədək
qalan başdaşı tipli
qəbirüstü abidələrin çoxu
qadınların xatirəsinə hazırlanmışdır. Qəbiristanlıqda
tədqiq olunan 9 kitabədən
altısının Şərəfnisə, Hökümə
xanım, Nurşərəf, Həvva xanıma aid
olması diqqəti çəkən məsələlərdəndir.
XVIII əsrdə Azərbaycanda yaranan
xanlıqlar içərisində öz mövqeyi ilə seçilən
Naxçıvan xanlığının Naxçıvanın
inkişafında əhəmiyyətli dərəcədə rolu olub.
"Naxçıvan tarixi" çoxcildliyinin ikinci
cildindən oxuyuruq: "Naxçıvan
xanlığında mövcud olan 3 şəhərdən biri
məhz Əylis olub. Nadir şahın
ölümündən sonra İranda və Cənubi Azərbaycanda hakimiyyət
uğrunda mübarizə aparan
Azadxan 1752-ci ildə Naxçıvan
xanlığının mühüm ticarət
və sənətkarlıq mərkəzlərindən olan Əylis şəhərini yerlə yeksan etmiş, onun bir də dirçəlməsi
üçün heç
bir ümid yeri qoymamışdı. Sonralar
Əylis şəhərinin yerində onun
sənətkarlıq ənənələrini qismən davam etdirən böyük
kəndlər-Aşağı Əylis və Yuxarı
Əylis əmələ gəlmişdi".
Ordubadın ən qədim yaşayış məskənlərindən olan Əylis əzəmətli dağlarla əhatələnib. Füsunkar təbiəti var. XIX əsrin I yarısında yaşamış Cənubi Azərbaycan şairi Əndəlib Qaracadaği Ordubad şəhərinin gozəlliyindən bəhs edərkən Əylisi də vurğulayır.
Ordubadın nə deyim, vəsfı gülüstanə dəyər,
Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.
Hər dəm Əylis səfəri Hindü-Sifahanə dəyər,
Eylə şahidləri var huriyi-qılmana dəyər.
Əylis bu gün
XIX əsrin sonlarında Əylis kəndindən bir görünüş poçt açıqcası kimi buraxılıb. Və XXI əsrin Əylisi. Tarixə Ağulus kimi düşmüş Əylis bu gün özünün ağ günlərini yaşayır.
Ağ elim, ağ ulusum,
Dörd yanı dağ ulusum.
Təbriz elindən gəlir
Sədası Ağulusun.
2012-ci ildə Yuxarı, 2014-cü ildə Aşağı Əylisdə kompleks quruculuq işləri həyata keçirilib. Orta əsrlər şəhəri Əylisə uzun ömür bəxş olunub. Ümumilikdə, Yuxarı və Aşağı Əylisdə 4000-ə yaxın əhali yaşayır. Mehriban, xoşsimalı əylislilər yaradılan şəraitdən bəhrələnərək, torpağın qayğısına qalır, təsərrüfatın müxtəlif sahələrində çalışırlar. Zəngin tarixi hifz edən Əylis qoynunda o tarixi yazanları yaşadır. Əylisin-Ağulusun-bu ağ şəhərin tarixini saxtalaşdırmağa cəhd göstərənlərin isə arzuları, xam xəyalları, məkrli planları və uydurmalarını elə tarix özü çoxdan qara torpağa gömüb. Çünki tarix həqiqətin tərəfindədir!
Ruhiyyə Rəsulova
Naxçıvan
Televiziyasının baş redaktoru
Palitra.-2019.-27 sentyabr.-S.13.