Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə fikir mübadiləsi aparılıb

Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva ilə görüşüb. Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycandan gələn digər nümayəndələr, Özbəkistanın tanınmış yazıçı və şairləri iştirak ediblər. Siracəddin Səyyid Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğundan danışıb. O deyib ki, böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaradıb və Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Özbəkistanda Əlişir Nəvai nə qədər sevilirsə, Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, İmadəddin Nəsimi də o qədər sevilir. Daşkənddə özbək dilində çap edilən “Jaxon adabiyyati” jurnalının baş redaktoru Axmadjon Melibaev ədəbi əlaqələr sahəsindəki yeniliklərdən danışıb, jurnalın yaxın vaxtlarda çıxacaq bir nömrəsinin tam olaraq Azərbaycan ədəbiyyatına həsr edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Qənirə Paşayeva özbək xalqını və özbək ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini mütaliə etdiyini, onlar haqqında məqalələr yazdığını deyib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını sevinclə qarşıladığını diqqətə çatdırıb. Deputat bildirib ki, son vaxtlar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirirbu, təqdirəlayiq haldır. O, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Özbəkistana səfərini xatırladıb, onun son bir neçə ildə Daşkənddə üç kitabının çap edildiyini diqqətə çatdırıb. Samir Abbasov Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün gördükləri işlərdən danışıb. O bildirib ki, Mədəniyyət Mərkəzi Nizami Gəncəvinin “Xəmsə”sini Alimcon Buriyevin tərcüməsində artıq çap etdirib. Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində isə “Xəmsə”yə daxil olan dörd poema çap olunub, bir əsər çap ərəfəsindədir. Mərkəzin direktoru, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixinə dair özbək dilində 50-yə yaxın kitab çap etdirdiklərini söyləyib. Kitob dunyasi” qəzetinin baş redaktoru, tanınmış şair Xasiyyət Rüstəm, alim və tərcüməçi Babaxan Şərif ədəbi sahədə əlaqələrin daha da yaxınlaşmasının, birgə layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıblar.

 

Tural

Palitra.-2019.-27 sentyabr.-S.13.