“Qazaxıstanda elmin müxtəlif sahələrində azərbaycanlılar
fəal iştirak edirlər”
Müseyib Novruzov:
“Çalışırıq Qazaxıstanın ictimai-siyasi həyatında
aktiv olaq”
“Turan” Azərbaycanlılar Konqresinin prezidenti Müseyib Novruzov
Qazaxıstanda Azərbaycan diasporunun
yaradıcılarından biridir. O,
1986-cı ildən Qazaxıstanın Alma-Ata
şəhərində yaşayır. Qeyd
edək ki, Müseyib Novruzov Naxçıvan Muxtar
Respublikasının Xok kəndində anadan olub. Azərbaycan
Dövlət İncəsənət İnstitutunun,
Sankt-Peterburq Universitetinin
məzunudur. Onun rəhbəri olduğu “Turan” Azərbaycanlılar
Konqresi Qazaxıstanda yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır.
- Qazaxıstanda ilk diaspor təşkilatı
nə vaxt yaradılıb?
- Qazaxıstanda azərbaycanlıların ictimai birliyinin rəsmi olaraq əsası “Turan” Azərbaycanlılar Konqresi olaraq 1992-ci il mayın 29-da Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə ilə qoyulub. 01 mart 1995-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən yaradılan Qazaxıstan Xalqları Assambleyası bu ölkədə yaşayan digər xalqların nümayəndələrini də öz ətrafında birləşdirib.
2006-cı ilə kimi
Qazaxıstanın bütün şəhərlərində
bir Azərbaycan cəmiyyəti fəaliyyət
göstərirdi. İndi isə
Qazaxıstanın vilayət və şəhərlərində
bir neçə ictimai
birlik fəaliyyət göstərir.
- Bildiyimiz
kimi, ötən əsrin 20, 30, 40-cı
illərində Azərbaycandan Qazaxıstana sürgün
olunmuş insanlar var. Bu gün
onlar özlərini Azərbaycan diasporu hesab edirlərmi?
- Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan sonra Qazaxıstana azərbaycanlılar sürgün edilib.
Qazaxıstanda azərbaycanlıların toplum
şəkildə yaşaması, əsasən, 1937-ci ilin may ayının 10-da NKVD-nin qərarı ilə Cambul,
Çimkənd, Taldıkurqan vilayətlərinə sürgünü ilə başlayıb. Təxminən
50-ci illərə kimi bu
sürgünlər davam edib.
Sonra da təhsil, hərbi
xidmət, işlə əlaqədar
soydaşlarımızın sayı artıb. Qazaxıstanda bəzi
məlumatlara görə 80, bəzilərində 120, bəzilərində
isə 150 min azərbaycanlı
yaşayır.
- Ümumiyyətlə,
Qazaxıstanın elmi, mədəni inkişafında azərbaycanlıların
nə kimi rolu var?
- Ümumiyyətlə, Qazaxıstanın tibb sahəsində ən məşhur həkimlərin
arasında azərbaycanlıların da
adı olub. Hazırda Şəkərəliyevlər
ailəsinin bütün üzvləri, demək
olar ki, həkimdirlər.
Burada hüquq, filologiya, tibb elmlər
doktorları, o cümlədən elmlər
namizədləri var. Elmin
müxtəlif sahələrində azərbaycanlılar fəal
iştirak edirlər. Polisdə də
çalışan soydaşlarımız az
deyil.
- Azərbaycanla
bağlı hansı tədbirlər keçirirsiz?
- Biz hər il
müntəzəm surətdə Azərbaycanın rəsmi
dövlət bayramlarını qeyd edirik. Həmçinin anım günləri ilə
bağlı tədbirlər keçiririk.
- Rəsmi
Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?
- Diasporların fəaliyyəti Qazaxıstanda sərbəstdir.
Uşaqların məktəblərdə ana
dilini öyrənmələri üçün, az da olsa, vəsait
ayrılır. Bəzən müxtəlif xalqların milli mədəniyyətinə aid
telekanallarda verilişlər
hazırlanır. Vaxtilə biz Abay Universitetində Azərbaycan dili fakültəsi açmışdıq. Türkdilli xalq olaraq bizə çox
yaxşı münasibət göstərilir.
-
Qazaxıstanın ictimai-siyasi işlərində
diaspor olaraq hansısa
fəallıq göstərə bilirsinizmi?
- Çalışırıq Qazaxıstanın ictimai-siyasi həyatından aktiv olaq. İstər KİV-də, istər elmi konfranslarda, festivallarda biz də iştirak edirik.
Fuad Hüseynzadə
Palitra 2019.- 4 yanvar.- S.7.