“Winner”
jurnalı: “Azərbaycanın ərazi bütövlüyü
kompromis və ya
müzakirə obyekti olmayıb və olmayacaq”
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkədə nəşr edilən “Winner” jurnalında müsahibəsi dərc olunub. Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda da məlumat verilib (AZƏRTAC). Müsahibədə mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, dünyanın əsas aktorları ilə apardığı tarazlaşdırılmış siyasət sayəsində ölkəmizin regionda sabitlik zonası və təhlükəsizlik amili olduğu diqqətə çatdırılıb.
Azərbaycanın NATO ilə əməkdaşlığından danışan səfir Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda görüşməsinin təsadüf olmadığını xatırladıb. Bildirib ki, ölkəmiz mədəniyyətlər və sivilizasiyalararası dialoq platformasına çevrilib. Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar forumlarına, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib.
Səfir Azərbaycan-Fransa münasibətlərinə toxunaraq Cənubi Qafqaz bölgəsində ölkəmizin Fransanın əsas və etibarlı ticarət tərəfdaşı olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salındığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrini xatırladıb. Qeyd edib ki, Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur, beynəlxalq hüquqa riayət etmir.
Müsahibədə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquqa riayət edilməsində kifayət qədər qətiyyət göstərməlidirlər. Münaqişə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həllini tapmalıdır.
Rəhman Mustafayev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü kompromis və ya müzakirə obyekti olmayıb və olmayacaq.
“Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı hədəfləyib”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Aydın Hüseynov AZƏRTAC -a açıqlamasında ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də önəmli addımların atıldığını söyləyib. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının 2018-ci ildə Dağlıq Qarabağ məsələsində hansı üstün və ciddi mövqelərə malik olduğunu çox dəqiq göstərdi. 2018-ci ildə görülən işlərin davamı olaraq Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı hədəfləyib və buna doğru gedir.
Millət vəkili Asim Mollazadə isə SİA-ya açıqlamasında 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımların atılacağına ümid etdiyini deyib: “Çünki Ermənistan bu addımları atmaq məcburiyyətindədir. Əgər 2019-cu ildə Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqeyə gəlməsə, öz müstəqilliyini bərpa edə bilməyəcək və vəziyyəti daha da ağır olacaq”.
Azərbaycanın 2019-cu ildə də strateji xarici siyasətini davam etdirəcəyini deyən A. Mollazadə deyib ki, bu siyasətin əsas prinsipini ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmaq, inkişaf təşkil edir: “Hesab edirəm ki, cari ildə də bu prinsip əsas götürülərək, digər ölkələrlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sistemini davam etdirəcək”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov da SİA-ya açıqlamasında deyib ki, bu gün Azərbaycan bütün meqalayihələrdə uğurla iştirak edir: “Eləcə də son 15 ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatının Nazirlər Şurasının toplantısının ölkəmizdə keçirilməsi, gələn il isə Qoşulmama Hərəkatına üzv olan ölkə başçılarının Azərbaycanda toplanması və sədrliyin ölkəmizə keçməsi bizim ən böyük uğurlarımızdan biridir. Dünyanın 120-dən artıq ölkəsi həmin o Qoşulmama Hərəkatına üzvdür. Bu gün bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bununla bağlı Prezidentimiz real nəticələrə nail olmaq üçün səylərini artırmaqdadır. Düşünürük ki, Ermənistanda baş verən bu son hadisələrdən sonra bu real nəticələrə daha da yaxınlaşacağıq”.
“Ermənistandakı hakimiyyət dəyişikliyinə baxmayaraq, münaqişənin həll prosesində tərpəniş yoxdur”
Politoloq Elxan Şahinoğlu isə SİA-ya açıqlamasında deyib ki, Ermənistanda proqnozlaşdırılmayan hadisələr oldu. Politoloq Ermənistandakı gözlənilməz hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarını da dəyərləndirib: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı. Ermənistandakı hakimiyyət dəyişikliyinə baxmayaraq, münaqişənin həll prosesində tərpəniş yoxdur”. Elxan Şahinoğlu keçən ilin dekabr ayında Ermənistanda keçirilmiş erkən parlament seçkiləri haqda da danışıb.
Ekspert Paşinyanın seçkilərin tarixini dəyişməsinin təsadüfi olmadığını bildirib: “Paşinyan düşünürdü ki, seçkiləri 2019-cu ildə keçirsə, reytinqi ona qədər aşağı düşə bilər və buna görə qələbə şansını əldən verəcək. Nəticədə seçkiləri dekabrda keçirdi və istədiyi nəticəni əldə etdi. Üstəgəl, keçmiş hakim Respublikaçı Partiyasını meydandan uzaqlaşdıra bildi”.
Elxan Şahinoğlu 2019-cu ilin Ermənistan baş naziri üçün ağır olacağını diqqətə çatdırıb və onun 3 məsələni həll etməli olduğunu qeyd edib: “Birincisi, ondan Dağlıq Qarabağ münaqişəsinin həlli tələb olunacaq. Digər tərəfdən, sosial-iqtisadi problemləri həll etməlidir ki, bunun üçün maliyyə resursları yoxdur. Xarici borc həcminin yüksək səviyyəsinə görə də, xarici ölkələr pul ayırmaq istəmirlər. Üçüncüsü, Paşinyan xarici siyasət kursunu müəyyən etməlidir. Bir tərəfdən də Rusiya ilə münasibətlər kəskinləşib. Ermənistan təzyiq altındadır. Gördük ki, Paşinyan ənənəvi xarici siyasəti dəyişmək niyyətinə düşən kimi, Rusiya qazın qiymətini artıracağı anonsunu verdi. Başqa sözlə, Paşinyan verdiyi vədləri yerinə yetirməlidir, mövcud şərtlər isə buna imkan vermir”.
Ermənistan ordusunun 80-ə yaxın
əsgəri hospitala yerləşdirilib
Bu arada Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
edilmiş yaşayış
məntəqələrimizdə yerləşdirilən düşmən
ordusunun bölmələrində
qışın gəlməsi
ilə əlaqədar
xəstələrin sayı
kəskin surətdə
artıb. Ermənistan KİV-ləri xəbər
verir ki, qar yağması və soyuqların düşməsi aclıqdan,
şəraitsizlikdən əziyyət
çəkən hərbçilər
üçün ciddi
bəlaya çevrilib.
Yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd olunub ki, son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur. Faktla bağlı araşdırma aparılır.
Fuad Hüseynzadə
Palitra 2019.- 5 yanvar.- S.11.