“Finlandiyada
Azərbaycanla bağlı müsbət fikirlər var”
Ulviyyə Cabbarova: “Koordinasiya
şuraları soydaşlarımızın Azərbaycan naminə
birgə fəaliyyəti üçün stimul olacaq”
Müsahibimiz Skandinaviya Azərbaycanlılarının
Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi
Ülviyyə Cabbarovadır. Ülviyyə xanım 15 ildən
çoxdur ki, ailəsi
ilə birgə Finlandiyanın paytaxtı Helsinki
şəhərində yaşayır. İxtisasca
musiqiçi olan
soydaşımız yerli məktəblərin
birində müəllimə kimi fəaliyyət
göstərir, eyni zamanda
Azərbaycan musiqisini geniş
təbliğ edir. Ülviyyə Cabbarova musiqi fəaliyyəti
ilə yanaşı, Finlandiyada Azər-Türk
Gənclər Birliyinin rəhbəri kimi aktiv diaspor
işi ilə də məşğul olur. Bu ilin
noyabrından isə yeni
yaradılmış Skandinaviya Azərbaycanlıları
Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisidir.
- Ülviyyə
xanım, Skandinaviya Azərbaycanlılarının
Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisisiniz.
Hazırda bu sahədə işləriniz
necə gedir?
- İsveçin paytaxtı Stokholm şəhərində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi seçilmək soydaşlarımızın mənə göstərdiyi böyük etimad idi və mən bu etimadı doğrultmağa çalışıram. Bu vaxta qədər pərakəndə şəkildə fəaliyyət göstərən təşkilatların ölkəmizin tanıdılması istiqamətində daha səmərəli nəticələr əldə etməsi üçün onların birgə fəaliyyətinə çox böyük zərurət yaranmışdı. Bu zərurəti dərk edən təşkilat rəhbərləri belə bir şurada birləşmək təşəbbüsü ilə çıxış edərək, onun yaradılmasına nail oldular. Koordinasiya Şurasının təsis toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti də iştirak etdi.
Bununla belə, düşünürəm ki, müstəqil fəaliyyət göstərən təşkilatların işini koordinasiya etmək çox məsuliyyətli və çətin işdir. Amma bütün səylərimizi səfərbər edərək bu işin öhdəsindən uğurla gələcəyimizə əminəm. Artıq şurada təmsil olunan Finlandiyadakı təşkilatların rəhbərləri keçirdiyimiz toplantıda soydaşlarımızın daha sıx birləşməsi, onların diaspor və lobbiçilik fəaliyyətində fəallığının artırılması, şuranın Finlandiyadakı yerli və beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və digər məsələləri müzakirə etmişik və müəyyən qərarlar vermişik. Hazırda Finlandi¬yada Azərbaycan Mədəniyyət Evinin açılması məsələsi gündəmdədir. Düşünürəm ki, bu, çox vacib məsələdir. Bundan başqa, Azərbaycanın turizm potensialının Finlandiyada tanıdılması və turistlərin ölkəmizə cəlb edilməsi işində maraqlıyıq və bu istiqamətdə layihələrimiz var.
- Necə düşünürsünüz,
şuranın formalaşdırılmasının həmvətənlərimizin
təşkilatlanma prosesinə və diaspor
quruculuğu işinə hansı təsiri
olacaq?
- Şuranın yaradılması,
ilk növbədə Avropada
yaşayan həmvətənlərimiz
arasında fikir
ayrılıqlarının və şəxsi münasibətlərdəki
problemlərin ortaq maraqlar
ətrafında birləşməsinə, mütəşəkkil
şəkildə Azərbaycan naminə fəaliyyət
göstərmələrinə stimul olacaq.
- Finlandiya
Azərbaycanlıları Koordinasiya
Şurasının əlaqələndiricisi kimi
bu iki ayda
hansı işləri görmüsüz?
- Türkiyə Cümhuriyyətinin Finlandiyaya yeni təyin olunmuş səfiri Mehmet Vakur Erkul ilə görüşümüz, deyərdim ki, səmərəli keçdi. İki qardaş ölkənin diasporunun ortaq fəaliyyətinə və bu istiqamətdə səfirliyin dəstəyinə dair müzakirələr apardıq. Azərbaycan və türk gənclərinə milli mədəniyyətin, musiqinin, adət-ənənənin aşılanması üçün milli bayramların ortaq proqramlar çərçivəsində həyata keçirilməsi, eyni zamanda ölkəmizin Finlandiya ictimaiyyətinə tanıdılması, Qarabağ həqiqətlərinin yerli cəmiyyətə çatdırılması, erməni yalanlarının ifşa olunması istiqamətində ortaq layihələr reallaşdırılması təklifini etdim. Səfir Mehmet Vakur Erkul da işbirliyinin vacibliyini və daha səmərəli olacağını dedi. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə konkret işlərə başlayacağıq.
Finlandiyada yaşayan
azərbaycanlıların bir çoxu öz sahəsində
tanınmış musiqiçi, həkim, alim və iş
adamlarıdır.
- Finlandiyada
azərbaycanlılarla bağlı hansı problemlər
aktualdır?
- Finlandiyada təqribən 3000-dən çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikasından Finlandiyaya köçənlərin sayı isə təxminən 1000 nəfərə yaxındır. Deyərdim ki, azərbaycanlıların Finlandiyada təşkilatlanması yüksək səviyyədədir, onlar azərbaycançılıq naminə bir çətir altında birləşərək həmrəylik nümayiş etdirir və bir-birlərinə dəstək olurlar. Hələ 1993-cü ildən ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşlərində verdiyi dəyərli məsləhətlər dünyadakı, o cümlədən Finlandiyadakı Azərbaycan diasporunun canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul yaradıb. Bu gün Finlandiyada yaşayan soydaşlarımız bu ənənəni davam etdirərək azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşir və fəaliyyətləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə, ölkəmizin tanıdılmasına öz töhfələrini verirlər.
Son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsində dəyişikliklər də soydaşlarımızda böyük stimul yaradıb. Komitənin fəaliyyətindəki yeniliklər, xaricdəki soydaşlarımıza diqqət və qayğının artırılması onların Azərbaycan naminə daha sıx birləşərək fəaliyyət göstərməsi üçün böyük ümidlər verib. Komitənin diaspor təşkilatlarına texniki dəstəyini də xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, innovativ yeniliklər təqdirəlayiqdir. İnternet üzərindən, sosial şəbəkələrdə, Diaspor TV-də və s. görülən işlər kifayət qədər ümidvericidir. Komitə təşkilatlara texniki dəstək göstərir, görülən işlər çoxdur. Ümumiyyətlə, son dövrlər Dövlət Komitəsinin fəaliyyətinə nəzər yetirsək xüsusi bir aktivliyin şahidi oluruq. Xüsusilə də Komitə rəhbərliyinin pozitiv olması bu prosesdə ciddi əhəmiyyət kəsb edir.
-
Finlandiyalılar Azərbaycanla bağlı hansı
düşüncədədirlər?
- Finlandiyada Azərbaycanla
bağlı müsbət fikirlər var.
Ölkəmizdə keçirilən dünya
səviyyəli tədbirlər Azərbaycanı bütün dünyada, eləcə
də Finlandiyada müsbət mənada
tanıdıb. Belə ki, “Avroviziya”, İlk Avropa Oyunları, Formula-1 kimi
dünya miqyaslı tədbirlərdə iştirak etmiş Finlandiya vətəndaşları ölkəmizin
füsunkar təbiətindən,
Bakımızın gözəlliyindən,
insanlarımızın qonaqpərvər və istiqanlı
olmağından böyük məmnunluq hissi ilə danışırlar.
- Azərbaycanlılar
elm, təhsil, səhiyyə sahələrində
ön cərgələrdə dayana bilirlərmi?
- Qeyd etdiyim
kimi, Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçi, həkim, alim
və iş adamıdır. Musiqiçilərimiz
fəal yaradıcılıqla məşğul olur, mütəmadi konsert
proqramları və digər bu kimi tədbirlərdə iştirak
edirlər. Həkimlərimiz sayılıb-seçilən klinikalarda bizi təmsil edir, gördükləri işin
öhdəsindən layiqincə gəlirlər. Müəllimlərimiz
isə Fin məktəblərində
müxtəlif elmlərin tədrisi ilə məşğul olaraq yüksək səviyyədə və xüsusi peşəkarlıqla işlərini icra edirlər.
- Xarici
ölkələrdə yaşayan hər bir azərbaycanlının üzərinə tarixini, mədəniyyətini, adət-ənənəsini
qorumaq missiyası da düşür. Bu
baxımdan, Finlandiyada yaşayan
azərbaycanlılar aktiv ola
bilirlərmi?
- Biz - Finlandiyada yaşayan azərbaycanlılar
öncə ailələrimizdə öz
adət-ənənələrimizi qoruyuruq
və bunları gələcək nəslə ötürürük.
2012-ci ildən yaratdığım Azər-Türk Gənclər
Birliyinin başlıca məqsədi də,
məhz milli adət-ənənələrimizi,
musiqimizi, mədəni irsimizi Azərbaycan və türk
gənclərinin yaddaşına həkk etməkdir. Bu məqsədlə buradakı azərbaycanlı
ailələrlə tez-tez
görüşlərimiz olur. Hətta
artıq ayda bir dəfə
kiminsə evində görüşüb milli mətbəximizin təamlarından
dadıb maraqlı söhbətlər edirik.
Bu, çox sevindirici haldır, Avropa
ölkəsində azərbaycanlıların
mehribanlığı, birliyi Azərbaycan
adətləri ilə yetişdirdiyimiz
körpələrin, yeniyetmələrin, gənclərin gələcəyinə
töhfədir.
-
Finlandiyalılar Qarabağ həqiqətləri,
Xocalı soyqırımı haqqında nə qədər məlumatlıdırlar?
Bu istiqamətdə diaspor
təşkilatlarının fəaliyyətini necə qiymətləndirərdiniz?
- Burada
“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində
keçirilən tədbirlər, Azərbaycan dövlətinin
yürütdüyü xarici
siyasət və diaspor təşkilatlarının
Finlandiyada bu işlərə
dəstək olması nəticəsində Finlandiya
cəmiyyəti həqiqətləri bilir.
Ünsiyyətdə olduğumuz əksər
insanlar Qarabağın əzəli Azərbaycan
torpağı olduğu, Xocalı
soyqırımı və s. məsələlərlə
bağlı məlumatlıdırlar. Bizim
əsas fəaliyyət istiqamətlərimizdən biri də məhz Azərbaycan həqiqətlərinin
olduğumuz ölkələrdə, iştirak etdiyimiz tədbirlərdə
geniş yayılmasıdır və bu, davamlı şəkildə aparılır.
- Finlandiyada
yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyada
dil problemi varmı?
- Mən öz ailəmdə
övladlarımla ana dilində
danışmağa çalışıram. Ancaq
ümumilikdə götürsək, yerli cəmiyyətdə
fin dilində danışmaq tələb olunur. Finlandiyada uzun müddət yaşayıb yerli
dili bilməyən xaricilər işsizlik problemi ilə
üzləşirlər, yerli cəmiyyətə
inteqrasiya oluna bilmirlər.
Bu isə, təbii ki,
davamlı ola bilməz.
- Finlandiyadakı
soydaşlarımız Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü necə qeyd edirlər? Bu əlamətdar
gün münasibətilə hansısa tədbir
keçirilibmi?
- Təbii ki, bütün dünya azərbaycanlılarını
birləşdirən bu mötəbər bayram dünyanın müxtəlif ölkələrində
müxtəlif formatlı silsilə tədbirlər şəklində
qeyd edilir. Xüsusilə vurğulamaq istərdim
ki, Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və Finlandiya Azərbaycanlıları
Koordinasiya Şurasının təşkilatçılığı
ilə Finlandiyanın paytaxtı Helsinki
şəhərində Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
tədbir keçirilib. Tədbirdə
Finlandiyada yaşayan
azərbaycanlılarla yanaşı, Finlandiya
ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın
Finlandiyadakı diplomatik korpusunun
nümayəndələri və digər qonaqlar
iştirak edib.
Ümumilikdə isə tədbirdə 80-dən çox qonaq iştirak etmişdir.
-
Ülviyyə xanım, bir daha yeni iliniz uğurlu olsun,
müsahibə üçün vaxt
ayırdığınıza görə çox sağ olun.
- Siz
də sağ olun, mən də sizin yeni ilinizi təbrik edirəm,
diqqətiniz üçün təşəkkür edirəm.
Fuad Hüseynzadə
Palitra 2019.- 5 yanvar.- S.7.