“Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının regionun hüquqi statusunun müəyyənləşdirilməsində
iştirak etməyə qanuni
haqqı var”
Uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm dəyişikliklər müşahidə olunur. Bu barədə İtaliyanın aparıcı KİV-lərindən olan “L’Opinione” qəzetində dərc olunan məqalədə deyilir. Məqalədə bildirilir: "Ötən il dekabrın ortalarında Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı keçirilib və orada Azərbaycan Xarici İşlər Nazirliyinin gənc əməkdaşı Tural Gəncəliyev icmanın rəhbəri seçilib. Bu xəbər regionun icmaları üçün böyük əhəmiyyət kəsb edir, çünki münaqişənin həllində yeni diplomatik mexanizmlərdən istifadə oluna bilər".
Qeyd olunur ki, Tural Gəncəliyev əslən Qarabağdandır, Azərbaycan musiqisinin beşiyi Şuşada anadan olub və öz uşaqlığını məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin yaxınlığında keçirib. Bu ab-hava onun Şuşada musiqi təhsili almasına səbəb olub. 1992-ci ildə Şuşanın işğalından sonra T.Gəncəliyev Bakıya köçüb və musiqi təhsilini davam etdirib, lakin o, peşəkar musiqiçi olmayıb və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb. 2004-cü ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində diplomatik karyerasına başlayıb, daha sonra isə Azərbaycanın Kanada və Çexiyadakı səfirliklərində, XİN yanında Şimali və Cənubi Amerika şöbəsində işləyib. 2017-ci ildə T.Gəncəliyev Avstriyanın paytaxtı Vyanada ATƏT-in himayəsi altında keçirilən "İnsan hüquqları və məcburi köçkünlər" konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edib.
Məqalədə T.Gəncəliyevin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri təyin edildikdən sonra ilk bəyanatı təqdim edilir: "Mən 1992-ci ildən məcburi köçkünəm. Mən öz hüquqlarımdan istifadə edərək anadan olduğum Şuşaya və uşaqlığımı keçirdiyim evə qayıtmaq istəyirəm".
Daha sonra T.Gəncəliyevin öz "Facebook" səhifəsində Şuşanın erməni silahlı birləşmələri tərəfindən dağıdılmış musiqi məktəbinin xarabalıqlarının şəkilləri ilə müşayiət olunan yazısı təqdim edilir: "Mən burada musiqi təhsili alaraq öz uşaqlığımı keçirmişəm. Biz Azərbaycanın bütün dağıdılmış irsini qaytaracağıq və bərpa edəcəyik".
Nəşr vurğulayır ki, o, yeni vəzifəsinin icrasına başlayarkən bildirib: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər. Ermənistan əhalisi bu ilin aprelində başlayan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimdən bezib".
Məqalədə bildirilir ki, gənc diplomatın ilk məqsədi bölgənin erməni və azərbaycanlı icmalarının danışıqlara bərabər çıxışını təmin etmək məqsədilə azərbaycanlı icmanın rolunu və tələblərini gücləndirməkdir.
“Serj Sarkisyan rejimi hər vəchlə iki icma arasında dialoqun yaradılmasına mane olurdu və imkan vermirdi”
Sonra T.Gəncəliyevin yeni vəzifəsinin icrasına başlayarkən verdiyi açıqlamanın davamı təqdim edilir: "Danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Serj Sarkisyan rejimi hər vəchlə iki icma arasında dialoqun yaradılmasına mane olurdu və imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq olunmalıdır".
Qeyd edilir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasına gənc peşəkar diplomatın rəhbərlik etməsi faktı o deməkdir ki, Azərbaycan regionun erməni və azərbaycanlı icmalarının danışıqlara bərabər çıxışının təmin edilməsində icmanın rolunu gücləndirmək istəyir: "Dağlıq Qarabağın statusunun müəyyən edilməsində yalnız erməni tərəfinin mövqeyi əsas kimi götürülə bilməz".
Məqalədə
vurğulanır ki, etnik
təmizləmə nəticəsində regionu
tərk etmək məcburiyyətində qalan
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının regionun hüquqi
statusunun müəyyənləşdirilməsi
prosesində iştirak etməyə qanuni haqqı var:
"Bu hüququ
tanımadan münaqişənin qlobal və
ədalətli həlli yolunu tapmaq mümkün deyil. Ermənistan danışıqlarda
Dağlıq Qarabağ ermənilərinin
hüquqlarını daim vurğulayır.
Erməni icmasının hüquqları
Dağlıq Qarabağın azərbaycanlı icmasının
hüquqları hesabına təmin edilə bilməz.
İnsanın hüquqları başqa
insanın hüquqlarına zərər vurmaqla
təmin edilə bilməz, eləcə də etnik
qrupun hüquqları digər etnik qrupun hüquqlarına
zərər vurmaqla təmin edilə bilməz.
Bu, beynəlxalq hüquq
və insan hüquqlarının əsasıdır".
Xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir
Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir. Ermənistan KİV-ləri xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib. Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri, hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər.
Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladılarının qaçma səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirlər.
Bu arada cari ildən Yerevan Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 deyil, 165 dollar ödəyəcək. Artıq fevraldan etibarən əhali istehlak etdiyi mavi yanacağın hər kubmetrinə görə əlavə vəsait xərcləməli olacaq. AZƏRTAC erməni KİV-lərinə istinadən xəbər verir ki, ekspertlər bunun Nikol Paşinyan hökuməti üçün yeni problemlər yaradacağını bildirirlər. Rəsmi Yerevan isə vətəndaşlara, hələlik bu barədə dəqiq məlumat vermir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı xalqı əmin etməyə çalışıb ki, danışıqlar aparılır və qiymətlərin qalxmaması üçün əlindən gələni etməyə çalışır.
Bundan başqa, 2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunur. Hadisələrin bu cür gedişi onu göstərir ki, Nikol Paşinyan hökuməti sərt qışla və xalqın sosial böhran və artırılmış vergilər fonunda etirazları ilə üz-üzə qalacaq. Çünki əhalinin gəlirləri artıma adekvat deyil. Hökumət qiymət artımına büdcədə yaranan kəsiri aradan qaldırmaq üçün gedir. Vətəndaşların sözlərinə görə, ölkə rəhbərliyi ölkəni elə ağır vəziyyətə salıb ki, bunun qarşısını yeni hökumət də ala bilməyəcək. Onlar üçün mavi yanacaqdan imtina etmək daha əlverişlidir. Onsuz da yaşayış məntəqələrində illərdir alternativ vasitələrdən istifadəyə üstünlük verilir. İnsanlar qədim dövrlərə qayıtdıqlarını bildirirlər.
Bütün bunların da əsas səbəbi Ermənistanın Dağlıq Qarabağı hələ də işğalda saxlamasıdır. Nikol Paşinyan öz sələflərinin siyasətini davam etdirərək Dağlıq Qarabağ münaqişəsini həll etməkdə maraqlı deyil. Bu da Ermənistanı günü gündən uçurumun dibinə aparır...
Fuad Hüseynzadə
Palitra 2019.- 9 yanvar.- S.11.