“Tamaşadan
əldə edilən vəsaitin bir hissəsi
Naxçıvan qız məktəbinə verilmişdi”
(əvvəli
ötən saylarımızda)
Professor İbrahim Mollayev bu xatirəyə əsaslanaraq göstərir ki, “Nəhayət, XIX əsrdə Naxçıvanda ilk dəfə qadınların azadlığı və təhsili məsələsini təkidlə irəli sürən M.T.Sidqi uzun-uzadı mübahisə və təbliğatdan sonra, 1896-cı ildə burada ilk milli “Qız məktəbi”ni təsis edir və məktəbə toplaşan 8 nəfər qızın təhsil və tərbiyəsilə məşğul olur”. Müəllif daha sonra sö-zü¬nə davam edərək yazır: “Bu hadisə Sidqinin yaradıcılığında diqqətəlayiq bir hadisə olsa da, indiyədək bundan heç bir yerdə danışıl¬mamışdır. Bu haqda çox səthi məlumat “Azərbaycan tarixi”ndə (ötən əsrin 60-cı illərində üç cilddə nəşr olunmuş “Azərbaycan tarixi”nin II cildi ( Bakı, 1964) nəzərdə tutulur - V.R .) qeyd edilmişdir ki, bu da kifayətləndirici sayıla bilməz” .
Ədəbiyyatşünas alim, professor Əsgər Qədimov AMEA-nın Əlyazmalar İnstitutunun fondunda saxlanılan sənədlərə istinad etdiyini bil¬dirərək yuxarıda göstərilən fikri təsdiq edir və yazır: “1896-cı ildə Sidqi çox gərgin mübarizələrdən sonra Naxçıvanda “ilk milli qız məktəbi” açır”.
Əlbəttə, Məhəmməd Tağı Sidqinin qız məktəbinin fəaliyyəti ilə bağlı çoxlu tədqiqatlardan nümunələr gətirmək, sitatlar göstərmək, bu məsələyə aid siyahını artırmaq olar. Biz də belə bir fikirdəyik ki, böyük pedaqoqun “Töhfeyi-bənat, yani ki, qızlara hədiyyə” adlı yüksək bədii və didaktik-tərbiyəvi məzmuna malik mətnlər əsasında hazırlanmış dərsliyi təlim-tərbiyə işində müəyyən təcrübə qazanmış istedadlı pedaqoqun əməyinin, zəhmətinin məhsulu məhz təcrübi iş üçün nəzərdə tutulmuş tədris vəsaitidir. Bu əsər gələcək qadın-ananı hansı insani keyfiyyətlərlə böyüdüb boya-başa çatdırmağın üsul və yollarını öyrədə bilən ustad tərbiyəçinin yük¬sək, elmi əsasda qurulmuş pedaqoji baxışlarıdır. “Qızlara hədiyyə” Mə¬həm¬məd Tağı Sidqinin “ilk qız məktəbi” (əslində, “Tərbiyə” məktəbinin yanın¬da¬ qızların təhsil aldığı sinif - qrup) üçün hazırladığı dərslikdir.
Lakin bütün bunlar belə bir anlama gəlməməlidir ki, M.T.Sidqi qızlar üçün ayrıca məktəb təsis etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, böyük pedaqoq şəxsi təşəbbüsü və maarifçi dostlarının köməyi ilə “Mək¬təbi-Tərbiyə”nin yanında qızların təhsilini həyata keçirmək məqsədilə qrup təşkil edə bilmişdir. Akademik İsa Həbibbəyli də elmi fikirdə formalaşmış belə bir fikrə münasibət bildirərək yazır: “Sidqinin “Qız məktəbi” yaratmaq haqqında fikri (Bax: “Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi”, Bakı, Maarif, 1993, s.293) yanlışdır. O, qızları da “Tər¬biyə” məktəbində təhsilə cəlb etmiş, qız sinfi yaratmış, onlar üçün “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” dərsliyini yazmışdır”.
Buraya qədər söylədiklərimizdən aydın olur ki, istər Cəlil Məmmədquluzadənin, istərsə də Məhəmməd Tağı Sidqinin qızların təhsili sahəsində gördüyü işlər ilk təşəbbüslər idi və fikrimizcə, bu təşəbbüsləri qızlar üçün sistemli, davamlı tədris müəssisəsi hesab etmək olmaz. Çünki hər iki maarif fə-daisi oğlanlar üçün nəzərdə tutulmuş məktəblərin yanında çox az bir sayda qızların təhsilə cəlb edilməsinə nail ola bilmişdi. Və bu hal davamlı xarakter daşımamışdır. Lakin bununla belə, oğlan məktəblərinin nəzdində kiçik qrup halında təşkil olunmuş qızların təhsili çox keçmədən bu sa¬hə¬də ayrıca tədris müəssisəsinin yaradılması işində əsaslı təsir amilinə çevrildi.
Bəs Naxçıvanda qızların təhsilini həyata keçirmək məqsədi ilə ayrıca, xüsusi təşkil olunmuş məktəb nə vaxtdan fəaliyyət göstərmişdir? Məktəbin ilk müəllim və şagirdləri, onların sonrakı taleyi, cəmiyyət həyatında tutduqları mövqe və s. bu kimi suallar indiyədək açıq qalmış, əsaslı araşdırmalar aparılmamışdır. Naxçıvanda qız təhsili, ümumən Azərbaycan ictimai-pedaqoji fikrini məşğul edən, müasir tədqiqatçıların diqqətini çəkən məsələlərdən olsa da, təəssüf ki, bu sahədə ciddi elmi araşdırmalar aparılmamışdır. Naxçıvan ictimai-pedaqoji mühitində qız təhsili və tərbiyəsi məsələləri ciddi tədqiqat mövzusu kimi araşdırılması vacib olan problemlərdəndir. Ona görə də tədqiqat mövzu¬su¬nun tələbinə uyğun olaraq bu məsələyə aid araşdırmalar aparılmasını zəruri hesab etdik.
Naxçıvanda qız məktəbinin meydana gəlməsi və fəaliyyəti XX əsrin ilk illərinə təsadüf edir. Hələ görkəmli ictimai xadim Əhməd bəy Ağayev 1901-ci ildə “Kaspi” qəzetinin 5 oktyabr sayında “Müsəlmanlar ara¬sında qadın təh-sili” məqaləsində yazırdı ki, Hacı Zeynalabdinin vəsaiti ilə Bakıda oktyabrın 7-də imperatiriçə Aleksandra Fyodrovnanın adına rus-müsəlman qız məktəbinin açılışı gözlənilir. Bu bizim ölkədə müsəlman aləmində sivilizasiyaya kömək məqsədilə səxavətli Hacı tərəfindən açılmış ilk pəncərədir. Daha sonra müəllif bu məktəbin müsəlman intibahı üçün əhəmiyyətli hadisə, qızlarımızın əqli və əxlaqi səviyyəsinin yüksəldilməsi üçün vasitə olacağını söyləyərək yazır ki, “...cənab Tağıyevin bu təşəbbüsü təqlid olunaraq artıq İrəvanda xüsusi rus-müsəlman məktəbi yaradılmış, Naxçıvanda isə bu cür məktəbin layihəsi işlənib hazırlanmışdır və əldən-ələ gəzir...”.
Bir cəhəti də qeyd edək ki, hələ XIX əsrin sonlarında Naxçıvan icti¬mai-mədəni mühitində qadın azadlığı məsələləri qabaqcıl ziyalılar arasında geniş yayılmışdır. Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə kimi mütərəqqi görüşlü ziyalı dəstəsi qadınların maariflənməsi, azadlığa çıxması uğrunda müəyyən əməli fəaliyyət nümunəsi gös¬tərə bilmişdi. Bu qabaqcıl ziyalılara Avropada qadın azadlığı haqqında yayılmış ideyalar yaxşı tanış idi. Bu cəhətlə bağlı Cəlil Məmmədquluzadə “Xatiratım” əsərində özünəməxsus bir şəkildə yazırdı: “O vaxtlar arvadlarımızın əsarətdə olmaq söhbətləri təzə-təzə meydana atılmaq istəyirdi və birinci dəfə arvadları müdafiə edən sözləri Eynalı yoldaşımız vasitəsilə məş¬hur arvad azadlığı tərəfdarı Con Stüart Milin kitabında gördüm... Con Stüart Mil bu kitabında hansısa bir özü kimi Avropa yazıçısı ilə arvad azadlığı barəsində mübahisəyə girişmişdi və kitabında sübuta yetirirdi ki, arvad azadlığına indiyədək qoyulan sərhədlərin hamısı, gərək götürülsün” .
Bu mənada Əhməd bəy Ağayevin yuxarıda göstərilən fikrini əsas¬sız hesab etmək olmaz. Naxçıvan ziyalıları qızların təhsilinin müasir Avropa təhsillinə uyğun qurulmasına məxsusi səy göstərmiş, Azərbaycanda bu istiqamətdə müəyyən uğurlar əldə etmiş ziyalıların öncül, ilkin dəstəsini təmsil etmişlər. Lakin təəssüf ki, regionda rus-Azərbaycan qız məktəbinin yaranma tarixi haqqında ziddiyyətli fikirlər, rəylər mövcuddur ki, bu da problemə aid arxiv sənədlərinin və dövrün mətbu nəşrlərinin lazımi səviy¬yə¬də araşdırılmaması ilə əlaqədardır. Bütün bunlar tədqiqatlarda dolaşıq, bəzən də səhv fikir və mülahizələrin yaranmasına səbəb olmuşdur. Məsələn, mötəbər nəşrlərdən hesab olunan yeddi cildlik “Azərbaycan tarixi”nin V cildində Naxçıvanda qız məktəbinin yaranması qeydsiz-şərtsiz 1909-cu ilə aid edilir . Digər bir tədqiqatda isə yazılır:” 1912-ci ildə atasıgil Naxçıvana köçdüklərindən Nazlı xanım da Naxçıvana qayıdır. O, Naxçıvan şəhərində qızlar üçün məktəb açdırır və həmin məktəbdə dərs deməklə bəra¬bər, həm də məktəbə müdirlik edir. Qeyd edək ki, müəllifin bu fikrini və ümumiyyətlə, məqalədən götürülmüş daha bir neçə hissələri digər bir müəllif “Şərq qapısı” qəzetinin 7 avqust 2014-cü il tarixli sayında “Maarifçi qadın Nazlı xanım (Tahirova) Nəcəfova...” adı altında nəşr etdirmişdir.
Nazlı xanım Nəcəfova Naxçıvanda qız məktəbinin, ümumən re¬gion¬da təhsilin inkişafında çox əhəmiyyətli yerə və mövqeyə malik olan ilk qadın maarifçilərimizdən olmuşdur. Keşməkeşli və əzablı həyat yolu keçsə də, zamanın sərt üzünə qarşı dönməz və möhkəm iradə nümayiş etdirmiş bu maarif fədaisi nəsillərə örnək, əsl nümunədir. Həqiqətən də, o, Naxçıvan qız məktəbində müəllim və müdir vəzifəsində işləmişdir və bu haqda göstərilən məlumatlar arxiv sənədləri əsasında təsdiqini tapır. Lakin Nazlı xanımın Nax¬çıvan rus-Azərbaycan qız məktəbinin yaradıcısı, təsisçisi olduğu fikri real görünmür. Arxiv sənədləri, həmçinin bu gün də etibarlı və elmi əhə¬miy¬yətini itirməyən tədqiqatlar fikrimizi təsdiq edən mənbələrdir ki, bu barədə yarımfəslin sonrakı səhifələrində daha geniş, ətraflı şəkildə şərhlər verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan mədəniyyətinin böyük tədqiqatçısı Qulam Məmməd¬li¬nin “Azərbaycan teatrı” adlı salnaməsindən aydın olur ki, 1910-cu ildə “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” Mirzə Fətəli Axun¬dov, Rəşid bəy Əfəndiyev və Əbdürrəhim bəy Haqverdiyevin əsərlərindən ibarət tamaşalarını Naxçıvan qız məktəbinin nəfinə göstərmişdir. Məktəbin müdiri Kərimova belə bir nəcib işin təşəbbüskarlarından olan Mirzə Məmmədəli Səfərova pedaqoji şura adından bu xeyriyyəçilik işinə görə təşəkkürünü bildirmişdir . Bu məktəbin xeyrinə verilən tamaşalardan biri də Mirzə ağa Əliyevə və Azərbaycan səhnəsinin ilk milli qadın aktyoru Göyərçin xanıma məxsusdur. Onlar 1911-ci ildə Naxçıvan şəhərində üç ope¬ret¬ta oynamış, sonuncu tamaşadan əldə edilmiş məbləği Naxçıvan rus-Azərbaycan qız məktəbinin hesabına köçürmüşlər. Yenə 1910-cu ildə Culfa şəhərində yerli həvəskar gənclər tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi tamaşaya qoyulmuşdur. Bu tamaşadan əldə edilən vəsaitin bir hissəsi Naxçıvan qız məktəbinə verilmişdi və s.
Vahid Rzayev
Pedoqogika üzrə fəlsəfə doktoru
Palitra.-2019.-9 yanvar.-S.13.