Daşkənddəki uchildiz.uz
portalı: “Leyli və Məcnun” müsəlman Şərqində
ilk operadır
Daşkənddəki
uchildiz.uz portalında müsəlman Şərqində
tamaşaya qoyulan ilk opera - “Leyli və Məcnun” haqqında
geniş material yer alıb.
Məqalədə
1907-ci ildə müsəlman Şərqində ilk operanın
böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli
tərəfindən yazıldığı vurğulanır.
Bildirilir
ki, Üzeyir Hacıbəyli “Leyli və Məcnun”
operasını yazanda 22 yaşı vardı və əsərdə
Azərbaycan muğamları, təsniflər, xalq
mahnılarından istifadə edilib. Bu isə bəstəkarın
böyük istedadından xəbər verir. Əbəs yerə
Şuşanı Qafqazın konservatoriyası
adlandırmırlar. Şuşa həm də muğamın
konservatoriyasıdır.
Qeyd
olunur ki, opera 1908-ci il yanvarın 12-də Bakıdakı
Tağıyev Teatrında tamaşaya qoyulub. Tamaşaya baxmaq
üçün Gəncə, Şamaxı, Dərbənd və
Tiflis şəhərindən teleqrafla bilet sifariş ediblər.
Əsərin rejissoru Hüseyn Ərəblinski olub. Tamaşada
Leyli rolunu Əhməd Ağdamski, Məcnun rolunda isə
Hüseynqulu Sarabski oynayıb. Sonrakı illərdə bu əsər
Rusiya, Ukrayna, Türkiyə, İran və digər ölkələrdə
də tamaşaya qoyulub.
Yazıda
Üzeyir Hacıbəylinin Şuşada keçən
uşaqlıq və yeniyetmə dövrü haqqında məlumat
verilir, böyük bəstəkarın
yaradıcılığına işıq salınır.
Yazının
sonunda bildirilir ki, bu operaya baxan böyük bəstəkar
Aleksandr Çaykovski deyib: “Bu operanı Avropa səhnələrində
göstərməklə çox böyük uğur qazanmaq
olar”.
Məqalə
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Palitra.- 2019.- 10 yanvar.- S. 13.