Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur

 

“Yəni bu onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verirDünya Bankı bunu yüksək qiymətləndirir”

 

Ölkədə ötən illərdə görülən işlər və aparılan dərin islahatlar nəticəsində iqtisadi inkişaf təmin edilib. Qəbul edilən qərarlar, qanunlar, ölkə başçısı tərəfindən imzalanan sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir. Ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Belə təşkilatlardan biri kimi Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" adlı hesabatında göstərilib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. Bu göstərici 2020-ci il üçün 3,3 faiz təşkil edəcək. Bank 2021-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırır. Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankı Qrupuna qoşulub.

 

Qeyri-neft sektoru artır

 

Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişafı ilə bağlı göstəricilər beynəlxalq qurumların hesabatlarında, ildən-ilə irəliləyişlər reytinq göstəricilərində öz əksini tapır. Bu da təsadüfi deyil. Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər ölkəmizin siyasi çəkisini artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkə kimi tanınır.

Prezident İlham Əliyev çıxışında bildirib ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni bu onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verirDünya Bankı bunu yüksək qiymətləndirir”.

2018-ci ildə qazanılan uğurlara gəldikdə bildirilir ki, bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Eyni zamanda bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açılıb və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yaranıb. Bu il Ələt Ticarət Limanının açılışı qeyd edilib. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək.

 

Son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir

 

2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atıldığını deyən ölkə başçısı qeyd edib ki, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq: “Bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz artıb. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir”. O da vurğulanıb ki, valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Ölkə başçısının sözlərinə görə, istənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir: “Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Yəni həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılıb və bu proses davam etdiriləcək. Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin edib. İqtisadiyyatın rəqabətliliyinin artırılması üçün biz bundan sonra da fəal işləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik”.

Əldə etdiyimiz son uğurlardan biribu yaxınlarda orbitə çıxarılmış "Azerspace-2" peykidir ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Hazırda bizim indi 3 peykimiz var. "Azerspace-2" peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək.

Yeni layihələrdən biri də Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi ilə bağlıdır. Bu da çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin "Avro-5" standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək.

Bu gün həyata keçirilən tədbirlər sırasında yerlərdə yeni müəssisələrin qurulması prioritetdir. Hazırda Mingəçevir Sənaye Parkında 2 böyük iplik fabriki işləyir. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac imkanlarımızı genişləndirir və mahlıcı orada ipə çevirərək artıq daha da valyuta tutumlu məhsul ixrac edirik. Elədə də Masallı Sənaye Parkının açılışı da nailiyyətlər sırasındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının, o cümlədən ənənəvi sahələrin dirçəldilməsi istiqamətində mühüm addımlar atılır ki, 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulur.

 

Nigar Abdullayeva

 

Palitra.- 2019.- 11 yanvar.- S. 5.