Çin televiziyası: “Azərbaycan son illər turizm sahəsində yüksəlişə nail olub”

 

Çində turizm üzrə ixtisaslaşanTravel Channelinternet televiziya kanalının “Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub. Verilişdə Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı, mətbəxindən söz açılıb. Qeyd olunub ki, Şərqi Avropa ilə Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən odlar diyarı - Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim və sirli abidələri, rəngarəng təbiəti ilə diqqəti cəlb edir.

Verilişdə xalqımızın tarixində və mədəniyyətində xüsusi yeri olan odla bağlı abidə və ənənələrdən, o cümlədən heç bir təbiət hadisəsinin söndürə bilmədiyi “Yanar dağdan, əsrlər boyu ibadətgah kimi istifadə olunan “Atəşgah” məbədindən, müasir Bakının rəmzi olanAlov qüllələri”ndən söz açılıb. Bundan başqa, paytaxt Bakının tariximüasir görkəmindən, bir neçə əsrlik tarixi olan, hazırda da yaşayış məkanı kimi istifadə edilən və UNESCO-nun maddi irs siyahısında yer alan İçərişəhərdən, haqqında rəvayətlər gəzən Qız qalasından, Qobustan qoruğundan ətraflı bəhs olunub.

Azərbaycanın təbii gözəlliklərindən də danışılan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində və qadınların dərilərinə qulluq məqsədilə istifadəsi barədə məlumat verilib.

Verilişin qonağı olan Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı aparıcıların və tamaşaçıların ölkəmizlə bağlı suallarını cavablandırıb. Bildirib ki, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan son illər turizm sahəsində də yüksəlişə nail olub. On bir iqlim qurşağından 9-unun rast gəlindiyi Azərbaycanda əcnəbilər turizmin müxtəlif növləri üzrə istirahət edə bilərlər.

Səfir Ə.Zeynallı iki ölkə arasında turizm sahəsində əlaqələrdən bəhs edərək deyib ki, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “ASAN vizasisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib.

Sonda proqramın aparıcısı tamaşaçılara Azərbaycana səyahət etməyi tövsiyə edərək, həm özünəməxsus tarixi abidələrin, həm də müasir Avropa üslubundakı binaların yanaşı olduğu Bakını görməyə çağırıb. Bildirib ki, turistlər İçərişəhərdə gəzərkən özlərini keçmiş dövrlərdə hiss edəcəklər.

 

Fuad

 

Palitra.- 2019.- 11 yanvar.- S. 7.