Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq

Azərbaycanın yeni tarixinin hüznlüeyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Ölkəmizin teatr, kinokonsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunacaq. Mədəniyyət Nazirliyindən bildirilib ki, yanvarın 19-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında görkəmli bəstəkar, Xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunanİntizar” operası nümayiş etdiriləcək. Elə həmin gün Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, yanvarın 20-də isə Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Yanvarın 18-19-da Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) G.Dumbadzenin “Məhşər günü” tamaşası göstəriləcək. Yanvarın 19-da Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın “Mənim göyərçinim” və D.Mustafayevin “Əlincə qalası” tamaşaları oynanılacaq. Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem" əsəri səslənəcək. Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Qara Yanvara həsr olunmuş "Azadlıq aşiqləri" rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə bu gündən başlayaraq yanvarın 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək. Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Unutma” sənədli filminin təqdimatı olacaq. Yanvarın 18-də Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr ediləcək, ədəbi-bədii kompozisiya nümayiş olunacaq. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Qanlı Yanvarın ildönümü münasibətilə rəsm sərgisi və ədəbi-bədii kompozisiya təşkil ediləcək. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "20 Yanvarı unutmadıq" mövzusunda sərgi açılacaq və “dəyirmi masa” keçiriləcək. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar ümumxalq hüznqürur günüdürmövzusunda kitab sərgisi və filmin nümayişi reallaşdırılacaq. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və filiallarında 20 Yanvar faciəsinin ildönümü münasibətilə “Tarix unutmayır qəhrəmanları”, “Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər”, “And yerimiz - Şəhidlər xiyabanı”, “Azadlığa gedən yolun zirvəsi” və s. mövzularda anım tədbirləri, sərgilər, təqdimatlar təşkil ediləcək. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oxucularla 20 Yanvar faciəsi mövzusunda söhbət-mühazirə təşkil olunacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan vətən övladlarının ailə üzvləri ilə görüş keçiriləcək. Respublika Gözdən Əlillər Kitabxanasının oxu zalında Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunan anım tədbiri təşkil olunacaq. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Regional Mədəniyyət İdarələri tərəfindən isə respublikamızın bölgələrində yerləşən mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı çoxasaylı tədbirlər keçirilməkdədir.

Cavidan

Palitra.-2019.-15 yanvar.-S.13.