İran Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması məsələsinin həll olunmasını istəyir”

Xəbər verildiyi kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Azərbaycanda rəsmi səfərdədir. Məhəmməd Baqeri ölkəmizdə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq fikirlərini bildirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlikdə hər iki ölkənin nümayəndə heyətinin görüşü keçirilib. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil olunub. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant M.Baqeri “Şərəf kitabı”nı imzalayıb. Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov İranın Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar bir daha başsağlığı verib. General-leytenant M.Baqerinin Azərbaycana səfərini ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirən general-polkovnik Z.Həsənov bu münasibətlərdə qarşılıqlı etimadın yaradılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Müdafiə naziri münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlıq edib

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu deyən general-leytenant M.Baqeri İranın ölkəmizin ərazi bütövlüyü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstək veriləcəyini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Yekunda tərəflər arasında görüşün protokolu imzalanıb.

İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir

Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib. Məhəmməd Baqeri bildirib ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Trendin məlumatına görə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib ki, İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır. O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyir.

“Times of San Diego” qəzetində Cocuq Mərcanlı kəndinin bərpası barədə məqalə dərc olunub

Bu arada ABŞ-ın “Times of San Diego” qəzetində siyasi icmalçı və “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Kontrerasın məqaləsi dərc olunub. Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsinə səfəri haqqında mülahizələrini oxucularla bölüşüb.

AZƏRTAC xəbər verir ki, müəllifin yazdığına görə, bütün irqlərə və dinlərə mənsub olan insanlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı onda antisemit və ümumilikdə qeyri-tolerant şəxslərin fikirlərinin qəbuledilməz olduğuna dair qənaəti gücləndirib. Kontreras qeyd edir: “Tale elə gətirdi ki, Pitsburq sinaqoqunda atışma günündə mən bu yaxınlarda Azərbaycanda 150 ailə üçün bərpa edilmiş kənddə oldum. Cocuq Mərcanlı adlanan bu kənd paytaxtdan 300 kilometrə yaxın məsafədə yerləşir və 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd üç il əvvəl işğaldan azad olunub. Burada yaşayan 450 azərbaycanlı ailəsi həyatlarına təhlükə yarandığından öz evlərini tərk etməyə məcbur olub. Sağ qalanlar məcburi köçkünlərə çevrilib və Birləşmiş Millətlər Təşkilatının da qeydə aldığı bir milyon azərbaycanlı qaçqının siyahısına əlavə olunublar”.

1993-cü ildə baş vermiş faciələrdən bəhs edən müəllif yazır ki, Araz çayı üzərindən İrana keçmək istəyən bir çox dinc insanlar həlak olublar.

Məqalədə diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə baxmayaraq, vəziyyət dəyişməyib və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Lakin üç il əvvəl Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyat həyata keçirərək Ermənistanın işğal etdiyi torpaqların kiçik bir hissəsini, o cümlədən Cocuq Mərcanlı kəndini azad ediblər. Müəllifin yazdığına görə, Cocuq Mərcanlı bütün Qafqaz regionunda xoş gələcəyin müjdəçisidir. Kontreras vurğulayır: “Azərbaycan hökuməti Cocuq Mərcanlıda yeni evlər tikib və dağıdılmış məscidi, mülki tikililəri, məktəb binasını bərpa edib. 1993-cü ildə buradan didərgin düşən 150 kənd sakini artıq öz evlərinə qayıdıb. Daha 300 ailə onlar üçün tikiləcək yeni evlərə qayıdacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Qərb standartları üzrə inkişaf davam edir. Nəticədə isə gələcəyə ümidlə baxan müasir dövlət yaranıb. Cocuq Mərcanlı ölkənin liderinin səylərini təcəssüm etdirir”.

Fuad Hüseynzadə

Palitra  2019.- 18 yanvar.- S. 11.