“Bakı” əməliyyatı

XX əsrin 80-ci illərinin ortalarında ermənipərəst M.Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsi, onun və digər Sovet rəhbərələrinin erməniləri şirnikləndirməsi erməni təcavüzkarlarının Azərbaycana qarşı geniş miqyasda hücumu üçün onlara qol- qanad verdi. Onlar Ermənistan-Azərbaycan münaqişəsinin közərib alovlanmasına şərait yaratdılar. Çünki Moskvaparçalahökm sür” siyasəti vasitəsilə hər iki ölkəni özündən asılı vəziyyətdə saxlayar, bununla da SSRİ-nin dağılmasının qarşısını almış olardı.

Qərbi Avropa, ABŞ və digər dövlətlər, beynəlxalq təşkilatlar erməni seperatçılarının ortaya atdğı, uzaq görməyən M.S.Qorbaçov hakimiyyətinin dəstəklədiyi Qarabağ münaqişəsinin SSRİ-nin dağılmasında rolunu nəzərə alıb və digər tərəfdən xristian həmrəyliyini nümayiş etdirib, Ermənistanın işğalçı siyasətinə göz yumurya susmaqla onu təcavüzkarlığa daha da şirnikləşdirirdilər.

Münaqişənin közərdiyi 1988-ci ildən başlayaraq Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarətini və öz idarəçilik hüququnu addım-addım itirirdi. Buna şərait yaradan mühüm səbəb SSRİ hökümətinin təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycanı eyniləşdirmək, ikili standart siyasəti yürütməsi idi. Digər bir səbəb isə Azərbaycanın o zamankı rəhbərliyinin SSRİ-yə başçılıq edənlərə sadəlövhcəsinə inamı idi. Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Azərbaycan SSR-nin höküməti mərkəzin bu münaqişəni Azərbaycanın xeyrinə ədalətlə çözəcəyinə sadəlövhcəsinə ümid edirdi. SSRİ-nin hərbi siyasi elitası Ermənistan və Azərbaycanda yaşayan ermənilərin silahlanmasına şərait yaratdıqları halda, Azərbaycan hökuməti öz imkanı daxilində əhalini silahlandırmağa qorxur, hətta əhalidə olan ən adi silahları belə müsadirə edirdi.

Azərbaycan xalqı iki il Qorbaçovun ədaləti bərpa edəcəyinə ümid bəslədi. Lakin Sovet rəhbərliyi ermənipərəst mövqeyindən əl çəkmədi. Mərkəzi televiziya da daxil olmaqla Sovet kütləvi informasiya vasitələri erməni yalanlarını təkrarladı.Onların xalqımıza qarşı törətdiyi təcavüzkarlığı, terror hadisələrini ifşa etmək əvəzinə, xalqımızın ünvanına böhtanlar yağdırdı.

Azərbaycan xalqı da çıxış yolunu SSRİ-nin tərkibindən çıxmaqda, müstəqil dövlət kimi yaşamaqda gördü. Azərbaycanın SSRİ-nin tərkibindən çıxması digər Sovet respublikalarını da bu aksiyaya həvəsləndirər, nəticədə SSRİ-nin süqutuna gətirərdi. Bu, M.Qorbaçov başda olmaqla sovet rəhbərliyini qorxuya saldı.

SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov Azərbaycandakı xalq hərəkatının rəhbərlərinə verdiyiSizin məqsədiniz nədir?” sualına “Demokratik seçkilər keçirmək”- cavabını aldıqda demişdi: “Bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”. Təbii ki, Sovet hökuməti buna imkan verməzdi. Buna görə də Azərbaycan xalqını qorxutmaq, tutduğu müstəqillik yolundan döndərmək, həmçinin Azərbaycanın timsalında digər respublikaları qorxutmaq üçün Bakıda və digər şəhər və rayonlarımızda 1990-cı ilin yanvarın 19-20-də və sonrakı günlərdə qəddarlıqla həyata keçirilən qırğının ssenarisini hazırladı. Planın şərti adı “Tayfunidi. Bu plana daxil “Bakı” əməliyyatına SSRİ-nin müdafiə naziri D.Yazov şəxsən başçılıq edirdi.

Bakıya müdaxilə üçün bəhanə isə Sovet xüsusi orqanlarının Sumqayıtda olduğu kimi, Bakıda 1990-cı ilin yanvarın 13-də törətdiyi erməni talanları idi. Bakıda yanvar hadisələrinin şahidi kimi deyə bilərəm ki, əslində, bu talanlar süni şəkildə törədilmişdi, çünki belə olmasaydı, onun qarşısını əvvəlcədən almaq olardı. Məqsəd bu hadisədən bəhanə kimi istifadə edib, xalqa divan tutmaq idi. Fövqəladə vəziyyət elan olunacağı ilə əlaqədar, əhalinin xəbər tutmaması üçün SSRİ-nin Baş Hərbi Kəşfiyyat İdarəsinin xüsusi qrupu Azərbaycan televiziyasını susdurmuşdular. Nəzərdə tutulmuşdu ki, qırğının miqyası geniş olsun.

1990-cı ilin yanvarın 19-20-də və sonrakı günlərdə Sovet Ordusunun hücumu nəticəsində Bakıda və digər yaşayış məntəqələrində, əksəriyyəti azərbaycanlılar olmaqla, müxtəlif xalqlardan olan 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdü.

Yanvar qırğınında Sovet hərbçilərinin bilməyərəkdən bir-birini atəşə tutması nəticəsində 25 nəfər öldürülmüş, 283 nəfər yaralanmışdı. Sovet ordusunun vəhşiliyi Azərbaycan xalqını qorxutmadı. Fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, Bakıda ictimaiyyətin qabaqcıl nümayəndələri, ziyalılar bu qətliama etiraz etdilər. Bununla bağlı yanvarın 21-də Bakıda Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Elə həmin gün Ümummilli lider H.Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində çıxış etdi, Sovet rəhbərliyinə etirazını bildirdi, 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.

1990-cı ilin yanvarı xalqımızın tarixinə qanla yazılmış qəhrəmanlıq, mərdlik səhifələridir. 1990-cı il yanvarın 22-də “Azadlıq” meydanına şəhidlərlə vidalaşmağa gələn milyonlarla adam azadlıq yolunda mübarizliyini nümayiş etdirdi, respublikada 40 günlük matəm keçirildi. Fasiləsiz tətillər oldu. Nəticədə Azərbaycan xalqı 1991-ci ilin oktyabrın 18-də özünün çoxəsrlik arzusuna qovuşdu, müstəqilliyini bərpa etdi.

 

Zakir Kərimov

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Azərbaycan tarixi kafedrasının dosenti

Palitra.-2019.-19 yanvar.-S.10.