Sədərək uğrunda gedən qeyri-bərabər
döyüşdə yurd sevgisi
qalib gəldi
Çətin günlər idi... Üç tərəfdən
düşmən əhatəsində olan,
həmin dövrdə tənha adanı xatırladan
Naxçıvan mərkəzi hakimiyyətin biganəliyi,
düşmənlərimizin xain
hücumları nəticəsində təhlükə ilə
üz-üzə qalmışdı. 1990-cı il
yanvarın 18-də ermənilər Sədərək kəndinin
8-10 kilometrliyində yerləşən Kərki kəndini işğal etdilər, yanvarın 19-na
keçən gecə isə Sədərəyə hücuma keçdilər. Həmin günlərdə
Kərkini itirsək də, ümidimizi,
inamımızı itirmədik. Əksinə, düşmənə
qarşı nifrətimiz, onu məhv etmək,
yer üzündən silmək arzumuz daha da
şiddətləndi.
Qədim Azərbaycan
kəndi
Türk tayfası kərkililərin adı ilə bağlı olan Kərki kəndinin ərazisi 960 hektardır. Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” adı ilə qeydə alınıb. “Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qədim yurd yerimiz olan Qarabağ torpağında Kərkicahan şəhəri, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub.
Kərki kəndi
ermənilərin işğalçılıq siyasətinin ilk hədəfi oldu
Kərki hadisələri, əslində, 1988-ci
ildə başlanıb, 1989-cu il
dekabrın sonlarında vəziyyət daha
da gərginləşdi. Kəndin
üç yerində post
qurulsa və hər postda
15 nəfər könüllü olsa da, bununla
yanaşı, muxtar respublikanın digər
rayonlarından bura kömək gəlsə
də, bu, yaşayış məntəqəsini
düşməndən qorumağa kifayət
etmirdi. Çünki dörd bir tərəfi
düşmənlə əhatə olunan
kəndi qoruyan könüllülərin
silahı da az idi. İki il
ərzində Kərki dəfələrlə atəşə
tutuldu. Köhnə Kərki,
O tay, Sənəm zağası, kəndin
girəcəyindəki Şırran körpüsü
tərəfdən atışmalar daha intensiv xarakter aldı.
Hadisələrin canlı şahidlərinin sözlərinə
görə, yanvarın 18-də kənd səhər saat 4 radələrindən şiddətli atəşə
tutuldu. 30 nəfərədək
Kərki sakini Şərur Rayon
Polis Şöbəsinin 3 əməkdaşı
ilə birlikdə 2 mindən çox
silahlı erməniyə qarşı vuruşsa
da, döyüş ləvazimatlarının
bitməsi səbəbi ilə onlar
yaşayış yerini tərk etməli oldular. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə
ermənilərin əlinə keçdi.
Növbəti hədəf
- Sədərək...
Kərkini ələ keçirən düşmən düşünürdü ki, Sədərəyi də qısa zamanda işğal edə biləcək. Buna görə də yanvarın 18-dən 19-na keçən gecə Sədərəyi ağır artilleriya atəşinə tutmağa başladılar. Əslində, hədəf təkcə Sədərək deyildi, düşmənin məqsədi muxtar respublikanı işğal etmək idi.
Ermənistandakı keçmiş sovet ordusunun silahları ilə başdan-ayağa
silahlandırılmış ermənilərin planına
görə, onlar yanvarın 19-da Sədərəkdə
müqaviməti qırdıqdan sonra hücumu davam etdirib muxtar respublikanın
paytaxtı Naxçıvan şəhərinə çatacaq və qədim diyarı işğal etmələri münasibətilə
burada bayram şənlikləri
keçirəcəkdilər. Lakin vətənpərvər
oğullarımız ermənilərin bu çirkin niyyətlərini ürəklərində
qoydular. Sədərəyə
hücum xəbəri ildırım
sürəti ilə muxtar respublikaya
yayıldıqdan qısa vaxt sonra əli silah tutan hər bir muxtar respublika sakini yumruq kimi
birləşərək yurdumuzun müdafiəsinə
qalxdı. Düşmən Sədərəkdə çox güclü
müqavimətə rast gəldi.
Naxçıvanın
döyüşçüləri erməniləri
darmadağın etdilər
On dörd
dəfə hücuma məruz qalan Sədərəyə ermənilər 300-ə
yaxın top mərmisi atsalar
da, bir addım belə
irəliləyə bilmədilər. Düşmən
ardıcıl artilleriya atəşi ilə
burada 500-ə yaxın evi,
məktəb binalarını, ictimai-inzibati
və sosial obyektləri dağıdaraq, əhalidə
xof yaratmağa
çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini
tərk etmədilər, muxtar respublika sakinləri isə onlara
gecə-gündüz lazımi dəstəyi göstərdilər.
Sonda elə bir vəziyyət
yarandı ki, ermənilər artıq
Naxçıvanın döyüşçülərindən
necə canlarını qurtarmaq barədə
düşünməyə başladılar...
Naxçıvanı
ulu öndər Heydər ƏIiyev xilas etdi
Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək buradan güclü top atəşinə tutulurdu. Naxçıvanlı döyüşçülər isə 2 ədəd TOZ-8, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin hücumunun qarşısını alırdı. Silah-sursat az olsa da, heç kəs geri çəkilmək barədə düşünmürdü. Ulu öndər Heydər Əliyev Naxçıvana gələndən sonra artıq hər kəs tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki əhali dahi şəxsiyyətin ətrafında sıx birləşdi, Naxçıvanda ordu quruculuğuna başlanıldı. Onu da deyək ki, Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk Milli Ordunun əsası qoyuldu. Dahi şəxsiyyətin həyata keçirdiyi bu tədbirlər naxçıvanlıları daha da cəsarətləndirdi, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.
Həmin dövrdə naxçıvanlıların güc aldıqları yeganə qüvvə Ulu Öndərimiz idi. Görkəmli dövlət xadiminin döyüşlərin şiddətlə davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, sakinlərin yanında olması, təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. 1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin digər bir səbəbi də əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi.
Bu gün ordumuz muxtar respublikamızın strateji yüksəkliklərindən düşməni tam nəzarətdə saxlayır
Bu gün
20 Yanvar faciəsinin səbəbləri
haqqında müxtəlif fikirlər söylənsə də,
qırğının törədilməsindən keçən
29 il ərzində sübut
olunub ki,
“qırmızı imperiya”nın bu terror aktını törətməkdə digər
dəhşətli məqsədi Bakıya qoşun
yeridərək diqqəti Naxçıvan cəbhəsindən
yayındırmaq idi. Keçmiş sovet rəhbərliyi anklav
şəraitində yaşayan, köməksiz
qalan Naxçıvanın Ana
Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən
işğal olunmasına şərait yaratmağa çalışırdı. Lakin tarix sübut
etdi ki, birlik, inam, Vətən sevgisi, yurda bağlılıq olan yerdə,
hətta güclü düşmənə
belə, qalib gəlmək mümkündür.
Ötən il Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi
Günnüt əməliyyatı isə bir daha göstərdi ki, bu gün
Naxçıvanın təhlükəsizliyi tam
təmin olunub və gücü,
qüdrəti ilə öyündüyümüz
ordumuz muxtar
respublikamızın strateji yüksəkliklərindən
düşməni tam nəzarətdə
saxlayır. Aprel döyüşləri və
Günnüt zəfəri hər birimizdə
bir daha əminlik
yaratdı ki, ordumuz işğal altında olan
torpaqlarımız istənilən vaxt
düşməndən azad etmək
qüdrətindədir.
Rauf Kəngərli
Palitra.- 2019.-19
yanvar.-S.15.