Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”

Xəbər verildiyi kimi, Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub. Siyasi şərhçilər bu görüşü müsbət addım kimi qiymətləndiriblər. Politoloq İlqar Vəlizadə SİA-ya açıqlamasında deyib ki, bu qeyri-rəsmi görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni hazırlanan gündəlikdə əks olunan detalların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşün saat yarım müddətində davam etdiyini deyən politoloq vurğulayıb ki, bu müddət ərzində aparılan danışıqlarda bizim üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması və digərləridir ki, bunlarla bağlı məsələlərin konkret şəkildə müzakirə olunması maraqlıdır: “Ermənistan üçün isə regionda blokadadan çıxmaq məsələsi maraqlıdır. Çünki blokada vəziyyətində olmaq onların sosial iqtisadi vəziyyətinə ağır zərbələr vurub. Paşinyan xalqa müəyyən vədlər versə də, onları indiki şəraitdə yerinə yetirə bilmir. Bu vədlərin yerinə yetirilməsi üçün danışıqlar intensivləşməlidir. Bu görüşün nəticələri mütləq şəkildə fevral ayında baş tutacaq XİN başçılarının görüşündə öz nəticəsini verəcək”.

Münaqişənin həlli istiqamətində yeni hazırlanan gündəliyin qaralama formasının Azərbaycan və Ermənistan XİN başçılarının son bir neçə görüşləri zamanı hazırlandığını deyən politoloq söyləyib ki, fevral ayında baş tutacaq növbəti görüşdə gündəlik tam şəkildə formalaşa bilər ki, bu da danışıqların yeni mərhələyə qədəm qoyması deməkdir.

İ.Vəlizadə bildirib ki, bir müddət bundan öncə Ermənistan vahid mövqe nümayiş etdirmək üçün ölkədə siyasi proseslərin başa çatmasını bəhanə edirsə, artıq Ermənistanda seçkilərin başa çatması və yeni hökumətin formalaşması onların məsuliyyətdən yayınmasına imkan verməyəcək: “Artıq Ermənistan münaqişənin həlli istiqamətində yeni mövqe ortaya qoya bilər”.

Siyasi ekspert Arzu Nağıyev də deyib ki, Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş çox mühüm əhəmiyyət kəsb edir: “Ölkə başçısının da qeyd etdiyi kimi, bir neçə ayaqüstü görüşlərdə tərəflərin mövqeyinin aydınlaşdırılması istiqamətində aparılan söhbətlər görüşlərin mütəmadi olmasına zəmin yaradıb. Qeyri-rəsmi görüşü, tərəflərin mövqeyinin nədən ibarət olacağına aydınlıq gətirmək üçün mühüm platforma hesab etmək olar. Prezident İlham Əliyev dəfələrlə ölkəmizin mövqeyini ifadə edərək qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizi ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı istənilən görüşdə iştirak etməyə hazırdır və danışıqlar prosesi davam etməlidir”.

A.Nağıyev qeyd edib ki, bu görüşlərin mütəmadi olması yeni formalaşan Ermənistan hakimiyyəti üçün də imkandır: “Yəni müharibə tək danışıqlar masasında, siyasi müstəvidə deyil, eyni zamanda səngərdə də gedə bilər. Bunu Ermənistan başa düşməlidir”.

Buna paralel olaraq Ermənistan mətbuatında bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işlərinin aparıldığını deyən siyasi ekspert qeyd edib ki, artıq Ermənistan mərkəzi televiziyası, eləcə də digər bir sıra KİV-lərdə bununla bağlı geniş işlər həyata keçirilir.

Doğrudan da, erməni xalqını sülhə hazırlamaq lazımdır”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov isə “Azadinforma açıqlamasında deyib ki, təbii olaraq Prezident İlham Əliyev və Paşinyan arasında münaqişə ilə bağlı danışıqların predmeti varbu, son zamanlarda hiss edilməkdədir: “Maraqlısı bundan ibarətdir ki, dünən baş tutan görüşdən dərhal sonra Ermənistan KİV-lərində Paşinyana qarşı bir pressinq başladı. Onu münaqişə ilə bağlı hansısa nüansları gizlətməkdə günahlandırdılar. Ermənistan KİV-ləri və siyasi partiyalar XİN rəhbərləri arasında olan görüşdə ilk dəfə olaraq Ermənistan və Azərbaycanın da razılığı ilə olan və ATƏT-in Minsk qrupu tərəfindən verilən ümumi bəyanatlardan narahatdırlar. Onlar ATƏT-in Minsk qrupunun Paris görüşündən sonra xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanatdan narahatdırlar. Amma, əksinə, onlar bu bəyanatdan narahat olmamalıdırlar. Doğrudan da, erməni xalqını sülhə hazırlamaq lazımdır. Təbii ki, bu bəyanat sırf olaraq Paşinyana aid idi. Paşinyan Ermənistan ictimaiyyətini sülhə hazırlamalıdır və münaqişə ilə bağlı 2019-cu ildə konkret addımlar atmalıdır”.

Keçmiş hakimiyyət uzun illər idi ki, Ermənistan tarixi ilə bağlı cəmiyyətə yalan məlumatlar verirdi, böyük Ermənistan xülyası ilə erməni cəmiyyətini, erməni uşaqlarını böyüdürdü”, - deyən politoloq əlavə edib ki, həmin siyasətin Ermənistanı hara gətirib çıxardığı açıq-aşkar görünür: “Ermənistanın yeni hakimiyyəti isə başa düşməlidir ki, keçmiş hakimiyyətin səhvlərini etməmək lazımdır. Ermənistan faktiki olaraq bu gün ölü bir dövlətə çevrilib. Heç bir regional təşkilatda iştirak edə bilmir, bir dövlət kimi xarici siyasətdə funksionallığını, demək olar ki, itirib. Bütün bunlar, eyni zamanda bizim hərbi-siyasi, iqtisadi resursumuzun qat-qat Ermənistanı üstələməsini göstərir”.

Z.Məmmədov vurğulayıb ki, münaqişə ilə bağlı Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyümüzü təmin etmək üçün müharibəyə və digər yollara da əl ata bilər: “Sadəcə, 2019-cu ildə Ermənistana vaxt verilibbu vaxtdan Ermənistan düzgün şəkildə istifadə etməlidir. Vaxt birmənalı şəkildə Azərbaycanın xeyrinədir”.

Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizm və vasitələri yoxdur

Yeri gəlmişkən, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında azərbaycanlı millət vəkili Rəfael Hüseynovun sualını cavablandırıb. “Trendin məlumatına görə, o deyib ki, Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizm və vasitələri yoxdur. Rəfael Hüseynov T.Yaqlanda aşağıdakı sualı verib:

“Hörmətli cənab baş katib! Siz baş katib olduğunuz müddətdə bir milyondan çox azərbaycanlı qaçqının problemini həll etmək üçün heç bir praktiki addım atmamısınız. Ümumi sözlər və məsələni ATƏT-ə yönləndirmək əvəzinə, siz yüksək vəzifənizdən istifadə edib konkret addımlar ata bilərdiniz. Heç bir addım atmadığınız üçün məsuliyyət hiss edirsinizmi, yoxsa bunu normal hesab edirsiniz?”.

T.Yaqland öz növbəsində suala bu cür cavab verib: “Azərbaycanlı qaçqınlara gəldikdə, mənim bu problemi həll etmək üçün vasitələrim yoxdur. Mən ATƏT və ya BMT-yə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinə müraciət etsəydim, fikrimcə, onlar da deyəcəkdilər ki, mənim bu problemin həlli üçün mexanizmlərim yoxdur. Mənim bu cür mandatım yoxdur. Bizim mandatımız başqadır və biz onu reallaşdırmağa çalışırıq. Sizin xatırlatdığınız və həqiqətən də, çox kəskin olan problemin Avropa Şurası tərəfindən həll olunması imkanlarını görmürəm. Mən başqa bir şey deyə bilmərəm. Əlbəttə, bu, həmin vəziyyətdə olanlar üçün dəhşətli vəziyyətdir”.

Fuad Hüseynzadə

Palitra  2019.- 24 yanvar.- S. 11.