Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd təqdim olunub

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb. O, AŞPA-nın sessiyası çərçivəsində yazılı sualla Nazirlər Komitəsinin sədrinə müraciət edib. Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub.

Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalaşdırma və işğal siyasətinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsi ilə bağlı Parlament Assambleyasında dəfələrlə məsələ qaldırılıb, tövsiyə xarakterli qətnamə də hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində ünvanlanan 14797 saylı sənəddə isə ermənilərin son dövrdə Dağlıq Qarabağdaişğal altında olan digər ərazilərdəki yer adlarını qondarma şəkildə dəyişdirmək, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdlərinin ifşasına yönəlib (AZƏRTAC).

Sənəddə deyilir: “Rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib. Eyni siyasət indi Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində aparılır və hətta dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir”.

Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq deputat Rafael Hüseynovun Nazirlər Komitəsinə ünvanladığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunaziddqeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl gətirir, münaqişənin dərinləşməsinə səbəb olur. Bu qəbil kartoqrafik təcavüz siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər?

AŞPA-da qəbul edilmiş qaydalara müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin qurumun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır. Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər. Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, problemin həlli məsələsində bilavasitə səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədrlərində olsa da, Avropa Şurası irəliləyiş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırdır. Münaqişənin həllinə, danışıqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbuledilməzdir.

“Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır”

Yeri gəlmişkən, ötən gün politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” adlı konfrans keçirib. O deyib ki, ATƏT MQ həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü barədə yaydığı bəyanat onların məqsədyönlü fəaliyyətinin daha da qətiləşdiyini və genişləndiyini göstərir. O bildirib ki, nəticəyə yönəlmiş intensiv danışıqlara şərait yaradan atmosferin dəstəklənməsi tezisində iki məsələ var: “Ermənistanın danışıqlar üçün konstruktiv mühitin olmaması ilə bağlı “narahatlığı” həmsədrlər tərəfindən qəbul edilmir. Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır. Məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə, mədəni abidələrə, məzarlıqlara baş çəkməsi, o cümlədən Bakıda vaxtilə yaşamış ermənilərin öz ata-babalarının məzarlıqlarına baş çəkməsi kimi ideyalar çoxdan mövcuddur. Amma bunlar Ermənistanın tutduğu destruktiv mövqeyi nəticəsində reallaşmadı. Hər iki tərəfdən vətəndaş cəmiyyətinin ayrı-ayrı təbəqələrinin-qadınların, gənclərin və münaqişədən zərərçəkmişlərin təmasını Ermənistan vaxtilə rədd edib. Məzarlıqların aşkarlanması və DNT analizləri vasitəsilə məzarlıqlarda ölənlərin kimliyinin müəyyənləşməsi Dağlıq Qarabağ tənzimlənməsində kin-küdurətin aradan qaldırılması istiqamətində çox vacib addımdır. Çünki erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ müharibə regionundakı məzarlıqların böyük əksəriyyətində ölənlər ermənilərdir. Amma fakt budur ki, orada ölənlərin əksəriyyəti azərbaycanlılardır. DNT analizi ilə bu mübahisəyə son qoyulacaq. Amma bu, ermənilərin uydurduğu həqiqətin ziddinə olduğu üçün S.Sarkisyan hökuməti razılıq vermədi. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması nə qədər tez dialoq quracaqlarsa, Dağlıq Qarabağ dinc tənzimlənməsi də o qədər sürətlənəcək”.

Politoloq vurğulayıb ki, həmsədrlər xarici işlər nazirləri ilə birlikdə indiki danışıqlar prosesinin əsas prinsip və parametrlərinin müzakirəsi dedikdə çox böyük ehtimalla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, həmin ərazilərə məcburi köçkünlərin qayıtmasına hazırlanması və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur: “Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə Azərbaycanın tərkibində təhlükəsiz, inkişaf şəraitində yaşaya bilməsini Azərbaycan tərəfi dəfələrlə bəyan edib. “Laçın koridorunun parametrlərinin müəyyən olunması ilə bağlı vacib işarəli mesajı Ermənistan Silahlı Qüvvələrinin baş ştab rəisi Artak Davtyan verdi. Əgər Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası Ermənistan tərəfindən təklif olunursa, demək “Laçın koridoru” ilə bağlı Ermənistanın mövqeyində kifayət qədər ciddi dəyişiklik var. Həmsədrlər xarici işlər nazirləri ilə razılaşdıqlarını iki ölkə liderləri ilə razılaşdırıb, dərhal tənzimlənmə üçün müqaviləni hazırlamaq niyyətindədirlər”.

Paşinyan hakimiyyəti Dağlıq Qarabağ məsələsini bilmir

Mübariz Əhmədoğlu deyib ki, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi dənizdə yelkənsiz qayığa bənzəyir: “N.Paşinyan hakimiyyəti Dağlıq Qarabağ məsələsini bilmir. Əgər Dağlıq Qarabağ tənzimlənməsi ətrafında baş verənlərdən məlumatlı olsaydı, S.Sarkisyan komandasının üzvləri onu belə rüsvaycasına aldada bilməzdilər. Həmsədrlərin son bəyanatında olan məsələlərin əksəriyyəti S.Sarkisyanın dövründən qalma məsələlərdir. Serj Sarkisyan güclü lider olsaydı, bu məsələlərin hamısı onun vaxtında həllini tapardı və ermənilərin maraqları indikinə nisbətən daha çox təmin oluna bilərdi”.

O bildirib ki, Paşinyan və komandasının Dağlıq Qarabağ tənzimlənməsinin detallarını bilməməsi həmsədrlərlə də münasibətdə özünü göstərir: “O, Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlara qoşulmasını tələb kimi irəli sürdü. Amma həmsədrlər onun bu tələbini qəbul etmədilər. Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması yalnız Bakının konsensus verəcəyi halda mümkündür. Paris görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda aydın göstərilir ki, iqtisadi əməkdaşlıq regionun davamlı inkişafına yönəlik olmalıdır. Amma Ermənistan tərəfi bunu təhlükəsizlik tərəfə meyilləndirir. Təhlükəsiz sözü ermənilər üçün müəyyən qədər dəbdə olan məsələdir”.

M. Əhmədoğlu vurğulayıb ki, Serj Sarkisyan öz xalqını uzun müddət aldatdı və belə bir pis vəziyyətə düşdü: “Paşinyan hakimiyyəti formalaşdırmağı yubatmaqla, Dağlıq Qarabağ tənzimlənməsinə təsir edə biləcəyini düşünür. Xarici işlər naziri Zohrab Mnasakanyan həmsədrlərin razılaşdırdığı məsələləri N.Paşinyana çatdıra bilmədi”.

Fuad Hüseynzadə

Palitra.-2019.-23 yanvar.-S.11.