“Ermənistanı “bataqlıq”dan yalnız Azərbaycan xilas edə bilər”

Xəbər verildiyi kimi, Davos Ümumdünya İqtisadi Forumunda çıxışında Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın təcavüzünə və işğalına məruz qalması faktını da qabardıb. Həmçinin Davos Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub.

Bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olub. "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib ki, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması mövzusu diqqətə çatdırılır: “Azərbaycan Prezidenti ardıcıl olaraq işğal olunmuş ərazilərin qaytarılması prosesinin başlaması üçün zəruri tədbirlər həyata keçirir. Bu siyasətin uğurunun rəhni kimi son illərdə Ermənistan üzərində hərbi və maliyyə üstünlüyünün əldə olunması, eləcə də işğalçı ölkənin enerji, nəqliyyat və iqtisadi təcridini göstərmək olar. Azərbaycan və Ermənistan tərəflərinin Davos görüşü İlham Əliyev diplomatiyasının aşkar uğurudur. O, Minsk qrupunun həmsədrlərinin əksər hallarda danışıqlara maneəyə çevrilən vasitəçilik xidmətlərindən asılı olmayaraq danışıqları ikitərəfli formata keçirdi. Aydındır ki, ilk növbədə söhbət N.Paşinyanla etimad münasibətlərinin qurulmasından gedir, bu cür daha asan danışıq aparmaq olurbunun üçün digər mühüm səbəblər var. Serj Sarkisyan və “Qarabağ klanı”nın digər nümayəndələrindən fərqli olaraq N.Paşinyan ünsiyyətə girirQarabağ problemini üçüncü tərəflərin iştirakı olmadan həll etməkdə maraqlıdır.

Nikol Paşinyan üçün ən ağrılı mövzu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətidir ki, bu da prinsipcə Qarabağ ermənilərinə Bakı tərəfindən özünüidarə hüququ və təhlükəsizlik təminatının, eləcə də digər geniş iqtisadi üstünlüklərin verilməsinə cavab olaraq reallaşdırıla bilər. Paşinyan hökumətinə öz hakimiyyətinin möhkəmləndirilməsi üçün Azərbaycan tərəfindən köməyə ehtiyac var. Bu, hərbi əməliyyatların bərpa olunmaması, nəqliyyat yollarının açılması barədə Azərbaycanın verəcəyi zəmanət, gələcəkdə isə Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqlardır”.

 

“Erməni liderə barışıq lazımdır”

Onun fikrincə, N.Paşinyanın rəhbərliyi altında Yerevan komandası başa düşür ki, “Qarabağ klanı” öz xeyri və ambisiyaları uğrunda üçüncü qüvvələrin - xarici diasporların yardımı ilə Ermənistanı "Qarabağ bataqlığı"na salıb və onu yalnız Azərbaycan xilas edə bilər: Müvafiq olaraq rəsmi Bakı və Yerevan münaqişənin mərhələli nizamlanmasına hansı formatda başlayacaqlarını müzakirə etməlidir. Əsas mövzu Azərbaycan tərəfinin iqtisadi güzəştlər yaratmasına cavab olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyüdür.

Hesab olunur ki, N.Paşinyan ağıllı rəhbərdir və erməni xalqını Ermənistanın əsas nailiyyətinə - Azərbaycanla barışığa hazır edə bilər. Qeyd etmək lazımdır ki, o, Qarabağ ideoloqu Zori Balayanın dostu, onun qədər xəstə təfəkkürə malik və ermənilərlə azərbaycanlıları genetik cəhətdən uyğun olmayan xalqlar adlandıran Robert Koçaryanı həbs etdirib. Bu siyasətçi istəmirdi, daha doğrusu, qəbul edə bilmirdi ki, azərbaycanlılar və ermənilər tam uyğundur və təkcə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, Niderland və digər ölkələrdə deyil, həm də Azərbaycanda birgə yaşayır.

Prezident İlham Əliyevin Nikol Paşinyanla Davos görüşü biz fikirləşdiyimizdən daha vacibdir. Qarabağ problemi ilə yanaşı, Davosda Ermənistanın gələcəyi məsələsi də həll olunur. Erməni liderə barışıq lazımdır və görüşlərin Azərbaycanın hərbi-siyasi və iqtisadi üstünlüyü şəraitində keçməsini nəzərə alsaq, onun üçün İlham Əliyevlə üz-üzə danışmaq daha asandır. Azərbaycan xalqı öz Prezidentinə güvənir və Yerevanın qonşusunun ərazi bütövlüyünü tanıyacağı təqdirdə əhalini sülh prosesinə hazırlamaq Bakı üçün çətin məsələ olmayacaq. Bugünkü Ermənistan-Azərbaycan qarşıdurmasının N.Paşinyan üçün təhlükəsi ondan ibarətdir ki, müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır”.

“Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi”

Yeri gəlmişkən, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov AZƏRTAC-a açıqlamasında Prezidentin Davosdakı çıxışına münasibət bildirib: Prezident İlham Əliyev iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsinin prioritet məsələ olduğunu bildirərək qeyd etdi ki, müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altına düşdü.

Dövlət başçısı diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə ərazi bütövlüyümüzün bərpa edilməsinin və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurludaha effektiv olmalıyıq və bu səbəbdən də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var: “Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq”. Torpaqlarımızın işğalını davam etdirən ölkənin bütün bunları qiymətləndirməli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq: “Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda, əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

Elçin Əhmədov qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır: “Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək deyib ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur. Bu baxımdan, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti dünyada aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamə qəbul etdiyini, lakin münaqişənin həllini tapmadığını, qətnamələrin icra olunmadığını diqqətə çatdıraraq bildirib ki, buna görə də biz beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda biz daha güclü olmalıyıq: “Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik”.

Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunduğunu, yeni münaqişə mənbələrinin, yeni risk mənbələrinin yarandığını qeyd edən dövlət başçısı bildirdi ki, əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Qonşularımızla münasibətlərin prioritet olduğunu bildirən dövlət başçısı, həmçinin qeyd etdi ki, dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.

Fuad Hüseynzadə

Palitra 2019.- 25 yanvar.- S. 11.