“Respublikamızda dəniz nəqliyyatının
inkişafına daha böyük
dəstək və qayğı göstərilir”
ADDA-nın müəllimi : “Dənizin həm strateji, həm
siyasi, həm də iqtisadi
cəhətdən həyatımızda rolu
çox böyükdür”
Çətin olanı bacarmaq onun həyat fəlsəfəsidir. Hədəf və məqsədə çatmaq üçün var gücü ilə çalışanlardandır. Bir vaxtlar dənizçi olmaq, bu peşənin öyrədəninə çevrilmək onun üçün xəyal idi. İndi isə o, nəinki sevimli peşəsinə yiyələnib, hətta yüksək mükafata – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Söhbət Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının müdiri Elşən Sultanovdan gedir.
Elşən Sultanov 1983-cü il sentyabrın 10-da Xaçmaz rayonunun Həbibkənd kəndində dünyaya göz açıb. 2000-ci ildə Yeni həyat qəsəbəsində N. İsayev adına orta məktəbin 11-ci sinfini bitirib. Elə həmin il Azərbaycan Dövlət Dəniz Akademiyasının «Gəmilərin elektrik avadanlıqları və avtomatikası» ixtisasına qəbul olub. 2004-cü ildə bakalavriat səviyyəsini başa vuraraq magistratura pilləsi üzrə təhsilini davam etdirib.
Elmə sonsuz
marağının ilk bəhrəsini
2012-ci ildə görüb. «Asinxron intiqallı gəmi yedək bucurğadının
avtomatik idarə sisteminin
işlənməsi və tədqiqi» mövzusunda
dissertasiyanı uğurla müdafiə edib. 2013-cü ildən texnika
üzrə fəlsəfə doktoru,
2016-cı ildən dosentdir. 24 elmi məqalənin, 15 fənn
proqramının, 3 məşğələ və 7 metodik göstərişin müəllifidir.
İki dərs vəsaiti və dörd dərslik çap
etdirib. Akademiyanın Tədris-Metodiki
şurasının elmi katibidir.
- Elşən
müəllim, karyeranıza qısa bir səyahət
edək? Nə vaxt və haradan başladınız?
- 2007-ci ilin oktyabrından 2008-ci ilin sentyabrınadək Azərbaycan Dövlət Dəniz Akademiyasında «Gəmi elektrik avadanlığı» kafedrasında
istehsalat təlimi üzrə usta, 2008-ci ilin sentyabrından həmin kafedrada laboratoriya müdiri, 2010-cu
ilin sentyabrından assistent, 2013-cü ilin oktyabrından «Gəmi elektrik avadanlığı»
kafedrasında baş müəllim, həmçinin
Elektromexanika və radioelektronika fakültəsinin
dekan əvəzi vəzifəsində çalışmışam.
2014-cü ilin sentyabrından 2015-ci ilin sentyabrınadək “Gəmi
elektrik avadanlığı”
kafedrasının müdiri
vəzifəsində fəaliyyət
göstərmişəm. Bir müddət “Gəmi elektrotexnikası” fakültəsinin
dekanı olmuşam.
Hazırda “Gəmi elektroavtomatikası kafedrası”nın müdiriyəm.
Bircə bunu deyə bilərəm ki, insan sevdiyi
işlə məşğul
olanda çətinlikləri
az hiss edir.
- Bu gün Azərbaycanda dənizçilik
təhsilinin vəziyyətini
necə qiymətləndirirsiniz?
Bu sahədə hansı üstünlüklərimiz
var?
- Azərbaycanda dənizçilik
təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Dövlət Dəniz Akademiyasının müstəqillik
dövründə yaranması
dənizçilik təhsilinin
inkişafının yeni
mərhələsinin başlanğıcı
oldu. Respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı
dənizçi kadrlar
hazırlayan ali
təhsil müəssisəsinin
əhəmiyyətini çox
gözəl bilən Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və
Nazirlər Kabinetinin
1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında
Azərbaycan Dövlət
Dəniz Akademiyası
yaradıldı. Hazırda Akademiyanın
diplomu dünyanın
170-dən çox ölkəsində
tanınır. ADDA dünyanın
11 ölkəsinin 18 universiteti
ilə ikitərəfli
əməkdaşlıq edən
ali təhsil
müəssisəsidir.
Gəmiçiliyin donanması müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın
tədris prosesi də yeni trenajorlarla
təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Tədrisin dünya
standartlarına cavab verməsi məqsədilə
Akademiyanın müasir
avadanlıq və trenajorlarla təchizatı
ardıcıl şəkildə
davam etdirilir.
Bir sıra
beynəlxalq dənizçilik
qurumlarının üzvü
olan və müvafiq sertifikatlara malik Azərbaycan Dövlət Dəniz Akademiyası ötən illərdə olduğu kimi, yeni tədris
ilində də bu istiqamətdə fəaliyyətini genişləndirir. Belə ki,
2018-ci ildən ADDA-da
“Dəniz naviqasiyası
mühəndisliyi” ixtisasında
ingilis dilində tədrisə başlanıb.
- Elşən müəllim, dəniz və dənizçiliyin günümüzdəki rolunu
necə qiymətləndirərdiniz?
- Dünyanın nəqliyyat
sektorunu dəniz sferası olmadan təsəvvür etmək
çətindir. Xəzərin qoynunda yerləşən Azərbaycanda da dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətini
saxlayıb. Müstəqillik qazanıldıqdan sonra, xüsusən son illərdə
respublikamızda dəniz
nəqliyyatının inkişafına
daha böyük dəstək və qayğı göstərilir.
Dənizin həm strateji,
həm siyasi, həm də iqtisadi cəhətdən həyatımızda rolu çox böyükdür.
- Tələbələrinizə
təhsildən əlavə
daha nələri məsləhət görürsünüz?
- Əlavə biliklərə
yiyələnsinlər, dənizçiliklə
bağlı ədəbiyyatla
maraqlansınlar, texnologiyanın
inkişaf etdiyi bir dövrdə internet vasitəsilə bu sahədə baş verən yenilikləri izləsinlər, idmanla məşğul olsunlar və dil öyrənsinlər.
– Rəhbəri olduğunuz kafedranın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
-“Gəmi elektroavtomatikası”
kafedrasında hazırda
7 dosent, 8 baş müəllim, 4 assitent və 1 köməkçi
tədris heyəti çalışır. Beş laboratoriya
otağı var. Bundan
başqa, bu yaxınlarda “Gəmilərin
elektrik avadanlığı”
adlı laboratoriya fəaliyyətə başlayıb.
Burada əksər fənlərin
laboratoriya işlərini
yerinə yetirmək mümkündür. Eyni zamanda
bir neçə ixtisas fənni həm də “Sabit Orucov” gəmisində
tədris edilir.
“Gəmi elektroavtomatikası”
kafedrasının əməkdaşları
ilə “Gəmi elektrik avadanlığının
texniki və iqtisadi göstəricilərinin
yüksəldilməsi” sahəsində
elmi tədqiqat işi aparmışıq
və mühüm nəticələr əldə
etmişik. Belə ki, vintinin addımı
tənzim olunan gəmilərdə sinxron generatorunun əvəzinə
asinxronlaşmış val generatoru tətbiq etməklə baş mühərrikin fırlanma tezliyini təxminən 30-40%-ə qədər
dəyişməsinin mümkün
olması, iqtisadi cəhətdən əlverişli
rejimdə işləməsi,
bununla da yanacaq və yağa 20%-ə kimi qənaət olunması tədqiq edilib. Tədqiqat işinin nəticəsində asinxronlaşdırılmış
sinxron val
generatorunu elektrik mühərriki kimi işə salan və onun asinxron,
eləcə də sinxron mühərrik kimi işləməsini təmin edən sxem işlənib, asinxronlaşdırılmış sinxron val generatorunda
yükün və fırlanma sürətinin
dəyişməsindən yaranan
keçid prosesinin işlənməsi və bu prosesin yaxşılaşdırılması
üçün təkliflər
hazırlanıb.
Hazırda kafedramızda mənim rəhbərliyim altında
gəmi köməkçi
mexanizmlərinin texniki
göstəricilərinin yüksəldilməsi
sahəsində tədqiqat
işləri davam etdirilir.
- Yəqin hələ də yüksək mükafatın
sevincini yaşayırsınız?
- Bəli, Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində dövlət
başçımızın Sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülməyim təkcə
məni yox, doğmalarımı,
tanışlarımı da çox sevindirdi. Buna görə möhtərəm Prezidentimizə
və ASCO-nun sədri Rauf
Vəliyevə dərin minnətdarlığımı bildirirəm.
Çalışacağam ki, etimadı əməli
işlərimlə doğruldum.
Tural Tağıyev
Palitra.-2019.-30 yanvar.-S.12.