Regionların inkişafında yeni mərhələ başlayır

Vüqar Bayramov: “Yeni dövlət proqramı regionlarda əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsinə imkan verəcək

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmişuğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan verib. Eyni zamanda bu, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarıb.

Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə Prezidentin fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edilib:Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün, ən azı, 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. "Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq, əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilib. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək”.

Mütəxəssislərimiz də ölkədə qəbul olunan dövlət proqramlarının regionların sosial-iqtisadi inkişafında müsbət rol oynadığını bildirirlər. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi regionların inkişafı baxımından yeni inkişaf mərhələsinin başlanması kimi xarakterizə olunmalıdır. O qeyd edib ki, əvvəlki dövlət proqramlarında regionlarının inkişaf etdirilməsi, regionlarla paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirdiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilərik. Onun sözlərinə görə, xüsusilə də son illər regionların inkişafı ilə bağlı aparılan siyasət regionların makroiqtisadi göstəricilərinin, bu isə, xüsusilə də qeyri-neft ixracatında payının artmasına gətirib çıxarıb. Ekspert bildirib ki, bu gün Azərbaycana daxil olan qeyri-neft sektorunda valyutanın əhəmiyyətli hissəsi regionların payına düşür: “Regionlar qeyri-neft ixracatının 60 faizinə qədərini formalaşdırır ki, bu da birbaşa regionların ixracatda payının yüksək olması anlamına gəlir. Eyni zamanda regionların inkişafı məşğulluq baxımından çox vacibdir. Məşğulluğun inkişaf etməsi, xüsusilə də yeni yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi birbaşa regionların inkişafı ilə bağlıdır. Belə ki, məşğul əhalinin 37.8 faizi regionlarda çalışır ki, bu da regionların məşğulluqda payını göstərən əsas göstəricilərdən biridir”. V. Bayramov vurğulayıb ki, yeni proqram regionlarda əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsinə imkan verəcək: “Bu, regionlara çoxlu sayda investisiyanın cəlb edilməsi mümkünlüyünü yaradacaq. Yeni proqram çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması nəzərdə tutulur. Bu rəqəmin daha böyük olacağı da güman olunur. Onun əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyini, xarici sərmayənin cəlb edilməsi imkanlarını nəzərə alsaq deyə bilərik ki, bütövlükdə növbəti illərdə regionlara 20 milyon manatdan artıq investisiyanın cəlb edilməsi mümkün ola biləcək. Cəlb ediləcək investisiyanın təxminən 5 milyon manatı özəl sektorun payına düşəcək. Güman olunur ki, o məbləğdə xarici investisiyanın növbəti 5 il ərzində cəlb edilməsi imkanları var. Bu isə o deməkdir ki, regionların inkişafı keyfiyyət baxımından yeni mərhələ qədəm qoyur”. Ekspertin sözlərinə görə, burada söhbət təkcə aqrar sektor deyil, eyni zamanda sənaye inkişafından gedir: “Sənayeləşmə, regionlarda innovativ məhsul istehsalına zəmin yaradır. Bu gün sənaye parklarının əhəmiyyətli hissəsini regionlarda formalaşıb ki, bu da sənayedə regionların payını növbəti 5 ildə artıracaq əsas faktorlardan biridir. Bu baxımdan növbəti 5 il regionların həm iqtisadi, həm istehsal baxımından xəritəsinin keyfiyyət olaraq dəyişməsi ilə yadda qala bilər. Bu, regionlarda ənənəvi kənd təsərrüfatı ilə yanaşı, sənaye məhsullarının genişlənməsi və nəticə etibarilə regionların həm ümumi daxili məhsul, həm də dövlət büdcəsindən gəlirlərinin formalaşmasında payının artmasına gətirib çıxara bilər”.

Nigar Abdullayeva

Palitra.-2019.-31 yanvar.-S.5.