“Nə üçün
Ermənistana qarşı bir münasibət
var, Azərbaycana, Türkiyəyə
qarşı başqa münasibət?”
Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa Şurasında hökm sürən ədalətsizlikləri və ikili standartları kəskin tənqid edib. Buna misal olaraq təşkilatın Ermənistana qarşı bir münasibət, Azərbaycana və Türkiyəyə qarşı isə başqa münasibət göstərdiyindən danışıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Avropa Şurasına olan ümidlərinin çoxdan itirdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”.
Bununla belə, siyasi məhbuslar olan ölkələrin diqqətdən kənarda qaldığını vurğulayan Prezident İlham Əliyev buna Ermənistanı misal gətirib: Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun.
Avropanın aparıcı paytaxtlarında insanların müntəzəm olaraq döyüldüyünü, əzildiyini, təhqir edildiyini, öldürüldüyünü və buna bənzər digər zorakılıq hallarını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu, demokratiya kimi qələmə verilir. “İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət edib
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət edib. İcmadan “Palitra”ya bildiriblər ki, müraciətdə deyilir: “Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq ölkəmizin seçki hüququna malik bütün vətəndaşları üçün səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb. Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək, öz təbliğat kampaniyasını aparır. Hər bir namizədin apardığı kampaniyanı sosial media vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.
Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarmızı işğal etməsi azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini də sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib.
Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 7 seçki dairəsinin ərazisi tamamilə, 3 seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Gennadi Petrika və Saymon Tiller aparıblar.
Ermənilərin daha bir təxribatının qarşısı alınıb
Polşada isə Ermənilərin daha bir təxribatının qarşısı alınıb. Belə ki, Azərbaycanın Polşadakı səfirliyinin əldə etdiyi məlumata əsasən, Varşava şəhərində “Tam-Cafe” adlanan turistlərin mühazirə mərkəzində fevralın 15-də Piotr adlı şəxs “Azərbaycan Ermənistan və Dağlıq Qarabağ” mövzusunda mühazirə oxumağı və iştirakçılar ilə müzakirə etməyi planlaşdırdığı məlum olub. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, səfirliyimiz tədbirin keçiriləcəyi “Tam-Cafe”nin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Məktuba cavab olaraq, “Tam-Cafe”nin rəhbərliyi tərəfindən tədbirin ləğv edildiyi bildirilib. Bununla ermənilərin ölkəmizə qarşı həyata keçirməyi planlaşdırdığı daha bir təxribatın qarşısı alınıb.
Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı səfirliyinin və soydaşlarımızın birgə təşəbbüsü ilə Ukraynada “Xocalı ayı” elan edilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək.
Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yürüşlər təşkil olunacaq, Xocalı soyqırımını əks etdirən fotoinformasiya bukletləri paylanılacaq, soyqırımı haqqında elmi-praktik seminarlar keçiriləcək.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 7 fevral.
S. 7.