Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib

 

Ukraynanın tanınmış telekanallarında Cocuq Mərcanlıdan hazırlanmış reportajlar yayımlanıb

 

“Son vaxtlar Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında bir-birinin ardınca intiharlar, yaxud əsgərlərin bir-birini güllələməsi halları baş verir. Bu faktlar Ermənistanda geniş ictimai rezonans doğurub, Paşinyan hökuməti orduda vəziyyəti düzəltmək iqtidarında olmamaqda günahlandırılır. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, orduda baş verən insidentlərin səbəbi cəmiyyətdə kriminal subkulturanın geniş yayılması, gənclərin “oğru qanunlarına” meyl etməsidir”

 

Ukraynanın daha bir tanınmış telekanalında Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən hazırlanmış xüsusi reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, 1+1 telekanalında yayımlanmış reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub. Süjetdə Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb. Xatırladaq ki, “UKRAYNA” telekanalında da Cocuq Mərcanlı kəndindən reportaj yayımlanıb. “UKRAYNA” telekanalında yayımlanmış “Öz torpağına qayıdış!” adlı reportajda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrdən müsahibə alıb. Jurnalist bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid də inşa olunub. Reportajda Cocuq Mərcanlıda yaradılan yüksək şərait xüsusi vurğulanır.

 

Milli Qəhrəman Namiq Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 27 il ötür

 

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Vətən sağ olsun” deyib canlarından keçdilər. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Milli Qəhrəman Namiq Vahid oğlu Abdullayevdir. Şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Namiq Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Fevral ayının 13-də Avşar kənd qəbiristanlığında dəfn edilib. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Milli Qəhrəmanın anım günü münasibətilə ailə üzvləri kənd qəbiristanlığına gedərək onun məzarı üzərinə tər qərənfillər qoyub, ruhuna dualar oxuyublar. İgid döyüşçünün adını daşıyan Avşar kənd tam orta məktəbindəki büstü də ziyarət edilib.

 

İki erməni hərbçisi Qarabağda özlərini öldürüblər

 

Ermənistanın İstintaq Komitəsi işğal edilmiş Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi birləşmələrinin iki hərbçisinin ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, həqiqi hərbi xidmətə çağırılmış Tiqran Manvelyanın və Tiqran Mxoyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Hər iki hərbi qulluqçu baş nahiyələrindən güllə yarası alıb, hər ikisi hospitala aparılarkən yolda ölüb. Cinayət işi təhdid, qəddar rəftar və insan ləyaqətinin periodik olaraq alçaldılması yolu ilə intihara məcbur etmə maddəsi ilə qaldırılıb. Xatırladaq ki, erməni hərbçiləri Qarabağda müxtəlif hərbi hissələrin məsuliyyət zonasında olan postlarda özlərini öldürüb. İnsidentlərdən biri təmas xəttinin Füzuli-Xocavənd istiqamətində, digəri şimal-şərq istiqamətində baş verib. Təxminən saat 11.30-da sıravi Tiqran Manvelyan postda gülləni başına sıxıb. Saat 13.00 radələrində isə kiçik leytenant Tiqran Mxoyan intihar edib. Son vaxtlar Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında bir-birinin ardınca intiharlar, yaxud əsgərlərin bir-birini güllələməsi halları baş verir. Bu faktlar Ermənistanda geniş ictimai rezonans doğurub, Paşinyan hökuməti orduda vəziyyəti düzəltmək iqtidarında olmamaqda günahlandırılır. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, orduda baş verən insidentlərin səbəbi cəmiyyətdə kriminal subkulturanın geniş yayılması, gənclərin “oğru qanunlarına” meyl etməsidir.

 

 

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Göründüyü kimi Ermənistan tərəfi atəşkəsi pozmaqla konstruktiv mövqedən uzaq olduğunu ortaya qoyur. Elə bir neçə gün əvvəl Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) “Sarıbekyan və Balayan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına dair münasibət onların əsl mahiyyətini ortaya qoyur. Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi Prokurorluğunda cinayət işi açılıb. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırımı kimi tanınır. Ermənistanın təcavüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

 

 

A.Miriyev

Palitra.- 2020.- 14 fevral.- S.8.