Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Hər anımız Vətən! – desin!” adlı sərginın açılışı olub.

Sərgidə Azərbaycan, ölkəmizin Qarabağ diyarı, bu bölgənin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl və sonrakı vəziyyətə dair fotoşəkillər nümayiş etdirilib, Qarabağa, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan, Özbək və rus dillərində kitablar, jurnallar və digər nəşrlər sərgilənib.

Qeyd edək ki, tədbirdə Daşkənddəki orta məktəblərin çoxsaylı müəllim və şagird heyəti, ali məktəblərin təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilk öncə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər haqqında danışıb.

Diplomat hər bir insan qəlbində torpaqyurd sevgisinin ən böyük sevgi olduğunu söyləyərək, gələcək nəsillərə Vətənə məhəbbət və sədaqətin aşılanmasının vacib olduğunu bildirib.

Samir Abbasov Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarı, onun tarixi, adət-ənənələri, bugünki vəziyyəti haqqında məlumat verib. Min illərdir ulu əcdadlarımızın bu torpaqda yaşayıb, böyük tarix və mədəniyyət yaratdığını qeyd edən Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhvələrdən danışıb, böyük bir tarixin, mədəniyyətin saxtalaşdırılmasının, dağıdılmasının yolverilməz olduğunu vurğulayıb. O, il ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində çoxsaylı tədbirlərin reallaşdırılacağını bildirib.

Özbəkistanın Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin təmsilçisi, pedaqoq Şaxnoza Nurbekova, Qadın və uşaq Komitəsinin eksperti, pedaqoq Rano Kadırova Özbəkistan-Azərbaycan dostluğu, vətənə və torpağa məhəbbət, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, Azərbaycan mədəniyyətinin incisi - Şuşa, dahi Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül kimi şəxsiyyətlərin bütün dünyada tanınıldıqlarını və sevildiklərini qeyd ediblər.

Natiqlər vətənə məhəbbətin bütün hisslərin ən ülvisi, ən müqəddəsi və ən gözəli olduğunu qeyd edərək, əsl vətəndaş üçün torpağın, ana yurdun müqəddəs olduğunu söyləyiblər.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanmış eyni adlı sayt təqdim edilib, uşaq və yeniyetmələr üçün dünyanın müxtəlif muzeylərində Azərbaycanın Qarabağ diyarına dair saxlanılan maraqlı, tarixi eksponatlarla, xalçalarla, geyimlərlə tanışlıq məqsədi ilə virtual tur keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağa dair rəqslər ifa etmiş, çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Bununla da Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı

layihəyə start verilib.

Qeyd edək ki, layihə çərçivəsində “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsi və sərgisi, habelə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsinin keçirilməsini nəzərdə tutulub.

Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların nəşrini planlaşdırır.

Bundan başqa, sözügedən mövzuda tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində Özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrla hazırlanması, habelə qardaş ölkədə Qarabağa həsr olunmuş konsertlərin, muğam gecələrinin təşkili nəzərdə tutulub.

“Xocalı ayı” çərçivəsində Lvovda konfrans keçirilib

 

Qeyd edək ki, Ukraynada elan olunan “Xocalı ayı”na bu ölkənin Daxili İşlər Nazirliyinin Lvov Dövlət Daxili İşlər Universitetində start verilib. AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı ilə bağlı “Bizi eşidin! Dünya uşaqları sülh yolunda!” mövzusunda keçirilən konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Universitetin rektoru, hüquq elmləri namizədi Roman Blaquta, Lvov Vilayət Administrasiyasının Millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, tanınmış ictimai-siyasi xadimlər, diaspor fəalları, Krım tatarları icmasının üzvləri, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər. Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Gənclər Departamentinin birgə təşkilatçılığı və təşəbbüsü ilə keçirilən konfransda çıxış edən rektor R.Blaqut bildirib ki, insanlığa və bəşəriyyətə qarşı törədilən cinayətlərə ədalətli hüquqi qiymət verilməlidir. Müharibələrdə ən çox ziyan çəkən uşaqlar olur. Bütün bəşəriyyət sülhə nail olmalıdır. Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciə olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev qeyd edib: “İkinci Dünya müharibəsindən sonra bəşəriyyət elə düşünürdü ki, artıq insanlar sülh şəraitində yaşayacaqlar. Ancaq bu, belə olmadı. Bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində Xocalı soyqırımına dair həqiqətlər bütün dünya ictimaiyyətinə çatdırılıb. Ermənilərin işğalçı, terrorçu əməlləri ifşa olunub”. Diplomat vurğulayıb ki, ən dəhşətlisi, bəzi dövlətlərin Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı faktını etiraf etməsinə baxmayaraq, ikili siyasət yürütməsidir. 1992-ci ildə Xocalı soyqırımı törədilən zaman dünya birliyi düzgün hüquqi qiymət versəydi, bu gün Ukrayna və digər ölkələrdə yeni münaqişə zonaları yaranmazdı. Sonra çıxış edən Lvov Vilayət Administrasiyasının Millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Gənclər Departamentin sədri Şəhriyar Məhərrəmov, Ukrayna Azərbaycanlılar radasının katibi Xəyyam Həqiqətoğlu Xocalı soyqırımının təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədildiyini bildiriblər. Qeyd ediblər ki, Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Çıxışlardan sonra Azərbaycanda və Ukraynada müharibə zamanı həlak olanların xatirəsinə şamlar yandırılıb, səmaya şarlarsülh rəmzi olan göyərçinlər buraxılıb.

 

Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir

Bu arada onu da bildirək ki, Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş almaniyalı diplomat Volf-Ruthart Born AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır. Volf-Ruthart Born BMT-nin işğal faktını təsdiq edən və həmin ərazilərin geri qaytarılmasını tələb edən qətnamələrinin qeyd-şərtsiz icrasının vacibliyini bildirib. Almaniyalı diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsini arzuladığını söyləyib. Volf-Ruthart Born Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş insanların səs verdikləri məntəqələrdə də müşahidə apardığını, onlarla söhbət etmək imkanı əldə etdiyini vurğulayıb.

 

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 14 fevral.- S.11.