Azərbaycan alimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

 

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfrans keçirilib.

 

Konfransa Özbəkistanla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən də alimlər qatılıblar.

 

Tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

 

Universitetin rektoru, professor Şuxrat Sirociddinov konfransı açaraq böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığı haqqında məlumat verib, onun ölməz əsərlərinin məziyyətlərindən danışıb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Əlişir Nəvainin əsərlərinin Azərbaycanda sevildiyini, vaxtaşırı çap edildiyini diqqətə çatdırıb. O, Nəvainin Azərbaycan şairi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı hesab etdiyini bildirib.

 

“Əlişir Nəvainin “Xəmsə”si ana dilimizdə” mövzusunda məruzə ilə çıxış edən Ramiz Əsgər ədibin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsi işindən danışıb, bu böyük şairin əsərlərinin təkcə türk dillərinə deyil, dünyanın bütün dillərinə tərcüməsinin zəruriliyini vurğulayıb. Alim bildirib ki, iki il əvvəl Nəvai şəhərində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda ona Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib.

 

Konfransda filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Əlişir Nəvainin “Mühakimatül-lüğəteyn” əsərinin türk dilinə təsiri” mövzusunda çıxışı maraqla qarşılanıb.

 

Professorlar Naim Kərimov, İbrahim Xaqqul, Nurbay Jabborov və başqaları da çıxışlarında Əlişir Nəvainin zəngin ədəbi və siyasi irsindən bəhs ediblər.

 

 

Tural

Palitra.- 2020.- 11 fevral. S. 13.